Axtarış...

"Axı, mənim o qədər pulum yoxdur..." - GİLEY

"Axı, mənim o qədər pulum yoxdur..." - GİLEY

“Mənə deyirlər ki, sən evi tik, biz də suvağını vuraq. Əgər evi tikməyə imkanım çatırsa, daha sizin bir neçə kisə simentiniz nəyimə gərəkdir?” DİA.AZ bildirir ki, bu sözləri Ağsu şəhər sakini Elşən Nağıyev deyir. Söyləyir ki, ötən ilin sonlarında podratçı təşkilatın işçiləri tərəfindən həyətinə bir maşın qum, 37 kisə sement və bir neçə qab emulsiya qoyaraq gediblər:

“Ötən il zəlzələ olanda evimlə bağlı müraciət etdim. Ağsu Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib evə baxış keçirdilər, təmir yazıb, akt tərtib etdilər. Mən bununla razılaşmadım, dedim ki, 50 ilin evidir, kərpicdən tikilib. Evin arxası getdikcə yerin dibinə batır. Amma mənə məhəl qoyan olmadı. Mən də Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdım. Ağsu Rayon İcra Hakimiyyətindən cavab gəldi ki, ayrılan smetaya uyğun evdə yalnız təmir işi aparılacaq. İki ay keçdi, gətirib həyətə sement, emulsiya və qum töküb getdilər.

Dedilər ki, evə ancaq suvaq çəkiləcək, döşəmə ilə tavanı dəyişmirəm. Təmirdə tavanla, döşəmə dəyişməməlidir. Soruşuram, niyə dəyişmirsən? Qohum-əqrabanın evinə təmir yazmısan, döşəməsini də, tavanını da dəyişmisən. Hirsləndim ki, onda bura niyə gəlmisən? Axırda dedim ki, evin yanı uçub, heç olmasa, onu tikin. Dedi ki, özün daşla hör, mən sonra sənə kömək edim. Elə iş olar? Min daş alsam, beş yüz manat edir. Axı, mənim o qədər pulum yoxdur. Qumu, sementi elə də qoyub getdilər. Dörd ay keçib, yağış sementin üstünə yağıb, olub daş”.

Şikayətçi növbəti dəfə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məktub yazıb. Agentlikdən cavab gəlib ki, artıq sizin fərdi mənzilinizdə tikinti işləri aparılır. Bundan sonra o, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinə üz tutub: “Cavab gəldi ki, evimdə təmir gedir. Məcbur olub, bu il yanvarın 13-də Bakıya gəldim, Prezident Adminstrasiyasında oldum. Orada da eyniməzmunlu məktubumu təqdim etdim. Onlara dedim ki, gəlin, evə özünüz baxın. Babək küçəsində yeganə Qarabağ əlili mənəm, müharibədə canımı qoymuşam. Mənimlə eyni vaxtda müraciət edən adamların evini tikirlər, yaxud təmir edirlər. Lakin mənim şikayətimə baxan yoxdur. Onlara dedim ki, evim təmirlik deyil, yenidən tikilməlidir. Mənə dedilər ki, narahat olma, Ağsu Rayon İcra Hakimiyyətinə deyəcəyik, sənin evin tikiləcək. Söylədilər ki, bugünlərdə tikintiyə başlanılacaq. Yanvarın 13-dən gəlmişəm, hələ də xəbər-ətər yoxdur. Neçə dəfə də zəng etmişəm. Cavab verən yoxdur, telefonu götürmürlər.

İki gün öncə Ağsu Rayon İcra Hakimiyyətinə getdim. Problemimi danışdım. Orada da adama heç məhəl qoymurlar. Adamla elə söhbət edirlər, danışmasalar ondan yaxşıdır. Deyir ki, neyniyim, döyüşmüsən. Əsəbləşdim, dedim, sən burada rahat oturanda, mən müharibədə döyüşüb, yaralanmışam. Bildirdilər ki, təmirlə bağlı akt yazılıbsa, tələsmə. Necə tələsməyim? Heç nə etmirlər”.

Elşən Nağıyev söyləyir ki, qəzalı vəziyyətdə olan evin bir otağının tavanı qışda tamamilə qopub, FHN nümayəndələri təkrar baxış keçirsələr, evin qəzalı vəziyyətdə olduğuna əmin olacaqlar: “Müharibədə canımı qoymuşam ki, indi uçuq-sökük damda yaşayım? Qarabağda döyüşüb, amma yaralanmayanlarla eyni pulu alıram. Heç olmasa, evimi tiksinlər. Evin tavanı tamamilə qopub sallanırdı. Mən də söküb, yerə qoydum. Mən bir maşın daşı hansı pulla alım? Səksən manat pensiya ilə necə daş alım? Gözümün ağı, qarası bir oğlum var, hazırda əsgərlikdədir, qayıdıb, gələndən sonra evlənəcək. Düzünü danışaq, baxın, bu evdə necə yaşamaq olar? Nə təmir edirlər, nə də tikirlər. Artıq bir il tamam olub”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz