Axtarış...

Məhəbbət Vəliyevanın "məktəb monopoliyası" - 2013-cü il cinayətinin izi ilə

Məhəbbət Vəliyevanın "məktəb monopoliyası" - 2013-cü il cinayətinin izi ilə


Ceyhun Bayramovun Xarici işlər naziri təyin olunmasından sonra Təhsil naziri olmaq üçün bütün vasitələrdən istifadə edən Məhəbbət Vəliyeva barəsində Rubrika.Az saytına müdhiş məlumatlar daxil olub. Zaman-zaman çalışdığı müxtəlif vəzifələrdə adı bir çox rüşvət və korrupsiya qalmaqallarında hallanan M.Vəliyevanın dosyesi üçün heç də xoş təəssürat doğurmayacaq bu məlumatların hüquq-mühafizə orqanlarının və əlaqədar qurumların diqqətini çəkəcəyini nəzərə alaraq dərc edirik.
Xatırladaq ki, M.Vəliyeva 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində direktor müavini, 2008-2014-cü illərdə isə bilavasitə M.Mərdanovun himayədarlığı ilə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. Mərhum Z.Əliyevanın adını daşıdığı liseydə direktor olarkən törətdiyi korrupsiya əməlləri nə mərhum akademikin, nə də təhsilimizin adına yaraşan hərəkətlər olmayıb. Hətta 2013-cü ildə liseydə aparılan yoxlamadan sonra M.Vəliyeva infarkt keçirir, ağır vəziyyətə düşür. Amma bu dəfə də gözəgörünməz əllər onu xilas edə bilir,nazirliyin daxili nəzarət şöbəsi “söhbəti bağlayır.”

M.Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini gəldikdən sonra liseyə direktor təyinatı gözlənilən namizədi C.Bayramovun köməkliyi ilə “zərərsizləşdirir” və lisey “etibarlı əllər”ə həvalə olunur. Bu vəzifəyə özünün yaxın rəfiqəsi olan Mehriban Vəliyevanı gətirən M.Vəliyeva yenidən təhsil ocağını öz nəzarətində saxlayır. Nəzərə alsaq ki, onun öz qızı liseyin mühasibidir, yəqin ki, vəziyyət tamamilə aydın olar.
Rubrika.Az saytına verilən məlumatlara görə, təkcə liseyin 9-cu siniflərinə qəbulun qiymətləri 5-10 min manat arası dəyişir.
BŞTİ-nin rəhbəri təyin olunandan sonra M.Vəliyeva paytaxt məktəblərində “direktor əməliyyatı”na başlayır. Özü də fəxrlə bildirib ki, yetişdirdiyi kadrları direktor təyin edir. Maraqlıdır ki, onun bu “direktor yetişdirmə” əməliyyatı 50 min manata başa gəlib. Bu qədər baha qiymətə “yetişdirilən” kadrların nədən indiyə qədər Nobel mükafatı almadıqları adamda sual doğurur.

M.Vəliyevanın “yetişdirdiyi” bu əvəzsiz kadrların bəziləri haqqında Rubrika.Az saytına məlumatlar daxil olub. Bildirilir ki, Kimya-biologiya liseyinə direktor təyin olunan Kamran müəllim, 82 saylı məktəbin direktoru Leyla müəllimə, 251 saylı məktəbin direktoru Aygün müəllimə, 32 saylı məktəbin direktoru Sevda müəllimə, 47 saylı məktəbin direktoru Aytən müəllimə, 251 saylı məktəbin direktoru Aygün müəllimə məhz M.Vəliyevanın “yetirmələridir.” Onların vasitəsilə paytaxt məktəblərinin mühüm qismi nəzarət altında saxlanılır. Digər məktəblərə də İ.Abdullayevanın vasitəsilə nəzarət edən M.Vəliyeva paytaxt məktəblərini monopoliyaya alıb. Bu məktəblərdə şagird qəbulundan tutmuş müəllimlərin işə qəbulu və yerdəyişməsinə qədər bütün əməliyyatlar onun nəzarəti altında həyata keçirilir.
M.Vəliyevanın yaxın qohumu və rəfiqəsi olan E.Ağayevanı 150 min manat qarşılığında paytaxtın 20 saylı məktəbinə direktor gətirməsi barədə də məlumatlar verilib və saytımızda yayımlanıb. Göründüyü kimi ciddi ittihamlardır və əlaqədar dövlət qurumları faktları yoxlayaraq lazımi tədbirlər görməlidir. Ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizənin getdiyi bir zamanda belə məlumatları diqqətdən kənarda saxlamaq olmaz.

2013-cü ildə Z.Əliyeva adına liseydə aşkarlanan və M.Vəliyevanın infarkt keçirməsi ilə nəticələnən korrupsiya faktları kimlər tərəfindən ört-basdır edilib və məsuliyyət sahibləri cəzasız qalıb?

Necə olub ki, fəaliyyətində belə bir korrupsiya faktı aşkarlanan şəxs daha yüksək vəzifəyə gətirilib?

M.Vəliyeva indiyə qədər hakimiyyətdə təmsil olunan hansı yüksək ranqlı məmur tərəfindən himayə olunub?

Vaxtilə tabeliyində çalışan müəllimlərin “yetirmələri” adı ilə paytaxt məktəblərinə rəhbər gətirməsi təhsil sistemində şəbəkə yaratması anlamına gəlmirmi?

İnanırıq ki, bu sualların cavabını lazımi dövlət qurumları aydınlaşdıracaq.
Rubrika.Az
Text-to-Speech

DİNLƏ






Şərh yaz