Axtarış...

Neftçala sakinləri nədən narazıdır... - "Camaat kosmosa uçur, biz evdə yorğana bürünüb gəzirik"

Neftçala sakinləri nədən narazıdır... - "Camaat kosmosa uçur, biz evdə yorğana bürünüb gəzirik"

Neftçala rayonunun Mirzəqurbanlı, Uzunbabalı, Şorkənd kəndlərinə qaz çəkilməyib. Sakinlər hələ də işıqdan, yaxud odun sobalarından istifadə edirlər.

Kənd sakinlərdən Fərhad Məmmədov Meydan TV-yə deyib ki, xüsusilə payız-qış aylarında işıqlar tez-tez sönür.

Odun tapmaq isə problemə çevrilir. Bəzən kömürdən istifadə edirlər, bu isə sağlamlıq üçün zərərlidir: "Yaxşı ki bu il uşaqlar evdən dərs keçirlər. Sinif otaqları buz kimi olur. Camaat kosmosa uçur, biz evdə yorğana bürünüb gəzirik".

Neftçala Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, qaz çəkilişi onların səlahiyyətində deyil. Rayonun bir neçə kəndində qaz yoxdur.

Ötən ilin fevralında rəsmi televiziyanın verdiyi məlumatda 2019-cu ildə ölkədə qazlaşdırma səviyyəsinin 96 faizə çatdırıldığı, regionlarda isə 92 yaşayış məntəqəsinə qaz verildiyi bildirilib. Həmçinin 2020-ci ildə qazlaşdırma işlərinin həyata keçirilməsi üçün 130 milyon manat ayrılıb, ölkədə qazlaşdırılmanın 100 faizə çatdırılması nəzərdə tutulub. İlkin mərhələdə 51 şəhər və rayon üzrə 80-dən çox kənd və 40 çox yaşayış məntəqəsi siyahıya salınıb.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda paytaxla yanaşı, bölgələrdə də qazlaşdırmanın səviyyəsinin 100 faizə çatdırılması ilə bağlı tapşırıqlar verilib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, 8 ildən artıqdır ki, SOCAR rəsmiləri hər ilin sonuna yaxın ölkə ərazisinin 96 faiz qazlaşdırıldığını, ilin sonunadək bu rəqəmin 97 faizə çatdırılacağını deyir.

"Məsələn, Neftçala rayonunun Şorkənd kəndində 30 ilə yaxındır qaz yoxdur. Kənddə 500-dən yuxarı ev var. Kənd əhalisi çox acınacaqlı vəziyyətdə yaşayırlar. Sonuncu dəfə kənddə qaz sovetlər dönəmində olub. Təşkilatımıza edilən müraciətdə deyilir ki, Yardımlı rayonunun bir neçə kəndinə də qaz çəkilməyib, odun sobasından istifadə edilir. Nəticədə meşələr ziyan çəkir. Gədəbəy rayonunun Daryurt kəndinin ətraf kəndlərinə qaz çəkilib, amma bu kəndin sakinləri hələ də gözləyirlər. Onlar illərdir qaz çəkilməsi üçün müraciət edirlər. Həmçinin Tovuz rayonunun Çeşməli kəndində də qaz çəkilməyib. Qaz çəkilməyən bəzi kəndlər rayon mərkəzlərinə yaxındır", -Qəhrəmanlı deyib.

Təşkilat sədri deyir ki, İmişli rayonunun Telişli, Əlyetməzli, Məmmədli, Allahmədətli, Hacımustafalı kəndlərinin sakinləri də illərdir həsrətlə qaz verilməsini gözləyirlər.

«Azəriqaz» İstehsalat Birliyindən isə bildiriblər ki, qazlaşdırma dövlət proqramına uyğun aparılır. Son 8 ildə 1400-ə yaxın kənd qazlaşdırılıb.

Şikayət edilən kəndlər də proqrama salınıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz