Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində qalmaqal bitmir. Ötən dəfə valideyn Elşən Abdulovun ibtidai sinif müəllimi Xatirə Əhmədovaya yaratdığı problemdən dolayı məktəbə qəfil olunan basqından və şagirdlərin qorxub ağladığını xəbər vermişdik. Həmçinin olayı əks etdirən video paylaşmışdıq.
Bu dəfə isə həmin videonu lentə aldığı üçün töhmət cəzası alan məktəbin digər ibtidai sinif müəllimi Səkinə Hüseynova xəstəxanalıq olub. Səbəb məktəb direktoru Ülkər Quliyevanın təkidi və israrı ilə Səkinə Hüseynovaya verilən töhmət ərizəsinə kollektivin imza atması olub.
İmza azmayan müəllimlərə və onların ailələrinə isə basqı edib.
Qeyd edək ki, ərizədə müəllimin qeyri-etik hərəkət etdiyinə görə töhmət aldığı vurğulanıb.
Bundan xəbər tutan Səkinə Hüseynova bərk əsəbləşib və səhhəti pisləşib. Durumu kritikləşən müəllim təcili tibbi yardımla Kürdəmir Rayon xəstəxanasına çatdırılıb. Hazırda yatızdırılaraq müalicəsinə başlanıb.
Bizim.Media-ya bu barədə bir neçə kənd sakini və valideyn müraciət edib. Dediklərinə görə illərdir ki, E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində qalmaqal, insident və mübahisələr bitmir. Üstəlik xoşagəlməz olayların hamısı şagidlərin gözləri qarşısında baş verir.
Valideyn Aydın Məmmədov Səkinə Hüseynovanın 4 ildir ki, nəvəsinə dərs dediyini, ondan hər hansı narazılığı olmadığını deyib:
“Nümunəvi, savadlı və yaxşı müəllimədir. Ona olunan haqısızlıqla barışa bilmirik. İllərdir bu məktəbdə qalmaqaldır. Özü də hər bir baş verənlərə uşaqlarımız şahidlik edir. Müəllimə imkan vermirlər dərsini keçsin. Bu nə deməkdir? Tədrisin yiyəsi hara baxır? Niyə məktəb direktoruna bir “dur” deyən yoxdur? Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədovun yanında 3 dəfə, əməkdaşı Elçin Kərimovun yanında isə bir dəfə olmuşam ki, müəllimdən nə istəyirlər?
Adam dərsini keçir, şərəfi, bacarığı yerindədir, niyə ona problem yaradılır? Direktor 20-yə yaxın qohumunu məktəbə yığıb, gəlmə müəllimləri sıxışdırır, təhqir edir, işindən bezdirir və haqsız yerə cəzalandırır. Müəllimənin səhhətinə görə çox narahatıq, ölçü götürülməsini istəyirik”.
Digər valideyn Cəfər Qurbanov da eynilə Səkinə Hüseynovaya qarşı olunan ittihamların əsassız olduğunu bildirib:
“Vallah biabırçılıqdır. Evdə uşaq dərsdən çox qalmaqaldan danışır. Bu olayların nə əvvəli var, nə axırı... Nə Xatirə Əhmədovaya, nə də Səkinə Hüseynovaya işləməyə imkan verilmir. Səkinə Hüseynova 6 ildir məktəbdə çalışır və imtahanlarda yüksək nəticə göstərdiyinə görə direktor tərəfindən gözüm çıxdıya salınır. Ülkər Quliyeva elə hesab edir ki, Səkinə Hüseynova onun yerinə keçməyə iddialıdır. Hətta kənddə müəllimə qarşı təbliğat da başlayıb. Dəfələrlə Təhsil Şöbəsində olmuşuq, heç bir tədbir görülmür. Bu qalmaqal nə vaxtadək davam edəcək?
Məktəbdə nizam-intizam yaratmaq çox çətindir ki?”, - deyə valideyn baş verən çəkişmələrdən təngə gəldiyini bildirib.
Adının çəkilməsini istəməyən başqa bir valideyn isə şok açıqlama ilə çıxış edib. O, deyib ki, hazırda məktəbdə baş verən bütün proseslərə Ülkər Quliyevanın həyat yoldaşı Anar Quliyev müdaxilə edir. Hansı Ülkər Quliyevadan əvvəl həmin məktəbdə o direktor olub:
“Gəlib arvadının yerində oturur və məktəbi idarə edir. Ər-arvadın özbaşınalıqlarından yorulmuşuq. Səkinə Hüseynova bütün sinfə müəllimədən çox analıq edib. Uşaqlarımıza təmənnasız hazırlıq keçir. Sinfin yarısından çoxu qabaqcıldır, serifikatları və dipomları var. Özü nümunəvi müəllimlərdəndir. Subay qadın olduğu üçün şərlənir, təhqir olunur. Aprel ayından biz valideynlər sürünürük. Hamı ayağa qalxıb. Ülkər xanım isə “burda ağa mənəm” deyir. Dəfələrlə şikayətə getmişik, valideynlərin heç birini saymır. Deyir “həbsxanada tanışım var, istədiyim vaxt Səkinəni öldürtdürərəm”. Bizə elə direktor lazım deyil. Səkinə müəllimənin əsəbdən ürəyi gedib və başı partaya dəyib. Biz valideynlər tökülüşüb ona yardım etmişik və xəstəxanaya aparmışıq. Yenə də direktor yaxın durmayıb. Niyə 3-cü saatda məktəbdə qırğın düşməlidir, uşağım çıxıb gəlməlidir? Nə qədər olar? Mən istəyirəm uşağım təhlükəsiz və yaxşı təhsil alsın. Elm və Təhsil Nazirliyi niyə ölçü götürmür? Bura başqa direktor təyin etmək belə çətindir?"
Xatırladaq ki, Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbin ikinci sinif şagirdi Ayxan Abdulovun atası Elşən Abdulov ibtidai sinif müəllimi Xatirə Əhmədovaya 3 ildir problem yaşadır. Oğlu ilə prinsip apardığını və sinifdə ayrıseçkilik edərək ona dərs öyrətmədiyini iddia edərək, təzyiq və təhdidlər edir.
Ən son isə Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndəsi, atası və “press” geyimində “jurnalist”lə birgə məktəbə basqın edərək Xatirə Əhmədovanı dərsdən çıxarmışdı. Həmin olaydan qorxan şagirdlər ağlayaraq, müəllimələrinin polis tərəfindən aparıldığını zənn etmişdilər.
Aidiyyəti qurumlar məsələyə mövqe bildirsələr də, problem yoluna qoyulmayıb. Əksinə sözügedən təhsil ocağında daha bir olay yaşanıb.
Bizim.Media