Axtarış...

Operativ Qərargah naziri də dinləmir: - Quru sərhədlərin qarşısına kim sipər çəkib?

Operativ Qərargah naziri də dinləmir: - Quru sərhədlərin qarşısına kim sipər çəkib?


Nəhayət ki, 2 ildən çoxdur davam edən koronavirus bəlasından qurtulmaq üzrəyik.

Artıq dünyanın bir çox ölkələri koronavirusa qalib gəldiyini rəsmi şəkildə açıqlayır.

Azərbaycanda da pandemiyanın başa çatdığını deyə bilərik. Hətta səhiyyə naziri Teymur Musayev ölkəmizdə pandemiyanın sona çatmasının elan oluna biləcəyini də açıqlayıb. Belə halda quru sərhədlərinin açılması məsələsi bir daha gündəmə gəlib.

Əvvala, onu qeyd edək ki, virusa mübarizədə qalib gəldiyimiz artıq aydındır. Koronavirusa gündəlik yoluxma və ölüm hallarının, eləcə də aktiv xəstə sayının minumama yaxınlaşması vəziyyətin kifayət qədər yaxşı olduğundan xəbər verir. Məhz bunun məntiqi nəticədir ki, ölkəmizdə pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərin əksəriyyəti aradan götürülür. Hətta may ayının 1-dən etibarən qapalı məkanlarda maska taxmaq məcburiyyəti olmayacaq. Bütün bu qadağaların aradan götürülməsi çox gözəl və təqdirəlayiq addımlardır. Lakin hələ də bəzi qadağalar qüvvədə qalır, bunlar arasında ən çox diqqətçəkəni quru sərhədlərinin açılmamasıdır.

Nəzərə almaq lazımdır ki, ölkədəki epidemioloji durumu ən yaxşı bilməli orqan Səhiyyə Nazirliyi və TƏBİB-dir. Nazir də artıq ümidli danışır, koronavirusun nəzarət altına alındığını bildirir. Amma Nazirlər Kabineti yanında Operativ Qərargah nə hikmətdirsə, bəzi qadağalarda, xüsusilə sərhədlərin bağlı qalmasında israrlıdır. Ölkəmizdə səhhətində ciddi problemlər olan minlərlə insan var. Onlara müalicə üçün başqa ölkələrə getmək lazımdır. Təyyarə ilə səfər etmək imkanı isə hər kəsdə yoxdur, AZAL-ın fantastik qiymətləri sayəsində Azərbaycan dünyanın ən bahalı uçuşlarını həyata keçirən ölkələrin başında gəlir. Deməli, quru yol bağlı, hava yolu bahadırsa, insanlar ölkə sərhədlərini tərk edə bilməyəcəklər. Bəlkə də Operativ Qərargahın quru sərhədlərini açmamaq israrı da məhz buradan, yəni AZAL-ın fantastik qiymətlərindən qaynaqlanır. Minlərlə azərbaycanlı uzun müddətdir quru sərhədlərinin bağlı qalması səbəbindən problemlə üzləşir, cəmiyyətin ciddi narazılığına səbəb olur. Bu narazılığı və narahatlığı bircə qərarla ortadan qaldırmağa qadir olan Operativ Qərargah isə hələ də susur.

Belə çıxır ki, koronavirus sadəcə quru yolu ilə səyahət zamanı insanları yoluxdurur. Lakin hər gün yüz minlərlə insan metro və avtobuslarda heç bir sosial məsafə gözləmədən yol getmək məcburiyyətindədir. Bu zaman yoluxma ehtimalı başqa ölkəyə səfərdən daha yüksəkdir.

Çünki ən azından başqa ölkəyə quru yolla səfər zamanı “COVID pasportu” və ya PCR testinin neqativ nəticəsi tələb olunur. Avtobus və metrolarda isə bu tələblər yoxdur, üstəlik maska tələbinin də ömrünə cəmi 2 gün qalıb. Yəni bu halda quru sərhədləri ilə düzənli, tam nəzarət altında hərəkət daha təhlükəsizdir.

Milli Məclisin deputatları belə zaman-zaman bu məsələdə kəskin etirazlar bildirsələr də, nəticə hələlik dəyişmir. Bu məsələni ən çox gündəmə gətirən millət vəkili Razi Nurullayev quru sərhədlərinin açılmamasını kəskin tənqid edib:

“Quru sərhədlərin açılması vacibdir. Bütün dünya quru sərhədlərini açır. Biz açmamaqla öz vətəndaşlarımıza zülm etmiş oluruq. Həm də indiki şəraitdə iqtisadi çətinliyimiz də var. Ukrayna-Rusiya müharibəsində Rusiyaya tətbiq olunan sanksiyalardan Azərbaycan vətəndaşları da ciddi əziyyət çəkir. Sərhədlərimiz açılsa, insanlarımız gedib-gələr, ticarət əlaqələri yaradar və dolanışıqlarını təşkil etmiş olarlar... Belə çıxır ki, Azərbaycan öz vətəndaşlarından imtina edir. Bu vətəndaş burada doğulub və böyüyüb. Bu vətəndaşı evinə buraxmamaq hansı konstitusiya maddəsində yazılıb? Konstitusiyamıza görə hər bir vətəndaş öz vətəninə icazə olmadan əngəlsiz gəlib-gedə bilər. Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarı ilə buna qadağa qoyulub. O vətəndaşların ölkəyə buraxılmaması konstitusiya maddəmizə ziddir. Operativ qərargahın qərarı konstitusiya maddəsindən üstün ola bilməz”.

Onu da nəzərə alaq ki, may ayından etibarən yaz-yay turizm mövsümü başlayır, ölkəmizə gəlmək stəyənlər oduğu kimi, ölkədən istirahət üçün getmək istəyənlər də olacaq. Quru sərhədləri bağlı saxlamaqla həm də turizmin qarşısına sipər çəkilir.

İstirahəti də bir kənara qoysaq, quru sərhədlərin bağlı qalması insanların birbaşa dolanışığına və sosial vəziyyətinə də təsir edən amildir. Deputat Musa Quliyev isə turizm sektorunun əhəmiyyətini vurğulayaraq quru sərhədlərinin açılmasını tələb edib:

“Mən düşünürəm, yavaş-yavaş quru sərhədlərini də açmaq lazımdır. Çünki üzü yaya doğru gedir. Turizm sektoru artıq başlayır. Azərbaycan da bir çox ölkələr üçün turistik baxımdan cəlbedici dövlətdir”.

Turistlər sadəcə təyyarə ilə səyahət etməyə üstünlük vermirlər. Xüsusilə bizə qonşu olan Rusiya, Gürcüstan, İran kimi ölkələrdən quru yolu ilə milyonlarla turist ölkəmizə üz tutur. Adıçəkilən ölkələrdə yaşayan azərbaycanlıların sayı da hamıya məlumdur. Lap turizm nəzərə alınmırsa da, öz həmvətənlərimizin rahatlığı üçün quru sərhədlərin açılması ilə bağlı qərar qəbul etmək şərtdir.
Cebhe.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz