Vəkil Vamiq Şükürov hüquqnu müdafiə etdiyi şəxsin ailəsinin başına gətirilən maraqlı fakt açıqlayıb. Azinforum.az Vamiq Şükurovun fikirlərini təqdim edir:
“Adətən tarix kitablarında və kinolarda hər hansı bir şəxsin mənzilinin qapısını zorla sındırıb içəridə adam ola-ola qapının “svarkalanmasına” şahid oluruq. Özü də 1939-cu ildə əsasən Almaniyada faşistlər tərəfindən belə hadisələr törədilirdi. Bir qayda olaraq yəhudilərə qarşı. Lakin barəsində məlumat verdiyim hadisə faşist Almaniyasında baş verməyib. Belə bir faşist qəddarlığı Abşeron rayonu Xırdalan qəsəbəsində “Kristal Abşeron” yaşayış kompleksində baş verib. Belə ki, “Kristal Abşeron” MTK-nin rəhbərliyi vəkili olduğum şəxsin anası evdə olduğu halda, onun mənzilinin bayırdan qapısını “svarkalatdırmış”, nəticədə qoca bir qadının ürəyi getmiş, qadın ömürlük xəstəlik tapmış və bütün həyat qüvvələri sıradan çıxmışdır. Buna baxmayaraq, Abşeron rayon Polis İdarəsi şirkətin işçilərinin cinayət məsuliyyətinə cəlb etmir. Bu gün yenidən İdarədə olduq, bizi qəbul etdilər, lakin belə başa düşdük ki, heç bir tədbir görə bilmirlər. DİN-nin Cinayət Axtarış İdarəsinin şöbə rəisi Natiq müəllim mənimlə danışaraq idarəyə getməyimi və problemin həlli istiqamətində idarəyə göstəriş verildiyini bildirmişdi. Lakin idarə heç nə edə bilmədi. Hazırda vəziyyət çox kritikdir. Hüquqi dövlət olan Azərbaycanda 21-ci əsrdə quldarlıq dövrünün qaydaları ilə insanların azadlıq hüququ və mənzil toxunulmazlığı kobudcasına pozulur, şirkətin işçiləri mənzilə daxil olub, qapını bayırdan “svarka” ilə bağlayır, nəticədə bir qoca qadın ömürlük xəstəyə çevrilir, lakin polis heç nə etmək istəmir. Belə hadisələr “Kristal Abşeronda” adi hala çevrilib, yüzlərlə narazı insanlar var, şirkət qanunsuz olaraq tez-tez sakinlərin qazını və suyunu kəsir, onların qapısını “svarkalayıb” bağlayır. Ümid edirik ki, bundan sonra səlahiyyətli qurumlar öz məsuliyyətini başa düşüb tədbir görərlər.
P.S. Mən hər hansı bir qanunsuzluğu ictiamiləşdirməyin tərəfdarı olmamışam. Vəkil olaraq hesab edirəm ki, qanunsuzluq barədə ölçü götürülməsi üçün ilk növbədə səlahiyyətli hüquq- mühafizə orqanlarına müraciət edilməlidir. Lakin görünən budur ki, polis idarəsi tədbir görmək fikrində deyil. Bu səbəbdən də baş vermiş cinayəti ictimailəşdirmək qərarına gəldim”.
Azinforum.az