Qobu kənd qəbristanlığında ən köhnə qəbirlər tərəfdə, daş hasarın yanında, sinə daşında ərəb əlifbası ilə adlar yazılmış məzar sahiblərinin mənim babalarımın qəbirləri olduğunu uzun illər bilməmişik. Atam biz böyüyəndən və nəsil -şəcərəmizi araşdırmaq qərarına gələndən sonra ərəb dilini bilənlarə həmin yazıları oxutdu. Məlum oldu ki, birinci məzarda uyuyan Novruzəli Qulaməli oğludur. Yanındakı məzarda yatan Qulaməli Dostuməli oğlu, son salamat qalmış qəbir isə Dostuməli adlı şəxsə malikdir. Atasının adı pozulduqu uçün oxumaq mümkün olmayıb. Ondan sonrakı qəbirlər isə artıq torpaqa bataraq üstündəki yazılar tamam silinmişdi. Mənim ata babam Meydan Novruzəli oğlu isə yuxarıdakı təpəlik yerdə, bacı-qardaşlarının yanında dəfn edilib.
Movruzəlinin ata-babaları haqqında çox məlumat qalmasa da, özü haqqında xatirələr indiyə qədər unudulmayıb. Xüsusilə yaşlı nəsil onun barəsində indi də əfsanəyəbənzər əhvalatlar danışırlar.
Novruzəli kişi kəndin ən varlı sakinlərindən biri olmasına rəğmən, həddindən artıq sadə olub. Hətta geyimi də çobanlarının geyimindən fərqlənməyib. O vaxtlar taxıl yığımı və yun qırxımı zamanı güneydən xeyli sayda günəmuzd işçilər gələrmis. (Onlarin hamısına həmşəhərli deyərdilər,bu söz çox işləndiyindən təhrif olunaraq artıq həmşəri kimi deyilirmiş.) Novruzəli baba işçilər üçün hər gün bir qoç kəsdirər, nahara iri qazanlarda parçabozbaş, küftəbozbaş bişirtdirərmiş. Bir gün comağına söykənib nahar edən işçilərə baxırmış. Gorür ki, 25-30 yaşlarda bir gənc xörəkdən azca yeyib kasanı irəli itələyib.
Bir neçə gün bu gənci izləyib. Sonra işlər müdirinə tapşırıb ki, həmin gəncin haqq-hesabını verib yola salsın. İşlər müdiri gənci idarəyə çağırıb haqq-hesabını kəsir və çıxıb getməsini tapşırır. Həmin adam işdən çıxarılmasının səbəbini soruşsa da öyrənə bilmir. İşlər müdiri deyir ki, bunu kərbəlayı Novruzəli ona tapşırıb. Həmin işçı soraqlaşıb ağanın kim olduğunu öyrənir. Yanına gəlib işdən çıxarılmasının səbəbini soruşur. Növruzəli baba ona deyir ki, sən çox mərifətli, qanacaqlı gəncsən, heç bir qüsurunu da görməmişəm. Amma sənin yeməyinə baxdım, uşaq səndən çox yeyir. Könülsüz yeyirsən və nemətə nasükürlük edirsən. Sən özünə can yandırmayandan sonra mənim işlərimə necə can yandıracaqsan? Könülsüz yedıyin kimi, könülsüz də işləyəcəksən. Səni göndərməyimin səbəbi budur. Gənc üzr istəyib səhvini düzəldir və digər iş yoldaşları kimi iştahla yeyib ürəklə çalışır.