Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli atəşkəs bəyanatı sülhməramlı qüvvələrlə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Bəyanatın üçüncü bəndində qeyd olunur ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusu sülhməramlı kontingent olaraq yerləşdirilir.
Bəyanatın imzalamasından altı ay ötsə də, bu müddətdə Rusiya sülhməramlı missiyasının mandatdan kənar addımlara yol verdiyi, sülhməramlı adı ilə öz maraqlarını həyata keçirdiyi və tərəflərə təzyiqlər etdiyi barədə məlumatların ardı-arası kəsilmir. İddialar səsləndirilir ki, Rusiya bəyanatda qeyd olunandan dəfələrlə artıq sayda hərbi qulluqçusunu əraziyə yerləşdirib.
Bəs, görəsən sülhməramlı missiya nədir və mandatına nələr daxil olmalıdır? Beynəlxalq təcrübə bu məsələdə nə deyir?
İkinci Dünya müharibəsindən və faşizmin süqutundan sonra dünyanın ən güclü 50 dövləti “Ümumdünya Hökuməti” adını verdiyi Birləşmiş Millətlər Təşkilatını (BMT) təsis etdi. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək olan BMT Sülhməramlı Qüvvələri dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qarşısını almaq üçün həmin ərazilərə hərbi kontingent yerləşdirdi.
Hazırda BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərir. Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirilir. Statistikaya nəzər yetirsək, görərik ki, BMT mandatlı 13, bu mandat altında fəaliyyət göstərməyən 7 sülhməramlı missiya mövcuddur.
Sülhməramlı missiya ilə bağlı qəbul olunmuş beynəlxalq protokolda göstərilir ki, onlar qərəzsiz və neytral olmalıdırlar. Yalnız mandatları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər. Eyni zamanda keçid dövrünün çətinliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərin yaradılmasına, əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək olmalıdırlar.
Bu məqamda bildirək ki, indiyə qədər Rusiya sülhməramlıları çoxsaylı münaqişə ocaqlarında fəaliyyətdə olub. 1992-ci ildə Moldova, 1994-cü ildə Gürcüstan, 2015-ci ildə Donbass və s. ərazilərdə hərbi qüvvələr yerləşdirilib. Həmçinin Rusiya sülhməramlı qüvvələri Bosniya və Hersoqovina, Kosov və Metoxiya, Anqola, Çad, Serra-Leon, Sudan və Suriyada fəaliyyət göstərirlər. Bütün bunlar Rusiyanın bu sahədə dərin təcrübəyə malik olduğunu söyləməyə əsas yaratsa da, reallıq bunun əksini deyir.
Çünki Rusiya vaxtilə Gürcüstana sülhməramlı adı ilə yerləşsə də, sonradan Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıyıb. Ardınca anoloji addımı Ukraynada atıb. Bütün bunlar rəsmi Kremlin sülhməramlı adı ilə dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərində maraqlı oldğunu, onun iradəsindən kənar addımlar atacaqları təqdirdə təzyiq rıçaqlarını işə salacağını deməyə əsas yaradır. Hətta Rusiyanın sülhməramlı kimi qədəm qoyduğu münaqişə ocaqlarını ilhaq etdiyinə dair təcrübələr də var.
Bu xüsusda qeyd edək ki, Azərbaycan hərbçiləri də Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar. Adıçəkilən dövlətlərin sülhməramlı missiyasında yüzlərlə Azərbaycan hərbçisi xidmət göstərir.
Milli Məclisin üzvü, tarixçı alim, professor Anar İsgəndərov AYNA-ya şərhində deyib ki, sülhməramlılar təcrübəsi XX əsrin əvvəllərindən mövcud olub: “Birinci Dünya müharibəsinin nəticələri ilə bağlı Paris Sülh Konfransı qərarlar qəbul edərkən, o qərarlardan biri də sülhməramlı qüvvələrlə bağlı olub. Osmanlı və Almaniya imperiyalarının süqutundan sonra torpaqların bölüşdürülməsi məsələsi ilə bağlı ortada tarixi təcrübə var. Məhz o zaman dövlətlər arasında mövcud olan narazılıqlar fonunda sülhməramlıların rolu məsələləri xüsusi olaraq qabardıldı. İkinci Dünya mühairbəsindən sonra isə sülhməramlılarla bağlı məsələ xüsusi aktuallıq qazandı. Dünyanın ayrı-ayrı yerlərində məhəlli müharibələrlə bağlı, xüsusilə ötən əsrin 60-cı illərindən Afrikada sülhməramlı missiyalar fəaliyyətə başladı”.
