Rusiya Federasiyasının Komi Respublikasında “Azərbaycan” Cəmiyyətinin əsasını qoyan, 2015-ci ilə qədər cəmiyyətin sədri olan Qasımov Həsən Rəsul oğlu doğulduğu Salyan rayonu Kərimbəyli kəndinə geri döndükdən sonra ona məxsus olan torpaq sahəsinin başqaları tərəfindən zəbt edildiyini görüb.
Həsən Qasımov
Yenicag.az-a müraciət edən Həsən Qasımov bildirib ki, ona məxsus torpaq sahəsini istifadə etmək istəyərkən torpaq payının “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinə birləşdirildiyini öyrənib.
“2015-ci ilə qədər Rusiya Federasiyasının Komi Respublikasında yaşayıb, çalışıb və adı çəkilən vilayət üzrə “Azərbaycan” Cəmiyyətinin qurucusu və sədri olmuşam. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Torpaq İslahatı çərçivəsində kənd sakini olaraq 44 hektar torpaq payı almışam, fəqət ölkə xaricində olduğum üçün istifadə etməmişəm.
Ağayev Azər
2015-ci ildə ölkəyə geri döndükdən sonra torpaq sahəmin Salyan rayonu Qarabağlı Kənd sakini, “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin sədri Ağayev Azər Xeyrəddin oğlu tərəfindən əkilib-becərildiyini öyrənmişəm. Şəxsi və ailə məsələləri səbəbilə bu məsələ ilə bağlı maraqlanmaq imkanım olmadığı üçün 2020-ci ildə Ağayev Azərə şifahi şəkildə torpağımı istifadə edəcəyimə dair məlumat vermiş, əkib-becərdiklərini ilin sonuna qədər biçməsini və bir daha pay torpağıma müdaxilə etməməsi barədə xəbərdarlıq etmişəm. Bundan əlavə, mən Dövlət Əmlak Komitəsinə müraciət etmişəm və səlahiyyətli şəxslər mənim torpağımın dəqiq yerini mənə göstərib və ayırıblar.
2021-ci ilin ilk həftələrində Ağayev Azərin sədri olduğu kooperativin əməkdaşları mənim pay torpağıma müdaxilə edib və yonca kiplərini nəqliyyat vasitələrinə yükləyərək ərazidən uzaqlaşıblar. Bu hadisədən sonra aidiyyatı qurumlara şikayət ərizələri təqdim etdim, ancaq qarşı tərəf mənim “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin üzvü olduğumu iddia edərək etdiyi qanunsuzluqlara haqq qazandırmağa çalışır və sübut kimi guya 2015-ci ildə mənim kooperativə üzv olmaq üçün yazdığım, altında imzamın olduğu ərizəni ortaya qoyurlar”.
Şikayətçinin sözlərinə görə, həmin ərizə saxtadır:
“Birincisi, ərizənin notarial təsdiqi yoxdur, ikincisi, əl yazısı mənə aid deyil, sonda qoyulan imza isə mənim imzamın bənzədilmiş versiyasıdır.
Ərizənin yazıldığı tarixdə Rusiyadan yeni qayıtmışdım və qardaşım vəfat etmişdi. O dönəmdə qardaşını itirmiş bir şəxs kimi bu tip işlərə ayıracaq nə zamanım, nə də istəyim ola bilərdi.
Ayrıca, nəinki ərizənin yazıldığı tarixdə, ümumiyyətlə, heç bir zaman mən adıçəkilən kooperativə getməmişəm, hər-hansı sənədə imza atmamışam, üzv olmaq istəməmişəm. Ölkə xaricində olduğum vaxtda övladlarım da 2010, 2011, 2012, 2013-cü illərdə torpağın qaytarılması üçün şifahi şəkildə tələblər irəli sürsələr də, heç bir nəticə əldə edilməyib”.
Qasımov Həsənin sölərinə görə, problemin həll edilməsi, sənədlərin yoxlanılması üçün məhkəməyə müraciət edib, ancaq məhkəmə onun yox, kooperativin xeyrinə qərar çıxarıb:
“Təkcə mənim yox, digər kəndlərin sakinlərinin hamısı eyni problemlə qarşılaşıb. İnsanlar haqlı olduğu halda, məhkəmələrdə haqsız vəziyyətə düşürlər. Kooperativə daxil olmaq üçün ərizə yazmadığımı, imzamın saxtalaşdırıldığını təsdiq etmək üçün ekspertiza tələb etdim. Ekspertizanın cavabı haqlı olduğumu dedi. Ancaq Salyan Rayon Məhkəməsi yenə qarşı tərəfi haqlı çıxardı.
Məsələ ilə bağlı Salyan rayon prokurorluğuna müraciət etdim. Cavab bu şəkildə oldu:
“Salyan rayon prokurorluğuna daxil olmuş ərizənizə baxıldı.
Müəyyən edildi ki, Salyan rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi İlqar İsmayılov tərəfindən araşdırma zamanı izahatınızda kooperativə üzv olmaq üçün 2015 ci ildə adınızdan yazılmış ərizəyə imza etmədiyinizi göstərmişsiniz. Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsinin tərkib əlamətləri mövcud olsa da, qeyd edilən cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan və cinayət məsuliyyətinə cəlb etmə müddəti 2 il kimi müəyyən edildiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir”.
Prokurorluğun cavabından görünür ki, saxtakarlıq olub. Ancaq cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Cinayətin hansı kateqoriyaya aid olub-olmaması məni maraqlandırmır. Mənə torpağım maraqlıdır”.
Sonda Həsən Qasımov Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə müraciət edərək, bu məsələnin araşdırılmasını, iftira məqsədi ilə hazırlanan saxta sənədin ifşa olunmasını, həqiqətin üzə çıxarılmasını dövlətin ona verdiyi pay torpaq üzərində tam və qeyd-şərtsiz mülkiyyətinin bərpa olunmasını, 2021-ci il ərzində ona dəymiş maddi və mənəvi ziyanın təmin edilməsini və bu əməli törədənlərin cəzalandırılmasını xahiş edib.
Səxavət Məmməd
Yenicag.az