Axtarış...

“Sənədlərdə yanlışlıq, şübhəli məqam varsa, sübut edin” - NARAZILIQ!

“Sənədlərdə yanlışlıq, şübhəli məqam varsa, sübut edin” - NARAZILIQ!

“Pensiyamı kəsiblər, vəziyyətimiz çox ağırdır. Ailəmin yemək, kommunal və dərman pulu yoxdur. Özümsə ağır ürək xəstəsiyəm”.

Şikayətçi Tofiq Əliyev Meydan TV-yə açıqlamasında belə deyir.

Qırx doqquz il dənizdə qaynaqçı işləyən Tofiq Əliyev artıq on bir aydır ki, təqaüdünü ala bilmir:

“Ötən ilin oktyabrından pensiyamı kəsiblər. Gözləyirəm ki, pensiyam karta köçürüləcək, amma pul yoxdur. Düşündüm ki, nəsə problem yaranıb. Hara zəng etdim, heç bir nəticəsi olmadı. Dedim, yəqin, pulu gələn ay verəcəklər. Yenə gözlədim, təqaüddən heç bir xəbər-ətər çıxmadı. Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim, dedilər ki, sizin sənədlərinizdə şübhəli məqamlar var, yoxlayırıq. Üzərindən on bir ay keçib, bu yoxlama hələ də bitməyib. Sənədlərdə yanlışlıq, şübhəli məqam varsa, bunu sübut edin. Yox, sübut edə bilmirsinizsə, pensiyamı verin. Mən yaşamalıyam axı. Yaşlı adamam, işləmirəm. Necəsə dolanmalıyam”.

Şikayətçi məsələ ilə əlaqədar Prezident Adminstrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

O deyir ki, problemi ilə maraqlanan hələ də maraqlanan yoxdur:

“Sosial Müdafiə Fonduna, digər təşkilatlara dəfələrlə müraciətlərimiz heç bir nəticə vermədi. Yoxsulluğun astanasındayıq. Atıq əlimi hər yerdən üzmüşəm. Bakı İnzibati Məhkəməsinə müraciət etmişəm, ikinci dinləmə sentaybrın 15-də olacaq. On altı yaşımdan dənizdə işləmişəm. Qırx doqquz il stajım var. Pensiyam 1669 manat təşkil edir. Bu məsələnin tezliklə həll olunmasını istəyirəm”.

Meydan TV-nin məsələ ilə bağlı sorğusunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili cavablandırıb:

“Əliyev Tofiq Əlikişi oğluna 01.06.2012-ci il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilib. Sonralar müraciəti əsasında onun pensiyası işləmiş olduğu peşə sahəsi 2007-ci ildən qüvvədən düşmüş, 320 nömrəli 21.06.1993-cü il tarixli qərarın 1 nömrəli siyahısına aid edilərək 01.06.2007-ci ildən, yəni 52 yaşından götürülməklə yenidən hesablanaraq artırılıb. Beləliklə, 01.10.2020-ci il tarixə vətəndaşa ödənilən pensiyanın aylıq məbləği 1669,77 manat olub. Lakin ötən il araşdırmalar zamanı onun işləmiş olduğu peşə sahəsinin əslində qeyd edilən siyahıda nəzərdə tutulmadığı, pensiyasının 52 yaşından götürülməklə yenidən hesablanaraq artırılmasının düzgün olmadığı müəyyən edilib. Qanunvericiliklə təyin olunmuş məbləğlə sonradan əsassız yenidən hesablanmış pensiya məbləği arasındakı fərq məbləğləri üzrə 01.10.2020-ci il tarixədək ona ümumilikdə 88805,33 manat artıq vəsait ödənildiyi aşkar edilib”.

Fond sözçüsü həmçinin qeyd edib ki, Tofiq Əliyev 2020-ci ilin noyabrında nazirlikdə qəbul edilib. Ona təyin olunmuş və yenidən hesablanmış əmək pensiyası barədə ətraflı məlumat verilib:

“Qanunvericiliyin şərtləri nəzərinə çatdırılıb. Yəni ərizə ilə müraciət edəcəyi təqdirdə ona artıq ödənilmiş məbləğin tutulması şərtilə təmin edilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq, əmək pensiyası hüququna baxılacağı vətəndaşa bildirilib. Həmçinin nazirlikdən ona 05.02.2021-ci il tarixli məktub da göndərilərək, bu barədə məlumat verilib”.

Rəşad Mehdili qeyd edib ki, Tofiq Əliyevin pensiyasının əsassız artırılması ilə bağlı aşkar olunmuş neqativ halların başqa şəxslərə qarşı münasibətdə də baş verdiyi müəyyən edilib.

Bununla bağlı toplanmış materiallar hüquqi qiymətin verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Meydan TV
Text-to-Speech

DİNLƏ






Şərh yaz