Axtarış...

"Hər uşağa görə onu hazırlaşdıran müəllim direktora 20 manat “haqq” verməlidir" - ibtidai sinif müəllimindən ŞOK İTTİHAMLAR

"Hər uşağa görə onu hazırlaşdıran müəllim direktora 20 manat “haqq” verməlidir" - ibtidai sinif müəllimindən ŞOK İTTİHAMLAR

Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 189-190 nömrəli məktəbdə ibtidai sinif müəllimliyi edən Səyyarə Əliyeva (60) həmin məktəbin direktoru Ceyran Quliyeva barəsində saytımıza şikayət ünvanlayıb.

Bu barədə Axar.az-a danışan S.Əliyeva direktorun onu əsassız yerə işdən çıxardığını deyib.

S.Əliyeva məktəb direktorunun hər vasitə ilə ona təzyiq göstərdiyini bildirib:

“Bakı Dövlət Universitetini bitimişəm. 1992-ci il ildən 2018-ci il mayın 2-nə qədər 189-190 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləmişəm. 2018-ci ildə valideyn sinifdə öz uşağını döyüb, iki gün sonra gətirib ki, müəllimə mənim uşağımı döyüb. Kamera görüntülərinə baxanda da məlum oldu ki, burada mənim heç bir təqsirim yoxdur.

Neçə il orada işləmişəm, ancaq bir dəfə də olsun şagirdlərim və onların valideynləri ilə aramda problem yaranmayıb. Valideynləri dəfələrlə mənə razılıq ediblər.

Direktor bütün müəllimlərə tapşırmışdı ki, məni müdafiə etməsinlər. Bildiyim qədərilə Ceyran xanım müəllimlərə deyib ki, məni müdafiə etsələr, bu, nazirin xoşuna gəlməz.

Direktor qanunsuz olaraq məni işimdən uzaqlaşdırıb, xəbərdarlıq etməyib, töhmət verməyib. 30 ilimi heçə verən bu direktorun cəzalandırılmasını və müəllim fəaliyyətimin bərpa edilməsini istəyirəm. Direktor deyir ki, sən mənə qalib gələ bilməzsən, çünki mənim arxamda dayanan şəxslər var.

Həmin problemlərdən sonra məni işə qaytarmaq cəhdləri olub, lakin Ceyran xanım “Məktəblinin dostu” adıyla haqqımda ittihamlar yazaraq, nazirliyə göndərib.

Onun taktikası müəllimləri sıxışdırıb pul almaqdır. Ötən il sözügedən hadisələrdən sonra direktoru məhkəməyə vermişəm. Hazırda proses davam edir. Öz haqqımı tələb edirəm”.

S.Əliyeva C.Quliyevanın müəllimlərdən və şagirdlərdən qanunsuz pul yığdığını söyləyib:

“Bu xanım əvvəllər 6 nömrəli məktəbdə direktor işləyib. Daha sonra rüşvətə görə ordan uzaqlaşdırılıb. O direktor rüşvətxordur. Bütün müəllimlər ondan qorxur. Bir qaçqın ailəsinin 11-ci sinifdə oxuyan övladını dərslərin bitməsinə iki ay qalmış məktəbdən uzaqlaşdırıb ki, qiyməti üçdür. Valideynlərinə xəbər göndərmişdi ki, gəlin sənədlərinizi götürün. Heç belə də şey olar? Bütün şagirdlər axı eyni səviyyədə oxuya, qavraya bilməz. Lazım olsa, həmin şagirdi də tapıb gətirə bilərəm.

Məktəbin direktoru müəllimləri məcbur edir ki, uşaqlara fondpulu gətirmələrini tapşırsınlar. Müəllimlər də uşağın əlinin üstünə “25 manat” yazıb evə göndərir.

Bütün müəllimləri sıxışdırır, sinifləri bağlayır. Böyük summativlər üçün nə qədər pul yığılır. Mən məktəbdən çıxarılandan sonra müəllim yoldaşlarım və şagirdlərim tərəfimi saxladılar, müdirə etiraz etmək istədilər. Mən razı olmadım.

Məktəbdə baş verən hadisələr bununla bitmir. Şagirdlər arasında əxlaqazidd davranışa yol verənlər var. Dəfələrlə direktora dedim ki, ayaqyolunda bir nəfər uşaqlara nəzarət etsin, yoxsa biabırçı hadisələr baş verə bilər. Müəllimlər də vəziyyətdən xəbərdardırlar.

Məktəbdə hansı uşaq hazırlıqda oturursa, hər uşağa görə onu hazırlaşdıran müəllim direktora 20 manat “haqq” verməlidir. Direktorun müavini gəlib sinifləri yoxlayır və gedib direktora məlumat verir ki, orada bir uşaq artıq oturub, amma müəllim pulu sizə az verir. Birinci sinif götürən müəllim 2000 manat “şirinlik” verir.

İstəyirəm ki, o məktəbə qayıtmasam da, müəllimlərin canı qurtarsın”.

S.Əliyeva saytımıza valideynlərlə söhbəti zamanı qeydə alınmış səsyazısı da təqdim edib. Səsyazısında valideyin övladının məktəbə qeydiyyata alınması üçün direktora 500 manat pul verdiyini etiraf edib.

S.Əliyeva bundan əvvəl də mətbuatda C.Quliyeva barəsində şikayət xarakterli yazıların yayımlandığını bildirib.

Qeyd edək ki, sözügedən şikayətlə əlaqədar məktəbin direktoru C.Quliyevanın mövqeyini öyrənmək üçün əlaqə saxlasaq da, o, açıqlama verməkdən imtina etdi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz