Separatçı tör-töküntülərin Azərbaycana qarşı hoqqaları bitmir. Erməni nəşri “Qraparak” yazıb ki, “artsax”da qondarma “konstitusiya islahatları”nın ardınca növbədənkənar “prezident seçkiləri” keçiriləcək. Bu, gələn ilə nəzərdə tutulur. Separatçıların hazırkı başçısı Araik Arutyunyan deyib ki, o, həmin “seçkilərə” qatılmayacaq.
Beləcə, Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazimizdə tam cəzasızlıq hökm sürür. Separatçı-quldurlar tərk-silah edilməmək bir yana, üstəlik, növbəti seçki tamaşası hazırlayırlar.
Bəs Azərbaycan dövlətinin buna qarşı ön tədbiri nə olmalıdır? Yoxsa bizi qıcıqlandıran belə şeylərə reaksiya verməməli, 2025-ci ili və ya Böyük Qayıdışın reallaşmasını gözləməliyik?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Azərbaycan qətiyyən gözləməli deyil, çünki gözlədikcə, daha təhlükəli məqamlar ortaya çıxacaq: “Bir sıra dövlətlər orada ermənilərin siyasi mövcudluğunun qalmasında maraqlıdır, çünki bu amildən öz məqsədləri üçün istifadə etməyi düşünürlər. Bu mənada ilk növbədə Rusiyanın adı çəkilməlidir. Rusiya bu cür çirkin oyunlarından əl bəkməlidir. Ya bizimlə real müttəfiqlik etməli, ya da kənara çəkilməlidirlər. ABŞ, Fransa və digər Qərb dövlətlərinin də öz maraqları var. Orada separatçı ünsürlərini saxlamaqla həm Azərbaycana və Türkiyəyə qarşı alət əldə edirlər, həm də Ermənistanın regionda zəifləməsinin qarşısını almağa çalışırlar. Yaranmış situasiyada Azərbaycan sərt mövqe qoymalı, birinci növbədə Rusiyadan bu ”seçki" oyunlarına son qoyulmasını tələb etməlidir. Əks halda, Azərbaycan ləngimədən həmin ərazilərə hərbi qüvvələrini yeritməli, antiterror əməliyyatına başlamalı, öz ərazilərində qanuni haqlarını bərpa etməlidir".
Politoloq Anar Əliyev isə bildirdi ki, Ermənistan və onun havadarları Azərbaycanla ikili oyun oynayırlar: “Separatçıları fəallaşması və hətta ”seçkiyə" hazırlaşmaları bundan qaynaqlanır. Azərbaycan daxilində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına aid olan ərazilərdə separatçı qüvvələrə, müxtəlif dairələrdən, havadarlarından verilən sifarişlər əsasında və eyni zamanda Azərbaycanın Qarabağ zonasında fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələrinin öz fəaliyyətlərinə məsuliyyətsiz yanaşmasının nəticəsi olaraq həmin ərazilərdə separatçı qüvvələr tərəfindən təxribatlar davam etməkdədir. Separatçı qüvvələr bölgədə mümkün təxribatları davam etdirməyə çalışırlar. Xüsusilə, nəzərə alsaq ki, fevralın 20-də Xankəndindəki qondarma erməni “parlamenti”ndə ərazilərin işğaldan azad edilməsi haqqında “qanun”un müzakirəyə çıxarılıb qəbul edilməsi planlaşdırılır. Qonadarma rejimin “xarici işlər naziri” bəyanat verərək keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti “sərhədləri”nin bərpa olunması ilə bağlı əməli addımların atılacağını və bu istiqamətdə hazırlıqların görüldüyünü bildirib. Eyni zamanda Ermənistanın “Qraparak” nəşri məlumat yayıb ki, Qarabağda “Konstitusiya islahatları” həyata keçiriləcək və gələn il növbədənkənar “prezident seçkiləri”nin keçirilməsinə hazırlıq görülür.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın Cənubi Qafqazda sülhün möhkəmliyinin təmin olunması, birgə yaşayış istiqamətində addımların atılması, Ermənistan və Azərbaycan cəmiyyətləri arasında qarşılıqlı inam, etimad mühitinin formalaşdırılması istiqamətində addımlarına Ermənistandan adekvat cavab yoxdur. Ermənistan tərəfi üzdə Azərbaycanla görüşə, barışa razı olduqlarını göstərsələr də əslində mümkün vasitələrdən, xüsusilə də Qarabağdakı erməni separatçı qüvvələrin imkanlarından istifadə etməklə Azərbaycanla münasibətlərin tənzimlənməsinə mümkün problemlər yaratmaq, yeni reallıqlar formalaşdırmağa çalışır. Hesab edirəm ki, bu proseslərin Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında baş verməsi onların öz fəaliyyət çərçivələrini dərk etməmələri və ya mövcud vəziyyətdən istifadə edərək Azərbaycan daxilində separatizmin dəstəklənməsinə imkan yaratmaqla bağlıdır".
