Axtarış...

Neftçalada sakinlər bələdiyyə sədrinin əlində qalıblar... - Adamın məhkəmələrdə də hökmü keçir...

Neftçalada sakinlər bələdiyyə sədrinin əlində qalıblar... - Adamın məhkəmələrdə də hökmü keçir...


Keçmiş bələdiyyə sədrindən şikayət edən Neftçala sakinləri müdafiəsiz qaldığını deyir.

Millitv.az xəbər verir ki, bir müddət əvvəl bir qrup Neftçala sakini Xol Qaraqaşlı kəndinin keçmiş bələdiyyə sədri Əlibala Səlimovdan "Toplum TV”yə şikayət edib.

Onlar deyirdilər ki, Əlibala Səlimov əkinə yararlı torpaqları 49 illiyinə icarəyə verdiyi üçün əkinçiliklə məşğul ola bilmirlər.

Mürsəlqulu kənd sakini Çingiz Səmədov şikayət etdikləri üçün özü də daxil olmaqla 3 nəfərə xuliqanlıq maddəsi ilə cinayət işi açıldığını da söyləmişdi.

Mayın 6-da Neftçala rayon məhkəməsi həmin cinayət işi üzrə Əlibala Səlimovun xeyrinə qərar çıxarılıb.

"Məhkəmə deyir ki, Əlibala torpağı şumlaya bilər. Biz prosesə mane ola bilməyək deyə polis şöbəsinin əməkdaşları və məhkəmə icraçıları da vəziyyətə nəzarət edir”, - deyə o bildirir.

Kənd sakininin dediyinə görə, maddi imkanları olmadığından məhkəmə qərarından apelyasiya şikayəti verə bilməyiblər: "İki ildir gecəmiz-gündümüz yoxdur. Mayın 20-də qonum-qonşudan pul yığıb, son ümid yeri kimi Prezident Adminstrasiyasına getmişdik. Onlar da bizim şikayəti yönləndirib Daxili İşlər Nazirliyinə, onlar da Neftçala İcra Hakimiyyətinə. Daha bilmirlər ki, İcra hakimiyyətinə getməkdən ayaqqabımızın altı cırılıb. Bəlkə də vəkilimiz, müdafiəçimiz olsaydı işimiz çoxdan həll olardı”.

Xatırlatma

Xol Qaraqaşlı Bələdiyyəsinə Xol Qaraqaşlı və Mürsəlqulu kəndləri daxildir.

Ərazidə yaşayan kəndlilərin sözlərinə görə, 2020-ci ilə qədər bələdiyyə sədri olmuş Əlibala Səlimov fəaliyyəti zamanı 400 hektar bələdiyyə torpağını da öz xeyrinə uzunmüddətli icarəyə verib.

"Bu adam 20 il kolxoz, 18 il bələdiyyə sədri işləyib. Təkcə əkin üçün yararlı 150 hektar torpaq salyanlı fermerə icarəyə verilib və bundan bir manat da yerli büdcəyə köçürülməyib”, - sakinlərdən biri deyir.

İcarə məlumatlarında keçmiş bələdiyyə sədrinin 2018-2019-cu illərdə oğlu Özal Səlimova ümumilikdə 53,6 hektar torpağı 49 illiyinə icarəyə verdiyi görünür.

Həmin kənddən olan ictimai fəal, keçmiş bələdiyyə üzvü Vəfa Nağının sözlərinə görə, Ə.Səlimov sədr olduğu illərdə bütün torpaqları öz xeyrinə istifadə edib: "Əməllərini ictimailəşdirdikdən sonra məcbur qalıb, iki dəfə örüş yerlərini geri qaytardı. Amma, əlbəttə ki, 49 illik icarəyə verdiyi yerləri geri almaq çətin olacaq”.

Kəndin indiki bələdiyyə sədri Elnur Səfərov deyilənləri "Toplum TV”yə təsdiqləyib. Bələdiyyə sədri ondan öncə bələdiyyəyə məxsus 350 h torpağın çox hissəsinin yerli kəndlilərə, qalan hissəsinin qonşu kəndlərin fermerlərinə icarəyə verildiyini bildirib: "İki ildir bu kəndin bələdiyyə sədriyəm. Torpaqlar mən sədr seçilməzdən çox əvvəl satılıb. Bunlardan bütün təşkilatların xəbəri var. Başqa nə məlumat verə bilərəm ki?”

Kəndlilərin çoxsaylı şikayətlərindən sonra 2020-ci ilin aprelində Əlibala Səlimov sədrlikdən uzaqlaşdırılsa da, hələ də bələdiyyənin 9 üzvündən biridir.

Kənd sakini Çingiz Səmədov bələdiyyə sədri dəyişsə də, problemin qaldığını deyir: "Bütün hökmü yenə də özü verir. Orada doqquz adamdan yeddisi onun təyin etdiyi adamlardır. Qanunsuz əməllərindən 216 dəfə məktub yazıb, şikayət etmişik. Getmədiyimiz yer qalmayıb. Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Prezident Adminstrasiyasına qədər getmişik. Amma nə fayda?”
Text-to-Speech

DİNLƏ






Şərh yaz