Bərdə rayonu, Şatırlı sovetliyinin Hacılı kəndində sovetdənqalma tronsformator iyunun 9-dan 10-na keçən gecə partlayaraq yanıb.
"Transformator"un 2 ay ərzində növbəti dəfə partlaması kənd sakinlərini ayağa qaldırıb.
Bizimxeber.az bildirir ki, onlarla kənd sakini “Azərenerji” prezidenti Baba Rzayevə təcili tədbir görməsi üçün məktub yazıblar.
Məktubda deyilir:
“Hörmətli Baba Rzayev. Biz sovetdən qalma transformatorun ümidinə qalmışıq. Çırağımız tez-tez sönür. Bizim şikayətimizə baxan yoxdur. Biz məcburuq ki, Bakı-Bərdə yolunu bağlayaq. Xahiş edirik tədbir görəsiniz”.
Kənd sakinləri yazır ki, illərdir transformatorun dəyişdiriləcəyi ilə bağlı onlara vəd verirlər. “Rayondakılar deyirlər ki, imkan yoxdur, transformatoru dəyişməyəcəyik. Şikayət edirik, gəlib transformatoru rəngləyib gedirlər. Şikayət edirik, gəlib transformatorun ətrafındakı ot-alafı təmizləyib işlərini bitmiş sayırlar. Boğaza yığılmışıq, kənddə elə bir ev yoxdur ki, orada elektrik cihazı sıradan çıxmamış olsun. Nə qədər televizor, soyuducu təmir etdirmək olar?” –deyə kənd sakinləri etirazlarını bildirir.