“XX əsrin sonu və XXI əsrin əvəllərində acı təcrübələr Osetiya, Abxaziya, Dnestryanı ərazilər və onlarla başqa münaqişə zonaları oldu. Afrikada bu gün də sülhməramlılar fəaliyyət göstərir. Eləcə də Suriyada, Bosniya və Hersoqovina, Kosov və Metoxiyada və s. Azərbaycana gəldikdə isə, ötən əsrin 90-cı illərində müstəqilliyi elan etdiyimiz dövrdə Ermənistana havadarlıq edən qüvvələr bu gün də həmin siyasətini davam etdirir. Heç şübhəsiz, Azərbaycanın özünə qalsaydı, biz çoxdan öz doğma torpaqlarımızı işğaldan azad edərdik. Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi ona görə baş verdi ki, biz heç bir güllə atmadan, şəhid və qazilər vermədən üç rayonu tamamilə işğaldan azad etdik. Hesab edirəm ki, bu, optimal addım idi. Sözsüz ki, rus sülhməramlı missiyası öz mandatından kənara çıxacaqsa, biz bu məsələni gündəmə gətirə və bəyanatda nəzarətdə tutulan 5 il müddətinin tamamında öz hüququmuzdan istifadə edə bilərik”, - deyə deputat bildirib.
Rusiya sülhməramlı qüvvələrinin təxribatçı fəaliyyətindən danışan həmsöhbətimizin sözlərinə görə, dünyanın harasında sülhməramlılar varsa, orada problemlər var: “Bunu heç kim inkar edə bilməz. Çünki sülhməramlılar o yerlərdə yerləşir ki, həmin ərazilər münaqişə və mübahisə ocaqlarıdır. Təbii ki, hər bir tərəf istəyir ki, ilk növbədə onun maraqları təmin olunsun. Bu, təbiidir. Bir tarixçi alim olaraq deyə bilərəm ki, dünya təcrübəsində sülhməramlıların fəaliyyətindən tam razı qalınması faktı olmayıb. Problemli yerə ordu və ya silah gəlirsə, o ordu və silahı yeridənlər ədaləti 100 faiz təmin edə bilməzlər”.
“Lakin bir məsələ var ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanı silahla təhciz edən, Şuşaya atılan “İsgəndər-M” raketlərini onlara verən ölkə də məlumdur. Bununla bağlı Azərbaycan ən yüksək səviyyədə - dövlət başçısı səviyyəsində kəskin etirazını bildirib. Hesab edirəm ki, Azərbaycanın bununla bağlı haqlı suallarına sülhü təmin etmək öhdəliyini üzərinə götürmüş Rusiya tərəfi yetərli cavab verməyib. Lakin biz bu məsələdə səbrli olmalıyıq. Çünki biz qısa müddət ərzində öz torpaqlarımızı işğaldan azad etmişik. Təbii ki, Rusiya öz həddini aşacaqsa, ona cavab vermək haqqımızı da özümüzdə saxlayırıq”, - deyə İsgəndərov vurğulayıb.
Rusiyanın birtərəfli siyasət yürütməsini onun imperialist maraqları ilə əlaqələndirən professor əlavə edib ki, Rusiya açıq şəkildə Cənubi Qafqazda marağı olduğunu bəyan edir: “Məhz elə bu marağı olduğuna görə sülhməramlı qüvvələrini Dağlıq Qarabağa yerləşdirməyə çalışırdı. Buna nail oldu da. Rusiya bu qüvvələri yerləşdirərkən öz üzərinə öhdəliklər götürüb. Əminəm ki, proses yarımçıq qalmayacaq. Düzdür, Azərbaycanın bəzi əraziləri hazırda ölkəmizin idarəçiliyindən müəyyən mənada kənardadır. Lakin bu, Rusiyanın idarəçiliyi anlamına gəlməməlidir. Bu ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın əraziləridir. 10 noyabr bəyanatına görə, Ermənistanın hərbi qüvvələri bütün bu ərazilərdən çıxmalıdır. İnanıram ki, Azərbaycanın qətiyyəti nəticəsində zamanla bütün bu problemlər də öz həllini tapacaq”.