Telejurnalist, hazırda informasiya portallarından birinin əməkdaşı Elmir Muradovdan şikayət daxil olub.
Millitv.az -ın məlumatına görə, KONKRET.az-a müraciət edən jurnalist bildirib ki, ölkə yenilənir, amma “Aztelekom” hələ də köhnə ənənələrlə işləyir:
“Şəhər telefonumuzun balansında 11 manat pul qalıb, internet xətti isə borca görə bağlanıb. ATS-ə zəng etmişəm ki, 11 manatı internetin balansına keçirin ki, 7 manat da ödəyim internet açılsın. ATS-dəki xanım işçi aparatın digər tərəfində nəsə yeyə-yeyə, marçıldada-marçıldada, kobud formada qayıdır ki, sistem bunu bu gün etməyə imkan vermir, yalnız 1-ci günə kimi etmək mümkün olacaq. Etiraz edirəm, səbəbini soruşuram, yenə kobud formada deyir ki, “a kişi bilirsən nə var, sözün varsa get müdiriyyətə denən”. Bir sözlə xidmət sıfır, işçilərin mədəniyyəti isə sıfırdan da aşağı”.
Lakin bu hələ son deyil. “Aztelekom”dan jurnalistə bildiriblər ki, 11 manat balansı internet xəttinə köçürmək üçün nömrə sahibi şəxsiyyət vəsiqəsi ilə aidiyyatı üzrə telefon qovşağına yaxınlaşmalıdır. Pul yalnız bu halda köçürülə bilər:
“Təsəvvür edin 11 manata görə abonent işini-gücünü atmalı, minimum 2 manat da nəqliyyat pulu xərcləməli və qovşağa getməlidir. Bu nə xidmətdir, bu nə vətəndaşa qulluqdur, avropalılar, amerikalılar Marsda yeni həyat qurur, su axtarır, yeni kəşflər edir, bizsə hələ də bürokratik əngəllərin burulğanında boğuluruq. Nə vaxt bitəcək belə bürokratik əngəllər, nə vaxt bizim dövlət qurumlarının xidmətindən ürəyimiz açılacaq, bitməyəcəkmi “qara günlərimiz?!”, – deyə jurnalist şikayətlənib.