Bir neçə gündür ki, Rusiya ilə Azərbaycan arasında müntəzəm təyyarə uçuşları bərpa olunub.
Bu barədə Rusiyanın “Aeroflot” şirkəti məlumat yayıb.
Qeyd edək ki, martın 5-də “Aeroflot” martın 8-dən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırdığını elan etmişdi.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri də Rusiyaya reysləri dayandırıb. Bununla bağlı AZAL öz açıqlamasında qeyd edib ki, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır:
"Vəziyyət həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərib. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar. Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır. Yuxarıda qeyd olunanlarla əlaqədar, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır".
Qeyd edək ki, artıq xeyli vaxt keçməsinə baxmayaraq, AZAL reysləri bərpa etməyib. Nəticədə isə Rusiyada yaşayan azərbaycanlılar çətinliklərlə üzləşiblər. Belə ki, hazırda soydaşlarımız yalnız Rusiyanın "Aeroflot" şirkətinin uçuşları ilə Azərbaycana gələ bilirlər ki, burada da qiymətlər çox bahadır. Hətta orada yaşayan azərbaycanlılar sosial şəbəkələrdə ən ucuz biletin 1000 manat olduğunu bildirirlər. Bəzi hallarda isə biletlərin 4-5 min manata başa gəldiyi deyilir. Nəticədə isə maddi imkanı olmayan vətəndaşlar ölkəyə gələ bilmirlər. Digər problem isə odur ki, cox sayda azərbaycanlılar Dağıstanla sərhəddə düşərgədə gözləyir, Azərbaycana giriş edə bilmir. Yəni bu gün həm Azərbaycan tərəfdən uçuşların olmaması, həm də quru yolunun bağlılığı səbəbindən vətəndaşlarımız çətinliklərlə üzləşib, nə edəcəklərini bilmir və bununla bağlı Azərbaycan hökumətindən kömək gözləyirlər. Mövcud problemin həlli, yəni uçuşların bərpası ilə bağlı AZAL və eləcə də quru sərhədi ilə bağlı müvafiq qurumlar nə düşünür? Dia.az-ın məlumatına görə, AZAL-ın ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski Cebhe.info-ya bildirib ki, AZAL və “Buta Airways” aviaşirkətləri hazırda Rusiyaya uçuşlar həyata keçirmir:
“Qiymətlərlə bağlı məsələni isə digər aviaşirkətlərlə dəqiqləşdirə bilərsiniz".
İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirdi ki, AZAL-ın uçuşları bərpa etməməsinin səbəbi Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır:
"Çünki hər bir təyyarənin sığortası var. Yəni beynəlxalq sığorta şirkətlərində sığortalanıb. Həmin sığorta şirkətləri Rusiya ərazisində baş verəcək hansısa bir hadisəyə görə sığortadan imtina edirlər. Azərbaycan təyyarələri Rusiya ərazisində hansısa bir problemlə qarşılaşsa, şirkətlər sığortanı ödəməkdən imtina edirlər. Ona görə də yalnız Rusiya istehsalı olan təyyarələr uçacaq. Nəticədə reys sayı azdır və qiymətlər çox bahadır".
Quru sərhədlərinə gəldikdə isə ekspert deyib ki, burada artıq Azərbaycan hökumətinin atdığı addımlar anlaşılan deyil:
"Çünki Azərbaycan vətəndaşları Konstitusiyaya görə istənilən halda ölkəyə buraxılmalıdırlar. Bu gün Dağıstanda və sərhəddə qalan minlərlə azərbaycanlının hüquqları tapdalanır. Azərbaycan hökuməti çox tezliklə yerüstü sərhədi açaraq, Rusiyadan gələn vətəndaşlarımız qəbul etməlidirlər. Bu, bizim hamımızın konstitusion borcumuzdur. Ona görə də sərhədin bağlı qalması və insanların ölkəyə buraxılmaması həm Konstitusiya pozuntusudur, həm də dövlətin vətəndaşı qarşısında götürdüyü öhdəliyin yerinə yetirilməməsidir. Problemlərin həlli üçün tezliklə Operativ Qərargah addımlar atmalı və ən azı humanitar koridorlar yaradılmalıdır. Azərbaycan vətəndaşları heç olmasa quru yolla öz vətənlərinə dönməlidirlər. Bu qadağanın olması heç bir məntiqə və qanunlara sığmır. Uçuşlarla bağlı problemin olduğunu anlayışlı qarşılamaq olar, ancaq quru yolun bağlı olmasının heç bir məntiqi izahı yoxdur".