Politoloq qeyd etdi ki, beynəlxalq hüquqla da aqressora və separatçıya dəstək verilməsi beynəlxalq hüququn ümumqəbul edilmiş prinsiplərinin açıq şəkildə pozulmasıdır: “Məsələn, beynəlxalq hüququn münaqişələrlə bağlı prinsiplərində dövlətlərə və xalqlara qarşı silahlı birləşmələrdən istifadə edilməməsi, təcavüzkar əməllərə yol verilməməsi, dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi, insan hüquq və azadlıqlarının qorunması, pozulmaması, millətlərin hüquqlarının bərabərliyi prinsipinin qorunması və beynəlxalq hüquqdan irəli gələn bu öhdəliklərin yerinə yetirilməsi tələbləri Rusiya sülhməramlı qüvvələri tərəfindən ciddi şəkildə pozulur. Rusiya sülhməramlı qüvvələrinin bu davranışları eyni zamanda 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndindən irəli gələn tələbin də ciddi şəkildə pozulmasıdır. 4-cü bəndin ikinci hissəsinin yerinə yetirilməməsi həm də bu sənədə imza atan, münaqişənin tənzimlənməsində orbitr rolunda çıxış edən dövlətin lideri Vladimir Putinin imzasına hörmətsizlikdir. Baş verən hallar, Azərbaycanın daxilində separatçılara dəstək verilməsi, sülhməramlı qüvvələrin sülhyaratma missiyasına zidd olaraq gözləri qarşısında separatçı hərəkətlərin davam etdirilməsi sülhməramı missiya ilə bağlı beynəlxalq konvensiyalar, eyni zamanda BMT Nizamnaməsinin 6-cı fəsli ilə də ziddiyyət təşkil edir. Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində sülhyaratma və sülhün təmin olunması missiyasından başqa hər bir işlə məşğuldurlar”.
Ekspertin sözlərinə görə, baş verınlərlə bağlı Azərbaycan bir sıra zəruri addımlar atmalıdır. Azərbaycan dövlətinin bir neçə istiqamətdə qabaqlayıcı tədbirləri olmalıdır: “Azərbaycanın Ağdam bölgəsində fəaliyyət göstərən monitorinq mərkəzində fəaliyyətini davam etdirən Türkiyə qüvvələrinin fəaliyyəti ilə bağlı Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə arasında ikitərəfli sülhməramlı missiya ilə bağlı iktirəfli müqavilələr imzalanmalıdır. Bu müqavilələrdə sülhməramlı missiyanın fəaliyyət çərçivələri, eyni zamanda fəaliyyət əraziləri dəqiqliklə göstərilməlidir. Azərbaycan çox sərt şəkildə bəyan etməlidir ki, separatçı qüvvələrin fəaliyyətinin, o cümlədə hansısa ”seçki" şousunun qarşısının alınması üçün ən sərt addımlar atacaq. Azərbaycan bunu əyani şəkildə göstərmək üçün qısa müddətli sərt antiterror əməliyyatları hazırlamalı və həyata keçirməlidir. Rusiya dövlətinə və hakimiyyətinə Azərbaycan dövləti və xalqı adından separatçı ermənilərin dəstəklənməsi, onların təxribat xarakterli addımlarına göz yumulacağı halda Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsinin gündəliyə gətirilmə hüququnun Azərbaycan dövlətinin müstəsna hüquqi olduğu olduğu xatırladılmalıdır".
“Yeni Müsavat”