Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər ərazi nümayəndəliyi yarım milyon manatlıq tenderə yekun vurub.
“Yeni Sabah” xəbər verir ki, “Yolların əsaslı təmirinin satınalınması” başlığı ilə keçirilən tenderdə söhbətin hansı yollardan getdiyi dəqiq göstərilməyib. Elektron dövlət satınalmaları portalındakı elandan bəlli olmur ki, qalib gələn şirkət Cəlilabaddakı hansı yolları təmir edəcək. 504 min 662 manatlıq tenderin qalibi “Elnur - 2” Universal İstehsalat Kommersiya Şirkəti olub. Şirkətin rəhbəri Abıyev Zaur Niyaz oğludur.
İnternet vasitəsi ilə qısa araşdırma apardıqda bəlli olur ki, Azərbaycanın cənub zonasında yerləşən rayonların icra hakimiyyətlərinin keçirdiyi iriməbləğli tenderlərin qalibi bir qayda olaraq elə “Elnur - 2” Universal İstehsalat Kommersiya Şirkəti olur. Cəlilabadın icra başçısının da belə görünür ki, alternativ variantı olmadığından Zaur Abıyevin şirkətini qalib edib.
Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 22.11.2019-cu il tarixində Astara rayon İcra Hakimiyyətindən 2 milyon 233 min manatlıq tender qazanıb. Tenderin şərtinə görə Abıyev Zaur Niyaz oğlunun rəhbərlik etdiyi “Elnur-2” şirkəti 36 mənzilli yaşayış binasının tikintisini həyata keçirəcək.
Z. Abıyevin qanuni təmsilçisi olduğu daha bir şirkət – “BİRLİK-3A” MMC də cənub zonasının “krallarındandır”. Bu MMC ötən il Masallı şəhərinin şəhərdaxili yollarının asfalt-beton təmiri işlərinin satınalınmasını nəzərdə tutan 747 min 672 manatlıq tender udub. Ardınca Astara rayon İcra Hakimiyyətindən daha bir tender əldə edib. "Birlik-3A" MMC Astara rayonu ərazisində yolların əsaslı təmirini həyata keçirmək üçün İcra Hakimiyyətindən 542 min 615 manatlıq tender əldə edib.
“Birlik-3A” MMC 23.06.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğlu olan MMC-nin hüquqi ünvanı Masallı rayonunun Gəyəçöl kəndində yerləşir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin adı daha əvvəl mətbuatda taxta evlərin hazırlanması sahəsində ixtisaslaşmış şirkət olaraq keçib. 2018-ci ildə mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, Masallı Sənaye Məhəlləsində “Birlik-3A" MMC tərəfindən taxta evlər istehsal olunacaq.
Abıyev Zaur Niyaz oğlu ilə bağlı daha bir maraqlı məlumat bu iş adamının adının ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkmiş vətəndaşların siyahısında da yer almasıdır.
Zaur Abıyevin zərərçəkmiş şəxs kimi məhkəməyə verdiyi ifadə də mətbuatda yayımlanıb. Zaur Abıyevin verdiyi ifadədə bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar. Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib. Vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügdən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.
Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib.
“Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyeva isə ifadəsində deyib ki, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb.
Xatırladaq ki, Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalov DTX əməkdaşları tərəfindən 2020-ci il dekabrın 12-də kabinetində həbs edilib. O Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
0