Vəkil Əjdər Sarıyev Binəqədi Rayon Baş Polis İdarəsinin müstəntiqi Nuru Həsənovla əlbir olaraq bir ailəni müflis vəziyyətə salıb, hətta vəkil Əjdər Sarıyevin sözlərinə görə Ali Məhkəmənin hakimi Əhməd Əhmədov da bu işdə onlarla əlbir olub
Millitv.az Zirveyolu.info-a istinadən xəbər verir ki, Qanunların aliliyinin hər kəs üçün bərabər səviyyədə təmin edilməsi dövlətin təməl ədalət prinsiplərindən biridir. Şəxsiyyətindən, vəzifəsindən asılı olmayaraq hər bir şəxs də bu prinsipə əməl etməlidir. Axı Şah qanun deyil, Qanun Şahdır.
Məhkəmələrin, hüquq-mühafizə orqanlarının əsas vəzifəsi vətəndaşların hüquqlarının təmin olunmasına yardımçı olmaqdır. Bəhs etdiyimiz bu məsələdə isə qanunların aliliyini qorumalı olan qurumlar özləri onu pozurlar. Yəni bizim bu mövzumuzda bir vəkilin öz müvəkkilini dələduzluq yolu ilə aldatmasından söhbət gedir. Hansı ki, bu vəkil öz səlahiyyətindən, həmçinin müvəkkilinin hüquqi qanunlardan xəbərsiz olmasından istifadə edərək müvəkkilinin evlərinin, maşınlarının və bütün pullarının əllərindən alınmasına səbəb olub, bunlarla yanaşı ailəni külli miqdarda pul götürmək üçün banka girməsinə məcbur edib. Bütün bunlar az imiş kimi bu vəkil öz müvəkkilinin həbsə girməsinə də səbəb olub desək yanılmarıq.
Məlumdur ki, vəkilliyin əsas vəzifələri hüquqi və fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir.
Lakin redaksiyamıza daxil olan məlumatda şikayətçi Musayeva Mehriban Məhərrəm qızının sözlərinə görə öz vəkilləri onların hüquq və azadlıqlarını qorumaq əvəzinə, tam əksinə onları aldadıb.
İndi isə şikayətçi Mehriban xanımın öz vəkillərinin onları necə aldatması haqqında ərizəsini təqdim edirik:
Mən Musayeva Mehriban Məhərrəm qızı vəkilimiz olan Sarıyev Əjdər Hakim oğlunun dələduzluq yolu ilə bizi aldatmasından şikayətçiyəm. Mənim yoldaşım Əliyev Cəfər biznesi ilə bağlı bir xeyli pul batırmışdı və biz də bu səbəblə 2 evimizi biri bağ, digəri bina evi olmaqla, bir də Lexus 5 7 markalı avtomobilimizi bankda ipotekaya qoymuşduq. Yəni bizim işimiz Məhkəmədə idi. Biz də 2018-ci ilin sentyabr ayının əvvəlində 27 saylı vəkil Bürosundan Sarıyev Əjdər Hakim oğlunu bu işdə bizə köməklik etməsi üçün vəkil tutduq və 5.000 (beş min) manat da həmin bu vəkilə pul verib müqavilə bağladıq.
Qeyd etdiyim kimi bizim evlərimiz yoldaşımın borcları ilə əlaqədar olaraq bankda idi. Bu vəkil də gəlib mənə dedi ki; “Ali Məhkəmənin hakimi Əhməd Əhmədov 20.000 (iyirmi min) ABŞ dolları pul istəyir” yəni bizim Məhkəmədə qalib gəlməyimiz, bağ evimizin geri qayıtması üçün. Mən ona dedim ki, nə qədər əminsən bağ evinin qayıtmasına? Dedi iş görülsə ev əlli əlliyə bölünəcək, Şahmar Vəliyev hansı ki, yoldaşımın borclu olduğu şəxsdir, o, mənim yoldaşım Cəfərə aid olan hissəni götürəcək, qalan hissə hərraca çıxarılacaq mən və 2 övladıma qaytarılacaq. Əgər iş görülməsə, 20.000 (iyirmi min) ABŞ dolları Sizə geri qaytarılacaq. Bu 20.000 (iyirmi min) ABŞ dollarını vermək üçün imkanımız yox idi və mən bu qədər pulu verə bilməyəcəyimizi dedim vəkilə, o, da mənə neçə gün hədə-qorxu gələrək belə dedi: “Əgər bu 20.000 (iyirmi min) ABŞ dolları Ali Məhkəmənin hakimi Əhməd Əhmədov’a verilməsə hətta gecə evin işıqları yansa belə sizi gecə ilə təcili evdən atacaqlar çölə, elə indidən bütün əşyalarını yığ çıx get bir qohumunun evində qal”. Amma bu vəkil işin əvvəlindən bilirdi ki, bu evi qazanmaq mümkün olmayacaq.
Beləcə bu bir nömrəli dələduz vəkil bizi məcbur etdi ki, biz bankdan pul götürək və biz də bankdan qızımın adına 20.000 (iyirmi min) ABŞ dolları pul götürdük, mən də həmin pulu götürüb vəkilin dediyinə əsasən ofisə getdim, telefonda mənə dedi ki, pulu paket içində ofisdə çalışan Əfsanə xanıma verin, mən də onun dediyi kimi pulu həmin xanıma verdim.
Ümumiyyətlə bu saxtakar vəkil pulları bizdən əldən-ələ deyil bürosunda çalışan Əfsanə adlı xanıma paket içərisində verin deməklə alırdı. İndi isə bu faktlar danılır.
Lakin Sentyabrın 23-də İcradan gəlib məni evdən çıxartdılar. Hansı ki, mən həmin pulu deyildiyi qaydada vermişdim.
Bu vəkil bir dəfə də mənə bildirdi ki; Binəqədi Rayon Baş Polis İdarəsinin müstəntiqi Nuru Həsənov deyib ki, Cəfər Əliyevə stop qoyulub buna görə də 37.000 (otuz yeddi min) manat pul verməliyik. Bu səbəblə də Ford Kuga’lı avtomobilimi 35.000 (otuz beş min) manat əvəzində vəkil Əjdər Sarıyevə verdim ki, versin lazım olan şəxsə yoldaşımın stopunu qaldırsın. Sən demə bunlar yəni bu dələduz vəkillə müstəntiq Nuru Həsənov əlbir olub bu pulu bizdən alıblar.
Lakin bütün bunlara baxmayaraq mənim həyat yoldaşım Əliyev Cəfər hal-hazırda həbsdədir, özü də sağlıq durumu yaxşı deyil. Özüm və iki övladım kirayədə yaşayırıq, bu fırıldaqçı vəkilin bizi məcbur etməsi ilə pul götürdüyümüz banka olan borcu heç cür ödəyə bilmirik buna görə də bank bizi çox incidir. Tam hesabla 67.000 pul alınıb 20.000 (iyirmi min) ABŞ dolları və ildə 7.000 (yeddi min) faiz yığılıb. Bu gün bu faizlərlə birlikdə 87.000 (səksən yeddi min) manat pul borcludur bu bir nömrəli dələduz vəkil bizə. Hər dəfə həmin borcun üstünə faiz gəlir mən də heç yerdə işləmirəm, bu qədər külli miqdarda borcu ödəyə bilmirəm. Bizim üçün bu cür yaşamaq çox çətindir.
Mən bu vəkilin dələduz əməllərinin öhdəsindən gələ bilmədiyim üçün bir çox aidiyyəti orqanlara Apellyasiya Məhkəməsinə, Yerli Məhkəməyə, Ali Məhkəməyə müraciət etdim ki, bu insanın dələduzluqlarına son qoyulsun, lakin müraciətlərimin də heç bir nəticəsi olmadı.
Mən hətta bu vəkilin bizi aldatmasına görə hər yerə Teleqram vurmuşam Prezidentimizə, Mehriban xanıma, Baş Nazirə, Vəkillər Kollegiyasına, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə. Amma bütün bunlara baxmayaraq bu vəkil öz səlahiyyətindən istifadə edərək çirkin əməllərini etməyə davam edir.
Bir sözlə bu vəkil bizim ona olan etibarımızdan istifadə edərək, külli miqdarda pulumuzu yalan vədlər verərək dələduzluq yolu ilə əlimizdən alıb. Hətta əlimdə maddi sübut olaraq həmin bu vəkilin səs yazısı da var ki, deyib; “Pullarını almışam yaxşı etmişəm, hələ mən onları çox süründürəcəm, oğullarını da həbs etdirəcəm”. Görün bu vəkil nə qədər vicdansızdır. Qısacası bu vəkil bizim bütün pullarımızı saxtakarlıq edərək əlimizdən alıb və ailəmizi müflis vəziyyətə salıb.
Nəyə görə axı mən və iki övladım kirayədə yaşamalıyıq?. Bu vəkil öz həyətində 4 mərtəbəli villa tikdirir, hansı pullarla bunu etdirir o?. Əlbəttə ki, bizim kimi insanların pullarını dələduzluq yolu ilə mənimsəyərək. Belə vəzifəsindən sui-istifadə edərək super dələduzluq edənlərin məsuliyyətə cəlb edilib bu cür çirkin, insanlığa sığmayan əməllərinin qarşısı alınmalıdır. Mən öz haqqımı tələb edirəm. Çox xahiş edirəm mənim bu məsələmə ciddi yanaşılsın. Mənim tələbim budur ki, Sarıyev Əjdər Hakim oğlu məndən fırıldaqçılıq, dələduzluq edərək aldığı 87.000 (səksən yeddi min) manat pulu geri versin. Haqq-ədalət öz yerini tapsın.