Axtarış...

“İcra başçısı dedi, bu qədər adam bir nəfəri dartıb otağından çıxara bilmir?” - Yasamalda ÇƏKİŞMƏ

“İcra başçısı dedi, bu qədər adam bir nəfəri dartıb otağından çıxara bilmir?” - Yasamalda ÇƏKİŞMƏ

“24 kvadratmetrlik obyektimi, ona bitişik 12 kvadratmetrlik otağımı sökdülər, qara qəpik də ödəmədilər. O obyektə görə evimi bankda girov qoyub pul götürmüşdüm, obyektdən gələn gəlirlə bankın kreditini ödəyirdim, neçə aydır onu da ödəyə bilmirəm, indi o evi ailəmin əlindən alırlar, özlərini də çölə atırlar”.

Birinci Qarabağ Müharibəsi qazisi, 1-ci qrup əlil Ağalar Dostəliyevin ötən ilin dekabrında Yasamal rayonu ərazisində yerləşən obyekti və içərisində yaşadığı otaq sökülüb. Şikayətçi deyir, 3 il əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin o vaxtkı rəhbərliyi Qarabağ əlili olduğuna görə ona həmin ərazidə torpaq sahəsi ayırıb ki, özünə kiçik iş qurub ailəsini dolanırsın. Qurumdan ona söz veriblər ki, yaxın vaxtlarda sənədləşdirmə də olacaq. Ancaq qurumun rəhbərliyi dəyişib və Ağalar Dostəliyev həmin sahəyə sənəd ala bilməyib. Həmin sahənin 24 kvadratmetrində obyekt, 12 kvadratmetrində isə otaq tikib, məişət cihazlarının təmiriylə məşğul olub. Ötən ilin sonunda Yasamal Rayon İcra Hakimiyyətindən əraziyə gələrək abadlaşdırma ilə əlaqədar tikililərin söküləcəyini bildiriblər. Dekabrda söküntü baş tutsa da, vətəndaşa kompensasiya ödənilməyib.

“Ora mənim 20 illik çörək yerim idi”

“Mən 20 ildir həmin ərazidə məişət avadanlılarının təmiriylə məşğul olurdum, ailəmi saxlayırdım, hökumətə yük deyildim, heç nə istəmirdim. Sadəcə, əvvəllər təmir sexim üzbəüz yerdə idi, sonra icra hakimiyyəti yolun bu biri tərəfində yer verdi, 3 il əvvəl orda tikdim, işimə davam etdim. Ötən il gəlib dedilər, burda park salınıb, prezident parka gələcək, obyektlər sökülməlidir, buralar abadlaşdırılmalıdır. Sənin yerin də plana düşüb. Söz verdilər ki, kompensasiya ödəniləcək. Ordakı obyektlərin heç birinin sənədi yox idi, obyekt sahibləri ailələrini tökdülər ortalığa, səs-küy saldılar, bu yolla kompensasiya ala bildilər. Mən əlil adam, işin sonunu gözlədim. Növbə mənim yerimə çatanda dedilər, sənədin yoxdur, obyektin qanunsuz tikilidir. Respublika Xəstəxanasının bir yataqxanası var, hansı ki orda illərlə köçkünlər yaşamışdı, onlar yataqxandan köçürüləndən sonra binanı sökmüşdülər, yarımçıq qalmışdı. Dedilər, o yataqxana binasının zirzəmisinə köç, orda yaşa. Dedim, axı, burda mənim 36 kvadratmetr yerim var, bu yer mənə əlil kimi verilib, pulunu ödəyin, gedim başqa yerdə obyekt alım, işimi davam etdirim”, - Ağalar Dostəliyev deyir.

“Ailəm evdən çıxarılır, özüm də sığınacaqda yaşayıram”

Ağalar Dostəliyev deyir, onu obyektdən döyə-döyə çıxarıblar və polis şöbəsinə apararaq 3 gün orada saxlayıblar:

“Hamı pulunu alıb getmişdi, bircə mən qalmışdım. İcra başçısı əraziyə gələndə işçiləri dedi, bu, Qarabağ əlilidir, yerinin sənədi yoxdur, çıxmır. İcra başçısı dedi, bu qədər adam bir nəfəri dartıb otağından çıxara bilmir? O çıxıb gedəndən sonra məni ordan sürüyə-sürüyə, döyə-döyə çıxartdılar, apardılar polis şöbəsinə, 3 gün orda saxladılar. Şöbədən buraxılıb gəldim, gördüm obyektimi də, otağımı da içərisindəki əşyalarla şumlayıb, yerlə yeksan ediblər. Orda mənim məişət cihazlarının təmiri üçün dəzgahım, avadanlıqlarım vardı, heç birini tapmadım. O obyekti qurmağa, o avadanlıqları almağa, o otağı düzəltməyə ailəmin yaşadığı evi girov qoyub bankdan 8 min kredit götürmüşdüm. Təkcə kredit yox, öz maşınımı da, yoldaşımın qızıllarını da satıb obyektin üstünə qoymuşdum ki, ailəmin çörək yeridir, məndən sonra oğluma qalar, o da işi genişləndirər. Neçə vaxtdır işsiz qalmışam, krediti ödəyə bilmirəm, bank ailəmin yaşadığı evini əlindən alır, özümsə sığınacağa gəlmişəm, ailəmlə münasibətim pozulub, hər şeydə məni günahlandırırlar. İcra hakimiyyəti obyektimi sökməklə bütün həyatımı alt-üst eləyib”.

Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, abadlıq işləriylə əlaqədar Bakının “Şamaxinka” adlanan ərazisindən 2-ci Alatava yaşayış massivinədək yol kənarındakı köhnə, şəhərin görünüşünə xələl gətirən tikililər sökülüb, yol genişlənib. Bu tikililər ətrafda pintilik və tıxac yaradan xırda ticarət obyektləri olub. Sənədi olan obyektlər kompensasiya ödənilib: “Ağalar Dostəliyev yaşamağa yeri olmadığını bildirib, ona yataqxanada otaq təklif olunub, razılaşmayıb”. //meydan.tv//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz