Axtarış...

Azərbaycan ordusu Xankəndidə "rəsmi dil kursları" açmalı olacaq: - Erməni separatçıların buna ehtiyacı var

Azərbaycan ordusu Xankəndidə "rəsmi dil kursları" açmalı olacaq: - Erməni separatçıların buna ehtiyacı var

Rusiya sülhməramlıları, əgər bölgədə təhlükəsizlik missiyası daşıyırlarsa, deməli, ermənilərin separatçı və terrorçu davranışlarını əngəlləməyə, onları Azərbaycan qanunları çərçivəsində dinc yaşayış modelinə təşviq etməyə borcludur; Erməni terrorçuların Rusiya hərbçilərinin arxasında gizlənib, özlərini toxunulmaz hiss etməsinə imkan verilməsi təhlükəli nəticələr doğura bilər...

Erməni təxribatları davam edir. 44 günlük savaşdan keçən vaxt artdıqca ermənilərin siyasi-psixoloji avantüraları daha intensiv xarakter alır. Və sanki arxayınlaşaraq, özlərini toxunulmaz hiss etməyə başlayıblar.

Zaman ötdükcə separatçılar daha cəsarətli davranmağa cəhd göstərirlər. Üç dövlət - Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr və 11 yanvar anlaşmalarının tələblərinə zidd davranmağa cəhd edirlər. Və bu, yolverilməzdir.

Belə anlaşılır ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərə qayıdan erməni separatçıları həmin anlaşmaların məzmununu tamamilə yanlış başa düşüblər. Ona görə də, hər iki anlaşmanın tələblərini ermənilərə yenidən izah etməyə ehtiyac yaranmış kimi görünür. Və bu izahat prosesinin gecikdirilməməsi olduqca vacibdir.

Əvvəlcə, ermənilərə onların başa düşə biləcəyi dildə başa salınmalıdır ki, onlar Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərin sahibi deyillər. Həmin ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Onlar isə sadəcə, sakin ola bilərlər. Və sakin statusu qazanmaları üçün isə dərhal Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Azərbaycan pasportları almalıdırlar.

Əks halda, Azərbaycan ərazisində qeyri-qanuni şəkildə məskunlaşdıqları üçün ölkə sərhədlərindən kənarlaşdırıla bilərlər. Çünki, artıq işğal dövrü bitib. Onları qoruyan Ermənistan ordusu darmadağın edilib. Və Rusiyan sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidəki ermənilərin Azərbaycandan başqa sığına biləcəkləri hər hansı ölkə mövcud deyil.

Ola bilsin ki, Rusiya sülhməramlı qüvvələrinin onları qoruya biləcəklərinə lazım olduğundan daha çox arxayın olublar. Ancaq ermənilərə anladılmalıdır ki, rus hərbçiləri bölgədə əbədi yerləşməyiblər. Rəsmi Bakı "çıxın" dediyi andan başlayaraq, rus sülhməramlıları 6 ay ərzində bölgəni tərk etməyə məcbur olacaqlar. Ona görə də, ermənilərin rus sülhməramlılarına arxayın olub, xam xəyallara düşmələri tamamilə yersizdir, hətta onların özləri üçün çox təhlükəlidir.

Məsələ ondadır ki, rus sülhməramlıları ermənilərin separatçı və terrorçu fəaliyyətini təmin etmək missiyasına sahib deyillər. Onlar həmin bölgədə sadəcə, geriyə dönən və gələcəkdə Azərbaycan cəmiyyətinə inteqrasiya olunacaq ermənilərin təhlükəsizliyini müvəqqəti olaraq, təmin etmək üçün orada yerləşdiriliblər.

Əslində, bu barədə rus sülhməramlılara da müəyyən izahat işinin aparılması lazım gələ bilər. Çünki, deyəsən, onlar da imzalanmış anlaşmanın tələblərindən yan keçməyə xüsusi həvəs göstərirlər. Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi də ermənilərə yersiz ümidlər verməyin yolverilməzliyini qəbul etməlidirlər. Hər halda, əgər bölgədə təhlükəsizlik missiyası daşıyırlarsa, deməli, ermənilərin separatçı və terrorçu davranışlarını əngəlləməyə borcludurlar. Əvəzində isə erməniləri Azərbaycan qanunları çərçivəsində dinc yaşayış modelinə təşviq etməlidirlər.

