Qarabağdakı qondarma rejimin qanunsuz silahlı dəstələrinin - “ordu”sunun buraxılacağı barədə xəbər yayılıb. Bunun ardınca terrorçu rejimin “xarici işlər nazirliyi” və digər “qurumları”nın da ləğv ediləcəyi haqda iddialar erməni mediasında və teleqram kanallarında tirajlanıb. Bu kimi xəbərlərdən ciddi şəkildə narahat olan Qarabağ terrorçularının başçısı, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən barəsində cinayət işi açılan Araik Arutyunyan çevrənin daraldığını gördüyü üçün hərəkətə keçib. Arutyunyan “ordu” və “nazirlik”lə bağlı xəbərləri təkzib edib və bunları dezinformasiya adlandırıb. Həmçinin belə xəbərlərin ermənilər tərəfindən yayılmasından təəssüfləndiyini bildirib.
Baş terrorçu “bütün dövlət orqanları”nın işinə davam edəcəyi haqda sərsəm fikirlər söyləməklə Qarabağdakı bir ovuc erməninin qaçıb aradan çıxmasını əngəlləməyə və onları girovluqda saxlamaqla özünü də sığortalamağa çalışıb. Deyib ki, bütün diqqəti “artsax”ın qurulmasına, təhlükəsizliyin bərpa olunmasına, əsirlərin qaytarılması və itkinlərin tapılması prosesinə yönəltmək lazımdır.
Azərbaycan cəmiyyətinin, dövlətinin haqlı istəyi, hədəfi isə Xankəndində bayrağımızın qaldırılması, suverenliyimizin burada da bərpasıdır. Azərbaycan dövləti yaxın gələcəkdə bu hədəfə çata biləcəkmi? Bunun üçün hansı şərtlər lazımdır? Azərbaycan qalib tərəf olaraq bu hədəfi asanlıqla gerçəkləşdirə biləcəkmi? Nə etməliyik? Ermənistan cəmiyyəti ilə hansı formada davranmalıyıq ki, onların fikirlərini dəyişə bilək? Rusiyanın, Türkiyənin, Qərbin və Ermənistan cəmiyyətinin bu məsələdə davranışından çox şey asılıdırmı?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Azərbaycanın artıq Xankəndində hakimiyyətini bərpa etməkdə olduğu haqda fikirlərə təkcə Azərbaycan və Ermənistan mediasında deyil, Rusiya və Türkiyə mətbuatında da yer ayrılır. Sosial şəbəkələrdə də bu məsələ geniş müzakirə olunur. Ermənistanda, Dağlıq Qarabağda bu fikirləri təkzib etməyə, özlərinə ürək-dirək verməyə çalışırlar. Qərbi, hətta Fransanı bu məsələ demək olar ki, maraqlandırmır. Deməli, haqq-ədalətin yerini alması üçün şərait tam olaraq yetişib: “Hər şey Azərbaycanın özündən asılıdır, dövlət, hakimiyyət və cəmiyyət olaraq təkidli olmalı, erməni quldurlarına heç bir şans verməməliyik. Azərbaycan bütün danışıqlarda bu məsələni təkidlə qoymalıdır, yəni qanuni haqqımızı tələb etməlidir. Türkiyədən də çox şey asılıdır. Hörmətli Prezident Ərdoğanın 2020-ci ilin 14 oktyabrında dediyi sözü, ”ad günümü fevralın 26-da Xocalıda keçirəcəyəm" sözünü də xatırlayırıq. Hesab edirik ki, bunun üçün heç bir ciddi maneə yoxdur. Ermənistan cəmiyyəti və hakimiyyəti həm hüquqi, həm də fiziki cəhətdən müqavimət göstərəcək gücdə deyil. Hər şey bizim xeyrimizədir. Tam nəticəyə nail olmaq üçün Ermənistana və Dağlıq Qarabağdakı quldurlara qarşı daha sərt və güzəştsiz davranmalıyıq. Onlara güzəşt edəndə zəiflik kimi başa düşürlər. Ona görə də ancaq sərt və təkidli təzyiqlər göstərilməlidir".
AMİP katibi Əli Orucov isə bildirdi ki, cəmiyyəti düşündürən əsas suallardan biri Xankəndində bayrağımızın nə zaman ucalacağıdır: “Onu da nəzərə almaq lazımdır ki, 44 günlük müharibədə Azərbaycan mümkün olan nə varsa onu da etdi. Azərbaycan çətin də olsa Xankəndində və digər ərazilərdə suverenliyini bərpa edəcək. Məsələlər mərhələ-mərhələ həyata keçirilir. Bütün məsələləri eyni anda həll etmək təbii ki, mümkün deyil. Ermənilər reallıqlara nəzərə almaq məcburiyyətində qalacaqlar. Reallıqlar onu diktə edir ki, qonşularla, o cümlədən Azərbaycanla normal münasibətlər qurulmalıdır. Azərbaycan beynəlxalq birliklə, ayrı-ayrı dövlətlərlə işini gücləndirməlidir, Qərb dairələrinə bəhanə verməməlidir, strateji müttəfiqlərinin sayını artırmalıdır, ordusunu daha da gücləndirməlidir, daxildə demokratik islahatlar aparmalıdır. Bütün bu və digər işləri həyata keçirsək, Xankəndində bayrağımızın qaldırılmasını reallaşdıracağıq”.
“Yeni Müsavat”