Səni aparmağa gəlirlər, Siraqəddin Cabbarov, hazır ol... Bir müddət əvvəl ölkə mediasında icra başçılarından birinin, deyilənlərə görə, Sabirabadın icra başçısı Siraqəddin Cabbarovun bir xanıma milyonluq villa bağışlaması ilə bağlı müzakirələr getdi. Hətta müzakirələrə qatılan tanınmış alim, Əməkdar müəllim Rəşid Mahmudov öz çıxışında maraqlı məqamlara toxundu. Və dedi ki, görəsən, icra başçısı niyə öz həyat yoldaşına deyil, yad bir xanıma milyon dəyərində villa bağışlayır..? Görəsən icra başçısı bu milyonları haradan qazanıb..? Ən dəhşətlisi isə odur ki, yad bir xanıma milyonluq villa bağışlayan icra başçısı Siraqəddin Cabbarov müzakirələrdən bir müddət qabaq Qarabağ qazisi Elvin Cabbarovu günlərlə qəbul etmədiyi üçün qazi özünü yandırarq ölmüşdür. Bax həmin vaxtlar haqlı olaraq vətəndaşlar soruşurdu ki, bir gözəlçəyə villa hədiyyə edən Siraqəddin Cabbarov Qarabağ qazisinin ailəsini niyə qəbul etmək istəmir ? Qazilər yazır ki, bu adam niyə bizə bu qədər nifrət edir ? Bəlkə qohumlarını öldürmüşük..?
Təsəvvür edirsiniz Qarabağ uğrunda canından keçən qazini qəbul etməyən məmur hansısa təsadüfi qadına villa hədiyyə edir. Sözün düzü, bu milyonluq villa söhbəti diqqətimizi cəlb etdi. Və Siraqəddin Cabbarovun ömür yoluna, yəni tərcümeyi-halına nəzər salmalı olduq. Deməli, Siraqəddin Cabbarov düz 19 il Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmışdır. Aha, deyəsən hədəfə yaxınlaşırıq. Bəli, böyük bir rayonda mənzil bölgüsünə baxan adam üçün hansısa qadına mənzil, ev, yaxud villa bağışlamaq nə çətin məsələdir..? Adam mənzil növbəsinə durmaq üçün Siraqəddin müəllimi “görməli”, sonra növbədə “qabağa düşmək” üçün onun təzədən “görməli”, mənzili alanda isə əməlli-başlı “görməli”dir. Təsəvvür edirsiniz, dövlət vəsaiti ilə başa gələn mənzili vətəndaşa, şəhid ailəsinə, qaziyə vermək üçün Siraqəddin Cabbarov nələr pul almayıb. Bəli, Siraqəddin Cabbarov Binəqədidə icra başçısının müavini olanda təkcə kimlərəsə villa hədiyyə etməyib, həm də rayon ərazisindəki avtobus marşrutlarının satılmasına da “xozeynlik” edib, hətta özünün də xeyli sayda avtobus marşrutu olub. İndi bildinizmi, hansısa gözəlçəyə villa bağışlamaq söhbəti havadan düşməyib. Düzdür, biz əlimizdə fakt olmadığı üçün qəti söz demirik.
Amma... Əmması odur ki, əlahəzrət məntiq deyir ki, bu boyda pulların qarşısında bir villa bağışlamaq, dənizdən bir damcı götürmək kimidir. Ən maraqlısı odur ki, cənab icra başçısı bu boyda ittihamlara qarşı səsini də çıxartmır. Deməli susursa...
Bəli, Binəqədidə mənzilləri, avtobus marşrutlarını sata-sata Siraqəddin Cabbarov günün birində, daha dəqiq desək, 2008-ci ildə Saatlının icra başçısı olub. Bəli, əslən İmişlidən olan Siraqəddin Cabbarov o zamankı PA-nın rəhbəri Ramiz Mehdiyevin kürəkəni, anası İmişlidən olan deputat İlham Əliyevin qohumudur.
Yəni Siraqəddin Cabbarov birbaşa Ramiz Mehdiyevin kadrıdır. Siraqəddin Cabbarov təkcə Ramiz Mehdiyevin kürəkəni ilə deyil, həm də o zamankı bəzi vəzifə sahibləri ilə də çox yaxın münasibətdə olub.
Bu hələ harasıdır ?
Qarabağ qazisi, bütün ölkəyə müraciət edir ki, icra başçısı Siraqəddin Cabbarov məni döydü...məni intihar həddinə çatdırdı... Siraqəddin Cabbarov dövlət başçısının Saatlıya ayırdığı 10 milyonları mənimsəyib. Dövlətin 350 imkansız şəxsə ayırdığı maaş kartları kimlərin cibindən çıxıb..? Siraqəddin Cabbarov iki ildir ki, Saatlıdakı əməllərini Sabirabad sakinlərinin başına açır. Həmişə ağzı söyüşlə açılan icra başçısı utanıb-qızarmadan intiharına səbəb olduğu Qarabağ qazisinin yas məclisinə gəlib.
Bu yerdə deyiblər ki, utanmasan oynamağa nə var ki... Amma bütün bunlara baxmayaraq hər qərarın dəqiq vaxtını bilən cənab Prezident yəqin ki, Siraqəddin Cabbarova yaxın zamanda layiq olduğu yeri göstərəcək.
P.S. Sıraqəddin Cabbarovu müdafiə edən şəxslər onun məsələsinin yaddan çıxmasını gözləyirlər. //gundelik-baku.com//