Göründüyü kimi, həm ermənilərə, eləcə də, rus sülhməramlılarına izah edilməli bəzi məsələlər olmamış deyil. Xüsusilə də, son vaxtlar erməni separatçılarının təxribatçı davranışları buna ciddi ehtiyac yaradır. Erməni separatçıların hələ də özlərini "dövlət" hesab etmələri Rusiya sülhməramlı qüvvələrinin öz missiyasını anlaşmaya uyğun yerinə yetirməsinə şübhə doğurur.

Xankəndi və ətraf bölgədə rus dilinin ikinci rəsmi dil elan edilməsi isə ümumiyyətlə, sülhməramlı missiyanın fiaskosu kimi də dəyərləndirilə bilər. Hər halda, həmin əraziyə qayıdan ermənilər dinc sakinlərdirsə, onları indi daha çox sosial-iqtisadi problemlər düşündürməlidirlər. Bunun əksinə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bir ərazidə "ikinci dil" və ya "silahlı özünü müdafiə dəstələri" kimi absurd işlərlə məşğul olurlarsa, deməli, rus sülhməramlıların müşayiəti ilə ora dönənlər sadəcə, dinc sakinlər deyil, separatçı və silahlı erməni terrorçularıdır.

Təbii ki, bu, Azərbaycan dövlətinin səbrini daşıra bilər. Çünki, rəsmi Bakı üçün əsas hədəf bütün ölkə ərazisində Azərbaycan qanunlarının hegemon olmasıdır. Buna əngəl törədən istənilən davranış Azərbaycan dövlətinin suveren hüquqlarına ziddir.

Azərbaycan Prezidenti İlham Əliyev təxminən bir ay əvvəl bütün bu məsələlər ilə bağlı rəsmi Bakının mövqeyini və hədəflərini ümumiləşdirərək, açıqlayıb: “Qarabağda rus dili rəsmi dil ola bilməz. Azərbaycanın bir rəsmi dili var, Azərbaycan dili... Xarici əsgərlərin Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu, hərbi baza anlamına gəlmir. 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə, onların fəaliyyətinə son veriləcək. Biz Xocalıya da qayıdacağıq. Ermənistan tərəfi bunu anlamalıdır. "Arsax" dövləti olmayıb və olmayacaqda... Qarabağın aranı da, dağı da Azərbaycanın ayrılmaz hissəsidir!”

Göründüyü kimi, Azərbaycan Prezidenti konkret proqrama, hədəflərə sahibdir. Rəsmi Bakı addım-addım getməklə, tədricən həmin hədəflərə doğru inamla irəliləyir. Və bu proses sona qədər səbrli şəkildə davam etdiriləcək.

Ancaq Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənib, özlərini toxunulmaz hiss edən erməni separatçılarının bəzi davranışları rəsmi Bakının səbrini daşıra bilər. Müşahidələrə əsasən, rəsmi Bakının artıq ən sərt addımların atılmasına belə, hazır olduğu da nəzərə çarpır.

Azərbaycan ordusunun son genişmiqyaslı hərbi təlimləri də bunun təsdiqidir. Adətən, Azərbaycan ordusu hər genişmiqyaslı hərbi təlimlərdən qısa müddət sonra konkret hədəfə doğru irəliləyir.

Böyük ehtimalla bu dəfə əsas hədəf Xankəndidə "rəsmi dil kursları" açmaq ola bilər. Çünki erməni separatçılarına Azərbaycan dövlətinin ərazisində hansı rəsmi dilin olduğunu tam dəqiqliyi ilə "öyrədilməsinə" ehtiyac olmamış deyil.

"Yeni Müsavat"


Daha çox xəbər

Şərh yaz