“Məktəblərdə direktorlar tərəfindən qanunsuz olaraq attestatlar verilməsi halları mövcuddur”.
Bu sözləri Lent.az -ın suallarını cavablayan təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, mükəmməl təhsil sisteminə malik olmaq dövlətin gələcəyi və müstəqilliyinin mühüm şərtidir:
“Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir.
İlk növbədə direktor bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, direktorluq adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir. Təəssüflər olsun ki, məktəb direktorlarının başı şagirdlərdən bu və ya digər yollarla pul yığmağa qarışdığı üçün məktəbdə təhlükəsizlik qaydalarına nəzarət etmirlər”.
Ekspert qeyd edib ki, bu gün orta məktəblərdə buraxılış və qəbul imtahanlarının nəticəsi təhsil nazirliyinin və orta məktəblərin nəticəsi deyil, bu repetitorların və hazırlıq kurslarının nəticəsidir:
“Direktorların üzərinə orta məktəblərdə təhlükəsiz tərbiyə vermək düşür ki, onlar onun da öhdəsindən gələ bilmirlər. Kollektivin təqdiri və məzəmməti, sağlam tənqid şəxsiyyətin inkişafına təsir edir, qüsurların aradan qaldırılmasına səbəb olur. Odur ki, müəllim və tərbiyəçilər şagird şəxsiyyətinin formalaşmasında kollektivin imkanlarından istifadə etməyə çalışmalıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur”.
K.Əsədov deyib ki, son dövrlərdə təyin olunan bəzi direktorlar məktəbə nəzarət edə, şagirdlər arasındakı münasibətləri tənzimləyə bilmir:
“Valideynlər mütəmadi olaraq məktəb rəhbərliyinə neqativ hallarla bağlı müraciət etsələr də, onların şikayətləri təmin olunmur.
Xüsusi ilə qeyd edim ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın parlaq gələcəyinə hesablanıb. Amma öz maraqlarını dövlət maraqlarından üstün tutan bəzi məktəb direktorları, direktor müavinləri, təhsili idarə etmə orqanlarında çalışanlar islahatlara xələl gətirir.
Biz artıq təhsildə islahatların 3-cü mərhələsindəyik. Birincidə nəzəriyyəni formalaşdırma idisə, ikincidə təhsil qanunvericiliyinin formalaşdırılması prosesi həyata keçirildi. İndi isə, 3-cü – kadr potensialını gücləndirmə mərhələsi başlayıb. Sistem öz artıqlarından azad olacaq. Bundan sonra aparılan islahatlara kölgə salanlar, təhsilə, müəllim adına xələl gətirənlər bu sistemdən uzaqlaşdırılacaq.
Təkcə son bir neçə ay ərzində Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynova işdən azad edilib, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, Sumqayıt şəhəri 8 nömrəli tam orta məktəbin direktor müavini Nənəxanım Əliyeva tutduğu vəzifədən azad edilib, 193 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımovaya töhmət, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayevaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bunlar artıq sistemdə sağlamlaşdırılma mərhələsinin başladığını göstərir”.
Qeyd edək ki, dünən Təhsil Nazirliyi valideynlərin və müəllim kollektivinin şikayəti əsasında 323 nömrəli tam orta məktəbin direktoru ilə bağlı yerində araşdırma aparılıb. Araşdırma nəticəsində direktor Günay Rüstəmovanın məktəbdə təlim-tərbiyə prosesinin təşkil etməsi və həyata keçirməsinin keyfiyyətsiz olması, şagirdlərin yekun nəticələrində düzəlişlər edilməsi, təlim nailiyyətləri kifayət etməyən bəzi şagirdlərə qanunsuz olaraq ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi, həmçinin “Xüsusi hallar barədə” əmrin və “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” təlimatın tələblərinin pozulması müəyyən edilib.
Müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, öhdəlik və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə məktəbin direktoru Günay Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Xatırladaq ki, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib.