Rubrika.Az saytında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva barəsində silsilə yazılar təqdim edilib. Həmin yazılarda nazir müavininin yarıtmaz fəaliyyətinə, müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə işləyərkən yol verdiyi qanunsuz əməllərinə işıq tutmağa çalışmışıq.
M.Vəliyevanın FETO ilə əlaqələri, bu əlaqələrdən bəhrələnərək külli miqdarda paralar qazanması haqqında da söz açmışıq. Eyni zamanda hələ BŞTİ rəhbəri olarkən paytaxtın təhsil ocaqlarını tədricən nəzarətə alması, nazir müavini təyinatından sonra isə tamammilə bütün məktəbləri öz kadrları ilə idarə etməyə başlamasını da diqqətinizə çatdırmışıq. Elə bu günlərdə 20-dən çox məktəbə yeni təyinatlar etdirməklə paytaxt təhsilini monopoliyaya götürən M.Vəliyeva yeni təhsil naziri Emin Əmrullayevin əleyhinə olaraq süni intriqalar, eləcə də qruplaşmalar formalaşdırmaqla təhsil sistemində ikitirəlik, özbaşınalıq yaradır.
Rubrika.Az saytı xəbər verir ki, sosial şəbəkələrdə M.Vəliyevanın karyera yüksəlişindən bəhs edən video yayılıb. Videoda yer alan ittihamları dinlədikdən sonra indiyə qədər yazdıqlarımızın əslində adi ittihamlar olduğu qənaətinə gəldik (baxmayaraq ki, M.Vəliyeva bizi yazılarımıza görə rəfiqəsi və yaxın qohumu, 20 saylı məktəb-liseyin direktoru Esmira Ağayevanın əli ilə məhkəməyə verib). Belə ki, nazir müavini barəsində səsləndirilən fikirlər heç bir əxlaqa sığmır, bir yüksək çinli dövlət məmuru üçün dəhşətli ittihamlardır. Belə bir şəxsin təhsil nazirinin müavini kimi mühüm bir postu tutması utandırıcı bir faktdır. Hesab edirik ki, bu ittihamlardan sonra M.Vəliyeva ən azından özündə güc tapıb istefa mədəniyyəti nümayiş etdirərək vəzifədən gedəcək. Belə bir şəxsin nazir müavini vəzifəsində qalması bütün təhsil sistemi üçün utancverici bir hadisədir. Ölkədə ciddi islahatların getdiyi bir vaxtda iqtidar komandasına yaraşmayan ittihamlarla üz-üzə qalan M.Vəliyeva dərhal vəzifədən getməlidir. Onun istefası Azərbaycan təhsilinə nazir müavini olaraq qalmasından daha böyük xidmətdir. İnanırıq ki, həyatında bir dəfə doğru addım atmaqla M.Vəliyeva Azərbaycan təhsilini bu utancdan xilas edəcək!