Uzun zamandır müzakirəsi gedən media haqqında qanun nəhayət ki, dünən təsdiqləndi. Qanunda müsbət hallarla yanaşı media nümayəndələrini narahat edən məsələlər, məhdudiyyətlər var. Bu məhdudiyyətlərdən biri də ali təhsil tələbi ilə bağlıdır. Qərara gürə, ali təhsili olmayan jurnalistlər media reysterinə daxil edilməyəcək.
Heç kimə sirr deyil ki, media sahəsində işləyən, illərdir qələmi, imzası ilə tanınan jurlastlərin hamısı heç də bu ixtisas üzrə təhsil almayıb. Bu sahədə çalışan, lakin tamamilə başqa sahə üzrə təhsil almış, hətta orta ixtisas təhsilli şəxslər xeyli çoxdur.
Maraqlı bir məqam isə ondan ibarətdir ki, əgər şəxs idman universitetini bitibsə, ali təhsil diplomu olduğu üçün media reysterinə daxil ola biləcək, amma hansısa humanitar sahə üzrə orta ixtisas təhsili almış şəxs daxil ola bilməyəcək. O zaman belə bir sual yaranır. Kolleclərin diplomu bu qədər etibarsız, yararsız, heç bir yerdə keçərli hesab olunmursa, bu müəssisələr niyə fəaliyyət göstərir? Kolleclərdə təhsil alan 51 min tələbənin aqibəti qaranlıqdırsa, nə üçün mənasız kağız parçası üçün 3-4 illərini sərf edirlər?
Millitv.az-ın məlumatına görə, təhsil eskperti Elşən Qafarov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, ölkənin taleyini həll edəcək təhsil sahəsində orta ixtisaslı şəxslərin işləməsinə icazə verilir, amma jurnalistlərə yox. Bu baxış, yanaşma tamamilə tərs mütənasibdir.
“Bütün ölkələrin əsas strateji fəaliyyət sahəsi təhsildir. Bizdə isə orta ixtisas müəssisələrini bitirmiş şəxslərə təhsil sahəsində işləməyə icazə verirlər. Halbuki millətin, xalqın, dövlətin taleyi həll olunur orada. Dünya təcrübəsində isə nəinki orta ixtisas, hətta bakalavr təhsili bitirənlərə ümumtəhsil müəssisələrində işləməyə icazə vermirlər. Bu şəxslərin gərək magistr təhsili olsun. Bizdə isə tərsinədir. Təhsilə göz yumuruq, amma mediada işləmək üçün ali təhsil tələb edirik. Bu qaydanı qınayıram və doğru saymıram. Milli Məclisin deputatları onların əməllərini ifşa edən jurnalistlərdən çəkinməməli və onları çərçivələrə salmamalıdır. Onlar təhsilə diqqət etməlidirlər.
Deyək ki, bu şəxs özünü media sahəsində təsdiqləmiş insandır və orta ixtisas təhsillidir. Bu şəxslərə qarşı ayrı-seçkiliyin aparılması təəssüf doğurur. Jurnalisitin diplomu yox, qələmi əsasdır. Dünyanın heç bir yerində bu sahədə tələb qoyulmur ki, “sən yazar olmaq üçün mütləq gərək ali təhsil bitirəsən””.
Ekspertin sözlərinə görə, biz bəzən SSRİ dövrünü totalitar dövr adlandırıq, amma o dövrdə belə jurnalistika ilə məşğul olmaq üçün belə şərtlər qoyulmurdu.
“Bu şərtin qoyulması əslində jurnalistikanı və yazarları çərçivəyə almaqdır. Bu qaydalar söz, mətbuat azadlığının tələbinə uyğun deyil”.