Axtarış...

“KTMT Ermənistanı "Böyük Turan"ın güclənən ordularından qoruya bilməyəcək” - İrəvan “təranələri”

“KTMT Ermənistanı "Böyük Turan"ın güclənən ordularından qoruya bilməyəcək” - İrəvan “təranələri”


“Bu gedişlə Ermənistan KTMT-də Rusiya və Belarusla baş-başa qalacaq və müttəfiqləri onu "Böyük Turan"ın güclənən ordularından qoruya bilməyəcəklər”.

Ovqat.com xəbər verir ki, bu qorxulu kabus Ermənistanın “Armanianreport” saytının analitiki Qalust Qriqoryanın yuxusunu ərşə çıxarıb.

Müəllifin “Qazaxıstan seçim edir, Ermənistan isə vaxt itirir” sərlövhəli məqaləsi:

“Bu günlərdə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevə ad günü münasibətilə təbrik məktubu göndərdi. Məktubda deyilir: "Ermənistanla Qazaxıstan arasında bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin daha da artırılmasına hazır olduğumu təsdiqləyirəm ki, bu da ölkələrimizin xalqlarının maraqlarına tamamilə cavab verir".

Belə görünür ki, Paşinyanın bu çağırışına cavab verilmədi. Amma başqa şeylər oldu. Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyev Qazaxıstan Respublikası Sənaye və İnfrastrukturun inkişafı nazirinin müavini Adilbek Sarsembeyovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Bu barədə haqqin.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verib.

Görüşdə hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi, müəssisələr arasında əlaqələrin möhkəmləndirilməsi, hərbi-texniki sahədə əməkdaşlığın perspektiv istiqamətlərinin öyrənilməsi, qarşılıqlı işgüzar səfərlərin təşkili və digər mövzular müzakirə olunub. Qeyd olunub ki, Azərbaycan-Qazaxıstan hərbi-texniki əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu potensial gələcəkdə uğurla inkişaf edəcəkdir.

Ümumiyyətlə, Qazaxıstan Ermənistanla deyil, Azərbaycanla hərbi münasibətləri möhkəmlətmək qərarına gəlib. Baxmayaraq ki, Qazaxıstan KTMT-in üzvüdür. Bizim ölkəmiz kimi. Azərbaycan isə KTMT-də yoxdur. Gömrük İttifaqında və Aİİ-də Azərbaycanın yox, Ermənistan Qazaxıstanla birlikdə olmasını da yada salınmaqda yarar var; hərbi ittifaqlar olmasa belə. Əlbəttə, Paşinyanın məktubunun əks-effekt verməsi barədə zarafat etmək də olar. Amma baş verənlər zarafat mövzusu deyil.

Təkcə ona görə yox ki, bizim növbəti "müttəfiqimiz" düşmənimizlə əməkdaşlığa nə qədər dəyər verdiyini göstərdi. Bütün bunlar Ermənistan ərazisindəki azərbaycanlı hərbçiləri "görməyən" KTMT-nin Azərbaycanpərəst siyasəti fonunda baş verir. Və onlar heç yerə getməyə hazırlaşmırlar. Əksinə, mövqelərini möhkəmləndirmək planlarını əminliklə dilə gətirirlər.

Belə bir məqamda Əliyev Stepanakertin (Xankəndi nəzərdə tutulur – Ovqat.com) hansısa "Qarabağ iqtisadi vilayəti"nə daxil edilməsi ilə bağlı qalmaqallı fərman verib. Bizim" müttəfiqlərimiz", o cümlədən KTMT bunu da "görmədilər". Rusiya prezidenti Putin başda olmaqla, onlar üçün də əsas odur ki, "xalq Paşinyana etimad göstərib"…

Demək ki, bütün bunlar Rusiyanın zəifliyindən, onun təşəbbüskarı olduğu bir çox ittifaqların dağılmasının labüdlüyündən xəbər verir. Yeri gəlmişkən, bunu Qazaxıstanda da anlayırlar. Ona görə də NATO ölkəsi Türkiyə ilə əməkdaşlığı şübhə doğurmayan Azərbaycanla hərbi əməkdaşlığı gücləndirirlər. Yəni, Qazaxıstan KTMT-nin üzvü olaraq NATO ilə də əlaqələr qurur. Birbaşa deyil, əlbəttə, amma dolayısıyla NATO ilə münasibətlərini inkişaf etdirir.

Tezliklə biz Türkiyə və Azərbaycanın hərbi ali məktəblərində çox sayda Qazax gənclərinin oxuduğunu görəcəyik. Qazaxıstanda həm türk, həm də azərbaycanlı hərbi təlimatçılar fəaliyyət göstərəcəklər. Hətta “Bayraktar”ların, alış-verişi də tamamilə mümkündür. Əvvəllər heç zaman silah bazarında lider olmayan Türkiyə, xüsusilə də dünya miqyasında danışsaq, əvvəllər yalnız iki ölkənin – ABŞ və İsrailin malik olduğu pilotsuz uçan aparatların istehsalı sahəsində inhisarı dağıtmağı bacardı. İndi Türkiyə pilotsuz uçuş aparatlarının istehsalı sahəsində dünya lideri olmaq istiqamətində sürətlə irəliləyir. Bunu inkar etmək artıq mümkün deyil. Məsələn, “Bayraktar TB2” qısa müddət ərzində dünyada məşhurlaşıb. Onlar həqiqətən yaxşı silahlardır, etiraf etmək lazımdır. Nə qədər qəribə səslənsə də, biz bunu öz üzərimizdə gördük.

Türk pilotsuz təyyarələrini Ukrayna da satın aldı, bu səbəbdən yaxın vaxtlarda Donbassdakı terrorçulara qarşı ölkə səlahiyyətliləri tərəfindən istifadə ediləcək. Çox güman ki, o zaman Avropa ölkələri, xüsusən Amerika və ya İsrail pilotsuz təyyarələrinin daha baha olduğu üçün Türkiyədən pilotsuz uçan vasitələr almağa başlayacaqlar. Yəqin ki, Qazaxıstan da bu məsələdə başqalarından geri qalmamağa qərar verəcək.

Axı, onlar Putinin də daxil olduğu müxtəlif rus siyasətçilərinin qazaxların dövlət qurma haqqını şübhə altına aldıqları qalmaqallı açıqlamalarını yaxşı xatırlayırlar və Rusiyanın təcrid olunması prosesini görürlər. Buna görə "alternativ hava limanı" qururlar.

Biz də onun barəsində uzun müddət düşünməliyik. Əks təqdirdə, Ermənistan KTMT-də Rusiya və Belarusla baş-başa qalacaq və onlar bizi "Böyük Turan"ın güclənən qoşunlarından qoruya bilməyəcəklər”.

Tərcümə etdi: Ovqat.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz