Axtarış...

Gənc kadrların yarıtmazlığı seriyası... - FAKT BUDUR!

Gənc kadrların yarıtmazlığı seriyası... - FAKT BUDUR!

Uzun illərdir ki, Azərbaycan səhiyyəsi "yerlə sürünür". Dünyada bütün sahələrdə, eləcə də təhsil və tibb sahəsində gündən-günə uğurlu yeniliklərin olmasına, nəzərə çarpacaq dərəcədə böyük inkişaf getməsinə baxmayaraq, Azərbaycan təhsili də, səhiyyəsi də sanki, dünyaya inad, geri gedir. Ölkə əhalisi artıq keçmişlərdə olduğu kimi "türkəçarə" müalicə ümidinə qalıb. Təhsil isə Emin Əmrullayevin başçılığı ilə, ""İranda hürriyyət" payı üçün, qohumluq vərəsəliyinə göz dikən" cahillərin dövrünü geri gətirmək üçün bir yola çıxıb.

Bu gün inkişafı bir xalqın inkişafına, geriliyi isə bütöv bir xalqın geri qalmasına yol açan iki vacib sahə - Təhsil və Səhiyyədən danışacağıq.

İlk növbədə onu qeyd edək ki, yuxarıda vurğuladığımız, səhiyyənin süründüyünü göstərəcək nümunələrəmiz "bəs qədər"in üstündə yer alır. Biz burda bir-bir onları sayacaq olsaq nə onu yazmağa bizim zamanımız, nə də sizin səbriniz yetəcək. Bir də atalar demişkən, "Görünən kəndə nə bələdçi?!" Odur ki, mövzunu çox uzatmadan, biz sizə ölkəmizin hələ bir rayonunun, yalnız bir kəndinin səhiyyəsindən bəhs edəcəyik.

Gənc kadrların yarıtmazlığı seriyası... - FAKT BUDUR!

Bu fotolar İmişli rayonunun Alqullar kəndində çəkilib. Gördüyünüz bu mənzərə sözügedən kəndin tibb məntəqəsinin bugünkü görüntüləridir. Pandemiya düşüncələrimizə və sağlamlığımıza qənim kəsildiyi bir dövrdə, bütün təlimatlarda "əllərinizi ən az 20 saniyə sabunla yuyun, tez-tez spirtdən istifadə edin" deyildiyi bir dövrdə, tibb məntəqəsinin bu görüntüləri, Səhiyyə Nazirliyinin həm sağlamlığımızı hansı formada qorumalı olduğumuz barəsindəki təlimatları artıq öz "inandırma qüvvəsi"ni itirir, həm də bu qurumun fəaliyyətinin yalnız rəsmi saytlarında haqqında müsbət fikirlər yaradacaq yazılarla öz "reklam" biznesini qurmaq, eləcə də tez-tez tender müqavilələri imzalamaqdan ibarət olduğu fikrini yaradır. Halbuki, müəyyən saytlarda dərc edilən və dövlət televiziyalarında yayımlanan həqiqəti əks etdirmətən, "səhiyyə və təhsilin inkişafı" barəsindəki materiallar reallığı dəyişmir. İnsanlar isə kimlərinsə, nələrsə xatirinə yazdıqlarına deyil, gördüklərinə inanır. 21-ci əsrdə bir yaşayış məntəqəsinin tibb müəssisəsinin bu görüntüləri bu qurumun inkişaf səviyyəsinin göstəricisidir. Hələ üstəlik də gördüyünüz bu fotodakı otaq, sakinlərin vaksin olunması üçün müvəqqəti "şərait yaradılan" Kənd bələdiyyə sədrinin iş otağıdır.

Gənc kadrların yarıtmazlığı seriyası... - FAKT BUDUR!

Düşünürük ki, bu barədə artıq şərhə ehtiyac yoxdur. Görüntülər və məlumatlar özü hər şeyi deyir. Lakin, maraq doğuran başqa bir nüans da var. Bildiyimiz kimi İmişli rayonunun İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbs edildikdən sonra, onun yerinə Elçin Rzayev təyin edildi.

