Yardımlı Rayon İcra Hakimiyyəti yolların təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi açıq tenderin qalibini elan edib.
Valyuta.az xəbər verir ki, tenderin qalibi "ELNUR-2" Universal İstehsalat Kommersiya Şirkəti olub.
Yardımlı Rayon İcra Hakimiyyəti qalibə 739 min manat ödəyəcək.
Qeyd edək ki, şirkət 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1.60 AZN olub.
Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi - ev 11/35, m. 57, qanuni təmsilçisi isə Zaur Niyaz oğlu Abıyevdir.
Xəbəri işləməmişdən əvvəl internet resurslarında kiliç bir araşsırma apardıq. Məlum oldu ki, Zaur Abıyev daha əvvəl bir neçə rayonun icra hakimiyyətləri tərəfindən elan olunmuş eyni formatlı tenderlərin qalibi olub. Onunla bağlı daha maraqlı bir nüans isə ondan ibarətdir ki, adı çəkilən şəxs ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkmiş vətəndaşların siyahısında da yer alıb.
Zaur Abıyevin zərərçəkmiş şəxs kimi məhkəməyə verdiyi ifadə də mətbuatda yayımlanıb. Zaur Abıyevin verdiyi ifadədə bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar.
Onun sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib. Vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügdən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.
Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib.
“Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyeva isə ifadəsində deyib ki, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb.
Zaur Abıyev həm də “Birlik-3A” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin nizamnamə kapitalı isə 50 manatdır. Zaur Abıyevin qanuni təmsilçisi olduğu bu şirkətlər iri məbləğli dövlət satınalmalarının qalibi olub.
Dövlət satınalmalarında Niyaz Abıyevin şirkətlərinə yaşıl işıq yandırılması təsadüfi deyil. Onun atası Niyaz Abıyev 2009-2014-cü illərdə Gəyəçöl kənd bələdiyyəsinin sədri olub. Qardaşı Xudayar Rəhimov isə Masallıda “tender kralı” kimi tanınır. O, “Elnur-2” şirkətinin sahibidir. Xudyar Rəhimov bu şirkətin rəhbəri kimi Koronovirusla Mübarizə Fonduna 10 000 AZN köçürüb.
Xudayar Rəhimov Masallının keçmiş icra başçıları Qəzənfər Ağayev və Rafil Hüseynovun dövründə özünü rayonun səlahiyyətli şəxslərindən biri kimi aparıb. Mediada gedən təkzib olunmamış materiallara əsasən Xudayar Rəhimovun hətta yerli idarəetməyə də təsir imkanları olub.
Valyuta.az