Axtarış...

Rusiyanın Qarabağda hərbi ekspansiyası: - Putin “sülhməramlı” maskanı cırdı, işğala başladı...

Rusiyanın Qarabağda hərbi ekspansiyası: - Putin “sülhməramlı” maskanı cırdı, işğala başladı...
Rusiya Cənubi Qafqazda hərbi ekspansiyasını Qarabağda həyata keçirir. Buna işğal siyasəti demək lazımdır. Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyada, eləcə də Moldovanın Dnestryanı bölgələrində separatizmin korşalması və köhnəlməsi Putin neoimperializminin yeni həmlə axtarışı ilə nəticələndi. Çünki onlar darıxırdılar, separatizm ocaqlarını qalamaq və alovlandırmaq, özlərinin varlığına ehtiyac hiss etdirmək lazım idi.
200 illik Pyotr vəsiyyətinin çin olması Putin iqtidarının qismətinə düşdü. Artıq Rusiya “sülhməramlı” missiya adı ilə yerləşdiyi ərazilərdə ağa kimi davranır. Budur, 44 günlük müharibədən sonra Rusiya hərbi varlığını Qarabağda təmin edib: Paşinyan cəzalanıb, biz torpaqların əhəmiyyətli hissəsini azad etmişik, amma əvvəl təkcə ermənilərlə üz-üzə qalmışdıqsa, indi üstünə bir də rus problemi gəlib.
Anaxeber.info 10 noyabr sənədinin imzalandığı gündən bu prosesin mahiyyətini yuxarıda təsvir etdiyimiz kimi analiz edirdi. Yəni Rusiya Cənubi Qafqazda hərbi ekspansiyasını reallaşdırıb. Bu, onların ən azı yaxın 30 ildə ən böyük arzularından biri idi. Hətta arxivi eşələyəndə keçmiş komandadan Vəfa Quluzadə, Eldar Namazov kimi kadrların çıxışlarına rast gələrkən aydın olur ki, Rusiya Azərbaycanla danışıqlarda ətraf rayonların işğaldan azad olunması qarşılığında öz qoşunlarının Qarabağa yerləşməsi təklifini irəli sürürmüş, Bakı buna razı olmurmuş.
Eyni zamanda, Elçibəy hakimiyyətinin ömrünün qısa olması da məhz rus ordusunun Azərbaycandan çıxarılması idi. Əgər AXC iqtidarı Moskva ilə bu şəkildə sərt danışmasaydı, daxildə parçalanma, Surət Hüseynov qiyamı və nəticədə Elçibəyin gedişi olmazdı. Və təxminən 30 il sonra rus əsgərinin ayağı Azərbaycan torpağına dəyir - 10 noyabr sənədi ilə...
İndi nə baş verir: Kreml onsuz da bizə agah olan maskasını cırmağa başlayıb. Sadəcə, ilk günlərdə hiyləgər və sülhçü imitasiyası ilə baş qatmağa, ictimai rəydə xal qazanmağa çalışırdılar. Son həftələrdə isə Rusiya əsl işğalçı simasını Azərbaycana göstərməkdədir. Bütün baş verənlərin iki leytmotivi var - sülhəramlıların bölgədə mövcudluğunun ömrünü daha uzatmaq və onlara mandat verilməsinə nail olmaq, hüquqi sənəd imzalamaq. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacyev də təsdiqləmişdi ki, danışıqlar gedir. Amma erməniməramlı niyyətlə Qarabağa yerləşmiş rus qoşunlarına heç bir status verilməməlidir.

Aşkar təcavüz: ermənilə müttəfiqdən sülhməramlı olarmı?

Rusiya Azərbaycan tərəfini buna görə sıxışdırır və faktiki olaraq, biz Ermənistanla deyil, Rusiya ilə Qarabağın dağlıq bölgəsində suverenliyin təmin olunması uğrunda mübarizə aparırıq. Moskva isə bütün riyakarlıqlara əl atır: Minsk Qrupunda olan rus həmsədr Xoxayev Qarabağdakı separatçı rejimin dəstəbaşı Araik Aryutunyanla görüşür (heç bir halda tərəf olmayan və terrorçu ilə), sülhməramlıların komandanı Rüstəm Muradov sütenyorluq missiyasını başa vurarkən öz tulaları olan Ermənistanın müdafiə naziri Karapetyanla görüşüb vidalaşır və bizim torpaqlarda guya sülhyaratma işini görməli olan tabasaran generalı Azərbaycan tərəfi ilə xudahafizləşmir, yerinə separatçı bölgə olan Abxaziyada xidmət çəkmiş general-mayor Kosobokovun gətiriləcəyi xəbərini erməni mənbələri yazır, bu da azmış kimi, Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağda tikinti işləri ilə əlaqədar tender haqda verilən məlumatda “Dağlıq Qarabağ Respublikası” qeyd olunur, bizim Xarici İşlər Nazirliyinin etiraz notasına baxmayaraq, bu qəsddən edilən səhvin düzəldilmir, kəsəsi, kor-kor, gör-gör şimal qonşunun aşkar təcavüz siyasəti ilə qarşı-qarşıyayıq. Əslində, Rusiyanın bölgədə “sülhməramlı” qüvvə yerləşdirməsi də absurddur.
Çünki sülhyaratmaq missiyasını tərəf olmayan ölkə yerinə yetirməlidir. Rusiya Ermənistanla rəsmi şəkildə hərbi-siyasi müttəfiqdir, KTMT-də birgə üzvdürlər, bu gün də Moskva erməni ordusunu müharibədən sonrakı itkilərinə görə dirçəldir, modernizasiya edir, silah verir, belə olan halda hansı bitərəflikdən söhbət gedə bilər ki, ruslar Qarabağda sülhməramlı olsunlar?!
Rusiya Minsk Qrupunda həmsədr ölkədir, amma ermənilərlə müttəfiqdir, Qarabağda sülhpərvərdir, bir-birinə daban-dabana zidd olan reallıqlardır.

Cəmil Babayev niyə İrəvandan gətirildi?

Eyni zamanda, general Muradovun Ağdərədə girov götürülən hərbçimiz Cəmil Babayevi Azərbaycana təhvil verərkən yenə iki nüans diqqət çəkir: əsgərimizə görə iki erməni əsir qaytarılır, yəni alver predmetinə çevrilir, ikincisi, Babayev İrəvandan gətirilir. Əsgərimiz Ağdərədən Ermənistan paytaxtına necə və niyə aparılıb?
Rusiya sülhməramlıları buna göz yumublar, yoxsa özləri İrəvana təhvil veriblər? Ağdərədə olan sülhməramlılar sadəcə, Cəmili elə oradan - öz torpağımızdan Bakıya göndərməliydilər. Yəni Azərbaycan hakimiyyəti Rusiyanın bu açıq təxribatçı və işğalçı gedişləri qarşısında daha sərt siyasət yürütməlidir, antiterror əməliyyatlarına başlanmasının ilk əlamətləri düşmənə göstərməliyik.
Necə ki Gorus-Qafan yolunu bağlamaqla, Türkiyə xüsusi təyinatlıları ilə birgə Laçında təlimlər keçirməklə “əzələ nümayişi” edirik, eləcə də Rusiyanın bu provokativ addımlarından çəkindirmək, sülhməramlılara mandat tələbini ertələmək üçün azad olunmayan ərazilərdə lokal əməliyyatlar olsa belə həyata keçirməliyik.
Əks halda Solovyovlar, Jirinovskilər, Zatulinlər hələ çox hürəcəklər. Məsələn, Dumanın ermənipərəst üzvü Konstantin Zatulin separatçı rejimin İctimai televiziyasına müsahibə verib. Zatulin bizi müharibə ilə təhdid edib. Siat: “İstəyirsiz inanın, istəyirsiz inanmayın, mən əminəm ki, Rusiya Federasiyası bölgəyə çox ciddi şəkildə və uzun müddətə gəlib. Və Rusiya Federasiyası Azərbaycana da, yəqin Türkiyəyə də izah etməyi bacarar ki, onun burada olmasını zəruri edən, müharibənin yenidən başlamamasıdır”.

Rus işğalçısı aman versə...”sülhməramlı” say 8 minə çatıb

Yəni rus qoşunları Qarabağdan getsələr, müharibə başlaya bilər. Bəli, başlayar, amma savaş yox, antiterror əməliyyatları...Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd azad oluna bilər, araiklər, balasanyanlar tutulub Bakda mühakimə oluna bilər və cəmi iki günə ordumuz bunu həll edə bilər.
44 gündə başı əzilmiş Ermənistan ordusunun isə döyüşlərə qatılacaq taqəti qalmayıb. Amma Rusiya aman versə...Elə işğala tam son qoyulmaması da Moskvanın ucbatından oldu. Əsgərimiz Xankəndində idi, 10 noyabr sənədi ilə geri qaytardılar və bizim ordumuzun, bayrağımızın olmalı olduğu yerdə indi rus qoşunu, rus bayrağı var, erməni qızlarını hamilə qoymaqla məşğuldurlar. Üstəlik, bizdən sülhməramlılar üçün mandat tələb olunur.
BMT-nin rəyi olmadan rus işğalçı kontingentinə heç bir status, legitimlik verilə bilməz. Ruslar müqavilə ilə yerləşiblər. Müqavilədə 1960 nəfər rus əsgərinin olması göstərilib. Amma onların sayı 5 dəfə artıqdır.
Bunu Milli Məclisin Xocalıdan olan deputatı, hakimiyətin tərəfdarı olan Elman Məmmədov təsdiqləyir. Onun sözlərinə görə, Rusiyanın hərbi kontingenti separatçı rejimə himayədarlıq edir: “Deyirdilər ki, sülhməramlıların sayı 1960 nəfər olacaq, ancaq onların böyür-başında bu müddət ərzində xidmət personalı, Rusiyanın başqa nazirliklərinin - Rusiya Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin 7-8 min əməkdaşı gəlib oraya yığışıb. Axı bu, razılaşmada əks olunmamışdı, siz nə etmək fikrindəsiniz? Bu suala cavab vermək lazımdır”.
Beləliklə, bizim Qarabağda bir separatçı-quldur erməni dəstələri ilə problemimiz varıydı, üstünə işğalçı rus ordusu da gəlib...
Anaxeber.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz