Jurnalist Çingiz Özgür AZAL-dan şikayətçidir.
Millitv.az bakupost.az-a istinadla xəbər verir ki, o, bu barədə öz sosial media hesabında paylaşım edib.
Jurnalistin dediyinə görə, onlayn qaydada aldığı biletləri qaytarmasına baxmayaraq, hələ də ona çatacaq pulu geri ala bilməyib:
“İyun ayının 17-si iki ədəd Bakı-Naxçıvan təyyarə biletini AZAL-ın Nizami küçəsində yerləşən kassasında qaytarmışam. Biri 50, digəri 40 manat olan biletlərdən 10% tutulduqdan sonra, 81 manat pul mənə geri qaytarılmalı idi. Biletlərin ödənişini kartla etdiyim üçün, bu pulun 33 gün ərzində kartıma geri qaytarılacağı deyilib. Halbuki, alarkən bu xəbərdarlıq edilməyib. Gözləməkdən başqa çarə olmadığını bildiyimdən, dedim gözləyim, eybi yox. Bu gün mənim biletləri qaytardığım tarixdən düz 41 gün keçir. Hətta “33 iş günü” deyilirdisə belə, o da bitib. Təbii ki, mən tək deyiləm, onlarla adam bileti kassadan kartla və ya onlayn alır. Bəs niyə əlimizlə və dərhal verdiyimiz pul bu qədər saxlanılır və hətta belə görünür ki, geri qaytarılmır?”.
Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Bakupost.az -a açıqlama verib.
Paşa Kəsəməniski bildirib ki, yaranmış problem AZAL-dan asılı olmayan sistemlə bağlıdır:
"Vətəndaş müraciət edəndən sonra bizdən pul bank sisteminə köçüb. Biz ona "qaytarılan biletin pulu 33 gün ərzində ödənir" demişiksə, bu, o demək deyil ki, məhz 33 günə qaytarılır. Bu müddət 3 gün də ola blər, 1 həftə də. Yəni, maksumum 33 gün ərzində vəsait şəxsin hesabına qayıtmalıdır. Qayıtmadığı halda bizdən pulun köçürüldüyü haqda arayış götürə bilər. Bu arayış əsasında istifadə etdiyi bankla, yaxud Azəricard sistemilə danışıqlara başlaya və soruşa bilər ki, niyə indiyə kimi pulum gəlməyib? Biz hansısa pulu sərnişinin kartına qaytaranda bu, bank və Azəricard sistemilə edilir. Maksimum 33 gün müddəti isə bizim yox, həmin bank və kart sisteminin qaydasıdır. Bizdən pul köçüb, ola bilər ki, hansısa kart, yaxud bank mərhələsində problem qalıb. O da AZAL-dan asılı olmayan məsələdir. Biz qeyd etdiyim kimi, yalnız məblləğin qaytarılması ilə bağlı vətəndaşa arayış təqdim edə bilərik”.