O da rayona gələr-gəlməz ilk başladığı iş,İcra Hakimiyyəti üçün yeni bina inşa etdirmək oldu. Tikinti demək olar ki, başa çatmaq üzrədir. Deyəsən cənab başçı sələflərinin oturduğu binanı özünə layiq görmədi. Olsun. Belə baxanda, atalar demiş, "varlığa nə darlıq?!". İş orasındadır ki, özünü müasir tikili, yeni qərargahda görən İcra başçısının, nədənsə rayonun kəndlərindəki bu bərbad görüntülər barəsində aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq ağlına gəlməyib. Nə bu və bundan daha betər vəziyyətə olan tibb məntəqələri, nə soyuq, çatlamış divarlarla güclə ayaqda duran təhsil müəssisələri (orta məktəblər), nə sənədlər üzərində adı olub, realda ümumiyyətlə olmayan və sakinlərin belə xəbərdar olmadığı mədəniyyət klubları və sair. Halbuki, hamısı sakinlərin bu sahələrdə inkişafı üçün həlli vacib problemlərdir, eyni zamanda işsizliyə görə evindən didərgin düşən sakinlər üçün bütün bu sadalananlar iş yerləri ola bilər.

QEYD: Yeri gəlmişkən növbəti yayımlarımızda İmişli rayonunun bəzi kəndlərində tamamilə dağılıb, məhv olmuş və yerinin qeyri-qanuni satışa çıxarıldığı mədəniyyət klublarından, eyni zamanda kəndlərdə təhsilin səviyyəsindən danışacağıq.

Hələlik isə yenidən qayıdırıq bu dəfəki mövzumuza. Yəni, Azərbaycan səhiyyəsi və təhsil mövzusuna. Belə ki, Oktay Şirəliyevin Səhiyyə Naziri vəzifəsinə təyin edildiyi 2005-ci ildən 2021-ci ilə qədər olan dövrə nəzər saldıqda, adama elə gəlir ki, hörmətli Tibb Elmləri doktoru Azərbaycan Səhiyyəsinin inkişafı deyil, geridə qalması üçün əlindən gələni edib. Səhiyyənin tamamən el dilində desək, çökməkdə olduğu bir dövrdə, yəni 2018-ci ildə yeni bir Qurum "TƏBİB" (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) yaradıldı və ölkədə bir çox tibb müəssisələri bu qurumun tabeliyinə verildi.

Yaradıldığı ilk günlərdə bu qurum haqqında hər kəsin fikirləri tam fərqli idi. Eyni zamanda, səhiyyə sahəsində müəyyən qədər inkişafın gedəcəyinə bir ümid var idi. Lakin, sonra cərəyan edən proseslərdən belə görüntülər meydana çıxdı ki, bu qurum da sadəcə Səhiyyə Nazirliyinin "payına şərik olmaq" üçün yaradılıb. Yəni, xəstəxanalarda rüşvət 1-ə 3 artdı desək yanılmarıq.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bir çox dövlət xəstəxanalarında hətta tibb işçilərinin, həkimlərin özü belə mövcud durumdan narazıdır. Onlar gileylənir ki, "bilmirik hara tabeyik. "TƏBİB deyir bunu elə", Səhiyyə Nazirliyi deyir, "yox, bunu elə". Özümüz də çaş-baş qalmışıq. Yenə əvvəllər dərdimizi kimə deyəcəyimizi, kimdən nə istəyəcəyimizi bilirdik. İndi hansına deyirik, göndərir obirinin üstünə. Qalmışıq arada". Bəli, onlar bu sözləri deməklə haqsız da sayılmazlar. Çünki, xəstələrin belə iki quurum arasında nə qədər əziyyət çəkdikləri barəsində əvvəllər də "DogruXeber.az"da məlumatlar dərc etmişik.

Əlqərəz...

Səhiyyədən deyəsən çox danışdıq. Hərçənd ki, bu danışıqlar və vətəndaş şikayətləri sözügedən qurumların maraqlarına zərrə qədər təsir etmir.

Təhsil sahəsində də vəziyyət fərqli deyil. Bu qədər şikayətlər, narazılıqlar və tənqidlərə rəğmən, təhsil sahəsində, daha doğrusu təhsil sahəsindəki qanunsuzluqlarda dəyişən heç nə yoxdur. İstər müsabiqədə yüksək nəticələr toplamış müəllimlərin hələ də direktor ola bilməməsi, həmçinin 200 şagirdin oxuduğu orta məktəbə heç bir müsabiqədə iştirak etmədən direktor təyin edilən, direktor əvəzinin hələ də o vəzifəyə davam etməsi, istər bəzi Təhsil şöbələrinin müdirlərinin dərs bölgülərini məhz özlərinin hansısa, şəxsi maraqlar xatirinə aparması və sair...

QEYD: Növbəti günlərdə bu mövzuya qayıdacağıq və redaksiyamıza ünvanlanlanmış yeni məlumatlar, həmçinin yeni müraciətləri daha ətraflı şəkildə diqqətinizə çatdıracağıq.
Diqqətiniz bizdə olsun!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz