Fazil Mustafa Göyçay Rayon İcra Hakimiyyəti ilə bağlı səsləndirdiyi fikirlərlə keçmiş deputat həmkarı Elxan Süleymanovu müdafiə edir.
Bu barədə Axar.az-a millət vəkili Fazil Mustafanın Göyçay İH ilə bağlı səsləndirdiyi iddialara cavab olaraq Göyçay rayon İcra Hakimiyyətindən bildirilib.
“Göyçay Rayon İcra Hakimiyyəti olaraq, sakinlər adından Milli Məclisin deputatı Fazil Mustafaya bildirmək istəyirik ki, Şamaxı rayonunun deputatı olmuş Elxan Süleymanov Göyçay şəhər ərazisindən keçən rayonun əsas çayı olan Göyçay çayının (Kürün sol qolu) mühafizə zolağında 5 ha ərazini qeyri-qanuni olaraq zəbt edib. Ərazidə 50-yə yaxın ev var və 300-dən çox sakin yaşayır. Göyçay şəhərinin baş planına əsasən ərazidə sakinlərin çoxsaylı müraciətləri və təbiətin əlverişli mövqeyi nəzərə alınaraq, çayın mühafizə zolağında çay boyu park nəzərdə tutulub. Bu yaxınlarda zəbt olunmuş əraziyə görə Göyçay Rayon İcra Hakimiyyəti məhkəməyə müraciət etdib. Sahibkar Elxan Süleymanovdan dəfələrlə zəbt olunmuş ərazini boşaltmaq xahiş olunsa da, keçmiş deputat müraciətlərə məhəl qoymayıb.
Sakinlərin müraciətini və qeyri-qanuni zəbt olunmuş ərazinin şəhərin baş planına uyğun olmadığını rəhbər tutaraq, 6 avqust 2020-ci il tarixindən 5 ha ərazinin qarşı tərəfin nümayəndəsi olmaq şərtilə boşaldılmasına sərəncam verilib. Bu gün deputat Fazil Mustafanın müdafiəçi qismində qeyri-qanuni zəbt olunmuş ərazini gündəmə gətirməsi Göyçay şəhər sakinlərini hiddətləndirib. Bu gün onlarla sakin RİH-yə bununla bağlı müraciət edib”, - İH-nin açıqlamasında deyilib.
Qeyd edək ki, millət vəkili Fazil Mustafa Milli Məclisin iclasında Göyçay Rayon İcra Hakimiyyətində qanunsuz əməllərin davam etdiyini qeyd edib.