Axtarış...

Rusiya Qarabağda “ikili oynayır?” - “Çanaq öz başında çatlayacaq”

Rusiya Qarabağda “ikili oynayır?” - “Çanaq öz başında çatlayacaq”

Ermənistanda vəziyyət günü-gündən pisləşir. Artıq baş nazir Nikol Paşinyanla prezident Armen Sarkisyan arasında ziddiyət yaşanmaqdadır. Əlbəttə, bunun bizə heç bir aidiyyəti yoxdur. Rəhmətlik Sabir demiş, necə tarac olurlarsa olsunlar, nə işimiz var...Amma müəyyən iddialara görə düşmən ölkədə revanşist qüvvələrin bu qədər iddialı danışması təsadüfi deyil.

Rusiya öz for-postuna “yaşıl işıq” yandırıb. Əks halda narazı qüvvələr heç vaxt bu qədər cəsarətli ola bilməzlər. Əgər, həqiqətən, belədirsə, deməli, Kremlin sözü ilə əməli üst-üstə düşmür. Çünki prezident Vladimir Putin başda olmaqla ayrı-ayrı rəsmi şəxslər elə hey bölgədə sabitliyin, sülhün tərəfdarı olmaqla bağlı bəyanatlar səsləndirirlər. Yəni, doğrudanmı, Moskva “ikili oyun oynayır”?

BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli “Sherg.az”a açıqlamasında səslənən iddialara münasibət bildirdi:

“Ermənistandakı vəziyyətə təsir göstərən yeganə amil Rusiya faktoru deyil. Daxildəki narazı qüvvələr, həmçinin xaricdəki diaspor məğlubiyyətlə barışmaq istəmir. Və, əlbəttə, belə olan halda Kreml də öz mövqeyini ortaya qoyur. O, bir tərəfdən mövcud situasiyadan Paşinyana qarşı təzyiq aləti kimi istifadə edir, digər tərəfdən isə Azərbaycana mesaj verir. Moskva öz mövcudluğunu göstərməklə Cənubi Qafqazda söz sahibi olduğunu demək istəyir. Lakin Rusiya Ermənistan cəmiyyətini nə qədər sıxışdırsa da, təzyiq bundan o tərəfə keçməyəcək. Yəni savaşın bərpa olunacağına inanmıram”.

S.Məmmədlinin fikrincə, ziddiyət kəskinləşsə, “çanaq Rusiyanın başında çatlayacaq”:

“Şimal qonşumuzun qarşıdurmanı davam etdirib, hərbi sferaya daşıyacağına inanmıram. Çünki ABŞ prezidenti Co Baydenin Putinə kəskin münasibəti, Avropa Birliyinin və ABŞ-ın sanksiyaları, NATO-nun Qara dənizdə təlimləri, Ukraynanın fəallaşması göz qabağındadır. Üstəgəl, NATO Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətindən razı deyil və onu eksponsionist adlandırır. Odur ki, Moskva silahlı toqquşmaya çalışsa, bu, onun regiondakı sonu olacaq”.

Professor, həmçinin rəsmi İrəvanın Rusiyaya münasibətindən danışdı:

“Biz ötən mitinqlərdə Paşinyan tərəfdarlarının kifayət qədər çox olduğunu gördük. Onların əksəriyyəti, bəlkə də, hamısı Kremlə qarşıdır. İnsanlar bir azdan sonra Rusiyanın Ermənistanda “at oynatmasına” icazə verməyəcəklər. Hətta 102- ci hərbi bazanın mövcudluğu da sual altındadır. Üstəgəl, Avropa Birliyi də Rusiyanın Cənubi Qafqazda söz sahibi olmasını istəmir. Bir çox ölkələr onun regiona nəzarət imkanını ələ keçirmək istəyir. Deməli, Kreml bütün bunları nəzərə alaraq əsla “alova benzin tökməz””.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz