Axtarış...

Təhsil sistemində M. Vəliyeva erası

Təhsil sistemində M. Vəliyeva erası



Təkcə paytaxtın deyil, ölkənin ən prestijli təhsil ocaqlarından biri hesab olunan 20 saylı məktəbdə direktor dəyişikliyindən sonra narazılıqlar səngimir. Bakının ən görkəmli yerində-Fəxri Xiyabanın və qanunverici orqanın yaxınlığında yerləşməsinə baxmayaraq burada yalnız bir neçə nəfərin qanunları işləyir. Pedaqoji bioqrafiyası qalmaqallarla dolu olan Esmira Ağayevanın direktor təyinatından sonra vəziyyət heç də ürəkaçan deyil.
Təhsil sistemində eks nazir müavini Məhəbbət Vəliyevanın qohumu və yaxın rəfiqəsi kimi tanınan Esmira Ağayevanın vəzifə pillələrində yüksəlişi heç də birmənalı qarşılanmayıb. Media üzərindən apardığımız araşdırmalar nəticəsində bu barədə ilginc məlumatlar əldə etmişik. Hələ 214 saylı məktəbin direktoru olduğu zaman mətbuatda E.Ağayevanın fəaliyyəti barəsində kifayət qədər tənqidi fikirlər səsləndirilib.
Esmira Ağayevanın məktəbdə despotik idarəetmə üsulu formalaşdırdığı ,laborantların,digər texniki işçilərin müəllimlərin səs yazısını yazmağa məcbur edildiyi barədə məlumatları oxuyanda əlimiz üzümüzdə qaldı. Belə görünür ki, Esmira Ağayeva hələ zamanında 214 saylı məktəbdə tamamilə gestapo rejimi formalaşdırmağı bacarıbmış.
Hətta məktəbdə olduğu müddət ərzində ancaq kameralar vasitəsilə müəllimləri izləyən direktor onlara məktəbdə baş verənlərin başqa yerlərdə danışılmayacağı barədə qeyri-rəsmi kağıza imza atdırıldığı da bildirilir. Göründüyü kimi E.Ağayeva 214 saylı məktəbi ən son texniki nailiyyətlər və pedaqoji priyomlardan istifadə etməklə idarə edirmiş.
Həmçinin Esmira Ağayeva 214 saylı məktəbə rəhbərlik etdiyi müddətdə baş verən bir çox olayları-hətta cinayət tərkibli hadisələri gizlədə bilib.
Belə ki, 2019-cu ilin aprelində məktəbdə baş verən bıçaqlanma hadisəsi məhz Məhəbbət Vəliyevanın müdaxiləsi nəticəsində ört-basdır edilib. Yəqin ki, hüquq-mühafizə orqanları bu barədə daha dərindən araşdırma aparsalar çox mətləblər üzə çıxa bilər.
Mediada dəfələrlə vurğulandığı kimi 214 saylı məktəbə 40 min manat verərək direktor olduğunu heç kimdən gizlətməyən E.Ağayeva bu vəzifəni özü üçün tramplin hesab etdiyi, burada pul toplayıb daha yüksək vəzifəyə getməyə hazırlaşdığı barədə də dəfələrlə müxtəlif dairələrdə danışıbmış.
Görünür qohumu Məhəbbət Vəliyeva ilə sıcaq münasibətlərinə arxayın olan Esmira Ağayeva elə çoxdan 20 saylı məktəbi “gözaltı” edibmiş. Doğrudur verilən məlumatlarda bildirilir ki, bu Esmira Ağayevaya heç də ucuza başa gəlməyib. 20 saylı məktəbin direktor kürsüsündə əyləşmək üçün 150 min manatından keçdiyi barədə medyada çoxsaylı məlumatlara rast gəlmək olur. Bu təyinatın da Məhəbbət Vəliyevanın nazir müavini kimi son “uğurlarından” biri olduğu ortadadır.
Beləcə Məhəbbət Vəliyeva ilə olan qohumluq və ən əsası iş birliyi Esmira Ağayevanın paytaxtın ən nüfuzlu bir məktəbinə rəhbər təyin olunması ilə nəticələnib. Ümumiyyətlə paytaxtın təhsil ocaqlarına nəzarət üçün Məhəbbət Vəliyevanın zamanında çox çaba sərf etdiyi və öz kadrlarını məktəblərə rəhbər vəzifələrə təyin etdirdiyi heç kimə sirr deyil. Bu gün də 20 saylı məktəbin dolayısıyla onun təsir dairəsində olduğu bildirilir. Məktəbdə baş tutan bir çox əməliyyatlar məhz eks nazir müavininin xeyir-duası ilə baş tutur.
Çeşidli mənbələrdən əldə etdiyimiz məlumatlara görə Esmira Ağayevanın idarəçilik sistemi məktəbdə artıq narazılıqlar yaradır. Yaxşı bacardığı despotik idarəetmə üsulu müəllimlər tərəfindən ciddi etirazlarla qarşılanır.
Verilən məlumatlara görə məktəbdə xeyli sayda “ölü canlar” saxlanılır ki, onların maaş kartları direktorun seyfinin sevimli “eksponatlarıdır”. Həmçinin dərs bölgüsü zamanı da ayrıseçkiliyə yol verildiyi, müəyyən maraqlar müqabilində müəllimlərə dərs satlarının verildiyi bildirilir.
Ümumiyyətlə Esmira Ağayevanın bir çox hallarda Bakı şəhər Təhsil İdarəsini belə qəbul etmədiyi, daha çox Məhəbbət Vəliyevanın təlimatları ilə oturub durduğu barədə mediada informasiyalara rast gəlmək mümkündür. Məhəbbət Vəliyevanın “portfelsiz nazir” sayağı paytaxtın nüfuz dairəsinə daxil etdiyi məktəblərini bu sayaq idarə etməsinin hansı nəticələrə gətirib çıxaracağını isə Təhsil nazirliyinin yetkililəri düşünsələr daha yaxşı olar.
Maraqlıdır ki, hələ 214 saylı məktəbin direktoru olduğu zamandan sərt tənqidlərə tuş olan Esmira Ağayevanın paytaxtın ən nüfuzlu məktəbinə direktor təyin olunmasına və ənənəvi idarəetmə üsulunu burada da tətbiq etməsinə niyə göz yumulur ? Dövlətin təhsil siyasəti ilə daban-dabana ziddiyət təşkil edən belə bir fakt kimlərin maraqlarına xidmət edir? Məgər təhsil sistemindən “Məhəbbət Vəliyeva erası”nın izlərini silmək bu qədərmi çətindir? Yeni nazirin reputasiyasına heç də uğur gətirməyən belə addımlar ona qarşı törədilən sabotajdırmı? Hər halda bütün bu sualların cavablandırılması hamıdan çox elə E.Əmrullayevin özünə lazımdır! Təbii ki, naziri də maraqlandırarsa…

cumhuriyyet.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz