“İndiyədək də ölkəmizdə internet istifadəçisi xidmət aldığı internet provayderi və aldığı sürətləri onlayn mühitdə dəyişə bilmir.
Hansısa müddətdə internet sürətini artırmaq, hansısa müddətə xidməti ümumiyyətlə, bağlamaq və aktiv etmək imkanları məhduddur”.
Cebhe.info xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz feysbuk səhifəsində yazıb.
O bildirib ki, provayderlərin vahid reyestri və onların əhatə dairəsi ilə bağlı vahid bir məlumat mərkəzi formalaşmayıb:
“Ötən həftə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) provayderlərlə keçirilən görüşdə məlumat verildi ki, NRYTN bir neçə il öncə gündəmə gələn “ASANnet” xidmətini reallaşdırmaq niyyətindədir.Bu məqsədlə “ASANnet” informasiya sisteminin və vahid xidmət portalının yaradılması nəzərdə tutulub.Hazırda ilkin mərhələdə dövlət provayderləri olan “Baktelecom” və “Aztelekom” müştəriləri üçün belə bir xidmətin hazırlanmasına artıq start verilib.Məlum olduğu kimi, yaxın müddətdə “Baktelecom” və “Aztelekom”un birləşdirilməsi, ölkə üzrə vahid dövlət telekommunikasiya operatorunun da yaradılması nəzərdə tutulub.
Bununla da, güman etmək olar ki, NRYTN ilkin mərhələdə məhz ölkə üzrə bu operatorun müştəriləri üçün vahid bir “ASANnet” xidməti formalaşdıracaq.Növbəti mərhələdə bütün provayderlərin müştəriləri üçün “ASANnet” xidmətinin yaradılması nəzrəd tutulub.Bu xidmət, vahid portalda hər bir müştəri üçün şəxsi kabinetin yaradılması və provayderin, internet xidmətinin, İPTV və s. xidmətlərin buradan idarə edilməsini nəzərdə tutur. Şəxsi kabinetə malik olan istifadəçi bu xidmət vasitəsilə istənilən an bu xidmətə qoşulan provayderini dəyişə, internet sürətini seçə və dəyişiklik edə biləcək”.