Ağdam Musiqi Kollecinin qalmaqallı direktoru Laura Ağayeva vəzifəsindən kənarlaşdırıldıqdan sonra onun postu satışa çıxarılıb.
Ağdamda L.Ağayevanın yerinə onun müavini Rafael Musayevin keçəcəyi haqda danışırlar.
Yaşı 65-dan çox olan, təqaüd vaxtı çatan R.Musayevin keçmiş direktorun yerinə keçməsi üçün dəridən-qabıqdan çıxdığı iddia olunur. Deyilənə görə, bu məsələdə ona Ağdam rayon İcra Hakimiyyəti rəhbərliyi dəstək verməkdədir.
Rayonda gəzən söz-söhbətə görə, R.Musayevin Ağdamın musiqi kollecinin direktoru təyin olunması üçün Ağdam RİH-lə anlaşdığı iddia edilir.
Hətta belə iddialar səslənir ki, R.Musayev L.Ağayevanın kreslosuna sahiblənmək üçün nə az, nə çox 200 min manatından keçməli olub.
Bildirilir ki, əvəzində Ağdam rayon rəhbərliyi ona vəd verib. İcra hakimiyyəti başçısı Musayevi inandırıb ki, Təhsil Nazirliyi ilə danışıqlar aparıb, məsələ həllini tapıb, yaxın zamanlarda musiqi kollecinə direktor təyinatı təsdiqlənəcək.
Amma hələlik bu işin rəsmiləşməsi qeyri-müəyyən səbəblərdən uzanır. R.Musayev isə möhkəm təlaş, həyəcan içindədir, işin alınmamasından qorxur. Üstəgəl, ara yerdə 200 minin batmasından narahatdır.
R.Musayevdə 200 min manatın haradan olması da maraq doğurur. O, müavin işləyərkən nə qədər maaş alıb, rüşvət əldə edib ki, indi direktor postuna keçməyə 200 mini var?
Sual doğuran ikinci məsələ budur ki, Ağdam rəhbərliyi və R.Musayev Təhsil Nazirliyində hansı səlahiyyət sahibi ilə dil tapıblar?
Bəlkə nazirə bu pul çatıb? Ümumiyyətlə, nazir Ceyhun Bayramovun Ağdam musiqi kolleci ətrafında baş verənlərdən xəbəri varmı?
Xəbər verilir ki, Ağdam musiqi kolleci L.Ağayevanın vaxtından tədris səviyyəsi aşağı, rüşvətə bulaşmış təhsil ocağı idi.
Elə iddialara görə, tələbələrdən imtahanlarda pul yığılmasını Rafael Musayev həyata keçirirmiş və Laura Ağayevaya çatdırırmış.
Deyilənlərə görə, R.Musayev indi müavinlikdən direktorluğa yüksəlmək üçün hər tələbədən 600 manat tələb edir.
Görünür ki, nazirliyə çatacağı deyilən 200 mini tələbələrin və onların valideynlərinin dərisindən çıxarmağa hazırlaşır. Əlbəttə, ziyana düşmək istəmir.
Məlumatlarda deyilir ki, Ağdam musiqi kollecində tar-kaman kökləyə bilməyən, musiqi notu tanımayan, adı keçən tələbələr var.
Hətta imtahan günü kollecdə olmayanlar var ki, növbəti semestrə adlayırlar. Ona görə ki, R.Musayev tələbələrin hamısını “razı” salmağın yollarını bilir.
Amma belə bir imicə malik kadrın direktor təyin olunması indidən deməyə əsas yaradır ki, Ağdam musiqi kollecini və tələbələrini nə gözləyir.
Məsələ ilə bağlı Ağdam RİH-nin və R.Musayevin mövqeyini işıqlandırmağa hazırıq.\\xalqxeber.az\\