Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın azərbaycanlıları açıq şəkildə "vətənsiz köçəri, mağara qəbiləsinin qalıqları" adlandırması böyük hay-küyə səbəb oldu. Əlbəttə ki, söhbət təkcə Respublikamızın əsas milləti olan türklərdən deyil, bütün Türk dünyasından gedir. Məsələn, maraqlıdır ki, müttəfiq bir ölkənin yüksək rütbəli şəxsinin bu bəyanatı Qazaxıstan və Qırğızıstan kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri tərəfindən necə qəbul edilə bilər?
Hər halda, KTMT özünü açıq-aşkar Qarabağdakı hazırkı gərginlikdə iştirakdan uzaqlaşdırdı. Göründüyü kimi, Moskva Ermənistana açıq bir siqnal verdi ki, bu hərbi əməliyyatlar Təşkilatın yurisdiksiyasına daxil deyil.
Əlbəttə ki, ermənilər üçün bu, tam bir məyusluqdur – onlar sərhədin Tovuz-Tavuş hissəsindəki iyul eskalasiyası zamanı da KTMT-nin müdaxiləsi üçün çalışsalar da, heç nəyə nail ola bilmədilər. Odur ki, ermənilərin gələcəkdə bu qurumdan ayrılmaq istəmələri istisna edilə bilməz.
Belə hadisələr bu postsovet hərbi birliyinin içindəki atmosferə necə təsir edəcək? Bundan sonra KTMT-nin gələcəyi necə ola bilər? AYNA sualları ekspertlərə ünvanlayıb.
Qazaxıstanlı politoloq Kazbek Beysebayev:
“Bəli, doğrudan da, Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan belə ifadə işlədib. Çox güman ki, o, biz qazaxların və Avrasiya məkanında geniş arealda yaşayan digər türk xalqlarının da bu “köçəri, mağara qəbiləsinin vətənpərvər qalıqlarına” aid olduğumuzu unudub.
Yəqin ki, Qazaxıstan və Qırğızıstanın Ermənistanla birlikdə KTMT-yə üzv olduqlarını da unudub. Yeri gəlmişkən, bir çox türk xalqları da Ermənistanın əsas müttəfiqi olan Rusiyanın özündə yaşayır. Buna görə rəsmi İrəvan Baş Qərargah rəisinin açıqlamasına görə hansısa bir şəkildə izahat verməlidir.
KTMT-nin özünə gəlincə, Dağlıq Qarabağ ətrafındakı vəziyyət, açığı, bu təşkilatı çox çətin vəziyyətdə qoyur. Hələ ki, KTMT münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyi barədə açıqlama ilə məhdudlaşır”.
İlqar Vəlizadə: “Prezident seçkilərinin nəticəsindən sonra sazişin bərpası mümkündür”
“Paradoksal görünsə də, KTMT Dağlıq Qarabağ nizamlanması məsələsində bu səssizliyi davam etdirərsə və hərəkətlərində ardıcıl olarsa, münaqişəyə müdaxilə etməzsə, o zaman bu təşkilat nüfuzunu gücləndirəcək. Niyə? Çünki o zaman KTMT-nin yalnız öz sərhədləri daxilində - üzv dövlətlərin sərhədləri daxilində hərəkət etdiyini, digər dövlətlərin işlərinə qarışmadığını və bəzi üzvlərinin təcavüzkar istəklərini qəbul etmədiyini təsdiqləyəcək.
Bu mənada KTMT-nin beynəlxalq hüququn rəhbər tutulduğu, hər bir ölkənin bundan səmərəli müzakirələr üçün istifadə edə biləcəyi tam hüquqlu bir dialoq platformasına çevrildiyini görürük. KTMT-nin Qazaxıstan, Belarus kimi öz maraqları olan üzv ölkələri var. Axı, KTMT Ukraynadakı vəziyyətə müdaxilə etməyib və etmir. Bunu da qeyd etmək lazımdır. Sonuncunun ərazisində - Donbassda, Krımda Rusiya ilə Ukrayna arasında silahlı qarşıdurmanın elementləri var idi. Bəli, Rusiya ilə Ukrayna arasında ciddi problemlər, ziddiyyətlər var, ancaq üzv dövlətin - Rusiyanın birbaşa iştirakına baxmayaraq, KTMT bunlara qarışmır. Bəs, niyə Qarabağ münaqişəsinə müdaxilə etməlidir? Yalnız Ermənistanın maraqları üçünmü? Əlbəttə, bu, absurddur.
Rusiya KTMT-nin Ukrayna ilə problemlərinə müdaxilə etməsini istəmədi, çünki bu addımın KTMT fəaliyyətinə dair sənədlər və müddəalardan kənara çıxdığını bilirdi. Ermənistan başa düşməlidir və son hadisələr də onu göstərir ki, heç bir ölkə erməni probleminə qarışmayacaq. Üstəlik, Ermənistanın özünün yaratdığı problemlərə müdaxilə etməyəcək. Burada söhbət KTMT üzvlərinin fərdi simpatiyasından getmir. Məsələn, bu qurumda, əslində Azərbaycanın mövqeyinə rəğbət bəsləyən Tacikistan var, rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Türk Şurasının üzvü olan Qırğızıstan var. Yəni Ermənistanın maraqları KTMT-yə hakim ola bilməz. Hər kəs təcavüzkarın kim olduğunu yaxşı başa düşür – bu, açıq bir həqiqətdir.
Yeri gəlmişkən, burada qeyd etmək lazımdır ki, KTMT Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı müzakirələr aparacaq – bu, artıq elan edilib. Düşünürəm ki, belə müzakirələr keçirilə bilər və onlara Azərbaycanın daxili işlərinə müdaxilə kimi baxmaq lazım deyil, çünki bu müzakirələr, bəlkə də, mövcud vəziyyətdə Ermənistanın əsl yerini hamıya göstərəcək. Ümid edirəm ki, bu debatlar erməni mövqeyinin nə qədər uğursuz olduğunu üzə çıxaracaq. Ermənilər bunu Azərbaycanın dilindən başa düşməsələr də, bəlkə də KTMT həmkarları İrəvana onların nə qədər yanlış yolda olduqlarını anlada bilər”.
0