Axtarış...

Cavabın cavabsız fraqmentləri

Masallı Rayon İcra Hakimiyyətinin doğma evə ögey qayğıları



Cavabın cavabsız fraqmentləri
Masallı Rayon İcra Hakimiyyətindən müraciətimizə qanunla müəyyən olunmuş vaxtda cavab verilmişdir. Bu yaxşı hal olsa da, vətəndaşların hüquqlarını qorumayan, qanuni mənafeyini təmin etməyən və mövcud problemin saxlanmasına və daha da dərinləşməsinə xidmət edən motivlər cavab məktubunda üstünlük təşkil edir. Vəzifəli şəxslər həlli vacib olan məsələdən bəsit münasibət üzərində qurulmuş cavabla yan keçirlərsə, açıqladıqları mövqədən sonra əsasını qoyduqları cavabsız suallar insanlarda haqlı olaraq narazılıq yaradır.

Masallı Rayon İcra Hakimiyyətindən aldığımız cavab dövlətin hər kəsin hüquqlarının müdafiəsinə verdiyi təminatla üst-üstə düşmür. Yerli icra hakimiyyəti Bədəlan kəndindəki Masallı 1 nömrəli çay fabrikinə məxsus olmuş yaşayış evlərini balansına götürməkdən imtina etməklə yoxsul və sosial müdafiəyə ehtiyacı olan sakinləri taleyin ümidinə buraxırsa, Azərbaycan Respublikasının Konstitusiyasında bəyan edilən ədalətli sosial qaydaların təminatı necə olsun?

Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşları - sözü gedən yaşayış evlərin sakinlərinin mənzil hüququnu kim qorumalıdır?

Həlli mümkün olan məsələni problemə çevirib insanları respublika təşkilatlarına sürükləməyə cəhdin arxasında nə durur?

Cavabın cavabsız fraqmentləriSözü gedən məsələ ilə bağlı rayon icra hakimiyyəti vətəndaşların pozulmuş mənzil hüquqları və mənafelərinin bərpası ilə əlaqədar niyə əlavə tədbirlər görmür və ya istəmir?

Axı, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində mülkiyyət dövlət tərəfindən müdafiə olunur. Özəlləşdirilmədən qanunla kənarda qalan həmin yaşayış evləri də dövlət mülkiyyətidir. Və rayon icra hakimiyyətinin ondan imtina etməsi həmin mülkiyyətdən sakinlərin hüquqlarının əleyhinə istifadə etmək anlamına gəlmirmi?

“Binalara qanunsuz artırmalar edilmiş və ərazidə digər tikililər inşa edilmişdir” iradını bildirərkən düşünmürlər ki, bu yaranmış hərc-mərcliyə rayon icra hakimiyyətinin aidiyyati məsul şəxsləri bilavasitə cavabdehdirlər. Bu qanunsuzluğa niyə göz yumublar, şərait yaradıblar və vaxtında qəti tədbir görməyiblər? Axı, özbaşınalıq rayon icra hakimiyyətinin ərazində baş verib. Hazırki və sabiq yerli icra nümayəndələri hara baxıb, niyə onlardan məsuliyyət tələb olunmur?

Vətəndaşların mənzil hüquqlarına və mənafelərinə xələl gəldiyini açıq - aşkar görən rayon icra hakimiyyətinin cavabdeh şəxslərin mövqeyini necə başa düşək? Axı, hər kəsin mülkiyyət hüququ vardır, dövlətimiz hər kəsin hüquqlarının müdafiəsinə təminat verir.

Rayon icra hakimiyyətinin məlum yaşayış evlərinə biganə, yabançı münasibəti həmin evlərdə dünya göz açan, şəxsiyyət vəsiqəsi alan, oğul-uşaq sahibi olan sakinlər üçün çoxlu problemlər yaradır, əngəllər törədir. Bunu əlahəzrət faktlar da təsdiq edir.

Masallı RİHB-nın Bədəlan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hacırza Nağıyev yaranmış vəziyyətdən sui-istifadə edərək, rayon icra hakimiyyətinin nəzarətsiz qoyduğu yaşayış evlərin sakinlərini adi bir arayış almaqdan ötrü məhz “balansda yoxsunuz”, “icra hakimiyyətilə məsləhətləşərəm” və s. bəhanələrlə süründürməçiliyə salır. Halbuki son 70 ilə yaxın orada yaşayanların və ailə üzvlərinin təsərrüfatbaşı kitabında qeydiyyatı var.

Məsələn, 1960-cı ildə həmin yaşayış evində doğulan və bu günə qədər orada qeydiyyatda olan, ailə tərkibi üç nəfərdən ibarət olan vətəndaş Səxavət İdris oğlu Abdinov 1958-ci ildə həmin evdə doğulan, pasport alan və hazırda Bakıda yaşayan qardaşını kənddəki evə qeydiyyata salmaq üçün təsərrüfatbaşı kitabından Cıxarış almaqdan ötrü uzun müddət Hacırza Nağıyevin yanına gedib-gəlməli olur. Hacırza Nağıyev hər dəfə vətəndaşı “icra hakimiyyəti ilə danışım” “baxarıq” “görüm nə edirəm” “pandemiyadır” və s. bəhanələrlə başından edir, qanunsuz əməllərə yol verir.

Beləliklə, Masallı RİHB-nın Bədəlan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hacırza Nağıyevə olan etimadını itirən vətəndaş S.İ.Abdinov təsərrüfatbaşı kitabından Cıxarış almaq üçün Hacırza Nağıyevə şifahi müraciətindən sonra rəsmi ərizə ilə müraciət edir. Yenə get-gəl başlayır, Hacırza Nağıyev gah ərizəni almadığını, gah da bu işin mümkünsüzlüyünü bəhanə gətirir.

Millitv.az olaraq, biz bu məsələdə bürokratik əməli ilə rekord vuran Hacırza Nağıyevlə telefon əlaqəsi saxladıq. Onun bəhanəsi bu oldu ki, S.İ.Abdinovun yaşadığı ev icra hakimiyyətinə dəxli yoxdur. Dedik ki, vətəndaşın yazılı müraciətinə qanunla müəyyən olunmuş vaxtda cavab vermək sizin borcunuzdur. Və həm də vətəndaş S.İ.Abdinovun yaşadığı evin onun mərhum atasına məxsus olması barədə Masallı çay fabrik həmkarlar təşkilatının 7 fevral 1977-ci il tarixli 7 nömrəli qərarı var və bu sənəd də ərizəyə əlavə olunub. Hacırza Nağıyev: - Bu sənədin mənə dəxli yoxdur və 30 günə ərizəyə cavab verəcəyəm – dedi.

Vətəndaşın müraciətinin nəticəsi ilə əlaqədar vəziyyəti öyrənmək üçün bu bürokratik məmur nəinki qanuna, hətta etik qaydalara əməl etməyib, sonradan telefon zənglərimizə belə cavab vermədi.

Vətəndaşın dövlət orqanlarına və dövlət qulluqçularına etimadına xələl gətirən Hacırza Nağıyevin qanunsuz hərəkətləri barədə Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini Aybəniz xanım Qafarovaya müraciət etdik. Aybəniz xanım Qafarova çox sağ olsun ki, məsələyə dərhal müdaxilə etdi. Bundan da nəticə çıxarmayan Hacırza Nağıyev qanuni sənədi verməmək şərti ilə dəqiqələr ərzində həll edə biləcəyi müraciətə 30 gündən sonra vətəndaşın ərizəsinin motivindən kənar cavab yazdı. Kökü, əsası, mahiyyəti məlum olan sadə bir məsələdən ötrü vətəndaşı 30 gün gözlətməyə dəyərmi? Hələ get-gələ düşdüyü əvvəlki ayları demirik.

30 iyul 2021-ci il tarixli 125 nömrəli başdansovdu cavab məktubunda Hacırza Nağıyev xidməti davranışında şəffaflığı, vicdanlılıq nümunəsini itirmişdir. Belə ki, vətəndaş S.İ.Abdinov ərizəsində konkret olaraq təsərrüfatbaşına kitabdan Çıxarış istəyir. Hacırza Nağıyev vətəndaşa həmin Çıxarışın verməməyinin, yəni konkret imtinanın səbəbini bildirmək əvəzinə “ təsərrüfatbaşına kitabdan çıxarış yalnız qeydiyyata düşən vətəndaşlara verilməsi nəzərdə tutulur” yazmaqla əsas məsələdən boyun qaçırmış, hədəfdən yayınmış və manipulyasiya etmişdir. Bunu həm də onun cavabının təfsirindən, yozumundan çıxan məntiq deyir.

Bununla da Hacırza Nağıyev dövlət qulluğu ilə bağlı vəzifənin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə təmsil etdiyi rayon icra hakimiyyətinin nüfuzunu aşağı salan hərəkətlərə yol vermişdir. Digər tərəfdən burada Hacırza Nağıyevin vətəndaşa münasibətində bizə məlum olmayan səbəblərdən qərəzli münasibəti də açıq-aşkar özünü göstərir.

Qardaşı Səxavət Abdinovun hüquq və qanuni maraqlarının təmin olunmasına bilərəkdən maneçilik törədən Hacırza Nağıyevin özbaşınalığını görən bacısı, ayrı təsərrüfat sahibi Solmaz Abdinova təsərrüfatbaşına kitabdan Çıxarış almaq üçün 07.08.2021-ci ildə ərizə ilə ona müraciət edir və həmin ərizəni böyük qardaşı şəxsən Hacırza Nağıyevə təqdim edir. Bu günə qədər Hacırza Nağıyev qanuni sənədi vermir, özbaşınalıq və saymamazlıq edir. Onun “Təsərrüfatbaşı kitabından Çıxarış” sərgüzəşti 9 aydır ki, davam edir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin məmur özbaşınalığına, hərc-mərcliyinə qarşı kəskin və barışmaz fikri var: “Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”. Ümid edirik ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov cənab Prezidentin bu göstərişini dərhal yerinə yetirməklə, vətəndaşa münasibətdə intizama, qəbul olunmuş nizam və qaydaya zidd hərəkətləri ilə qanunları nümayişkarənə surərtdə tapdalayan, ədalət tərəzisini tanımayan, həddini aşan, qırmızı zolağı keçən nümayəndəsi Hacırza Nağıyev barədə susmayacaq, güzəştsiz mövqeyini bildirəcəkdir.

Və sonda. “Media” sözünü düz yaza bilməyən hüquqşünasın media subyektinə cavabı sizcə, necə olacaq? Masallı Rayon İcra Hakimiyyəti Başçısının Aparatında Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev imzaladığı məktubunda təşkilatımızın rəsmi adındakı “Media” sözünü “Mediya” ilə əvəz etməklə səhvə, yanlışlığa yol vermişdir. Bəxtim müəllim bilməlidir ki, Azərbaycan dilində “Mediya” sözü mövcud deyil və ümumiyyətlə, dilimizin lüğət tərkibində belə bir termin yoxdur. Bəxtim Qarayev hüquqşünasdır, hüquq isə riyaziyyat elmi kimi dəqiqliyi sevir.


Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz