Yolumuzu bu dəfə Lerik rayonundan saldıq. Rayonun Kornədi kəndində olduq. Tədqiqatçılara görə, bu kəndin adı talış dilindəki kornə (iş-guc) və di (kənd) komponentlərindən düzəlib, “iş-güclü kənd, fəaliyyətdə olan kənd” mənasındadır.
Kəndə girər-girməz sakinlərin bitməyən şikayətləriylə qarşılaşdıq. Probelmləri gözlərimizlə görməsək, bəlkə də sakinlərin haqlı olmadığını fikirləşərdik.
Sözügedən kənddən Vətən müharibəsinə xeyli sayda könüllülər gedib. Aralarında şəhid olanlar da var. Onlardan biri də Lerikin Kornədi kəndində doğulub boya-başa çatmış və Vətən müharibəsində hücuma keçən ilk tankçı şəhid gizir Cəlal Ağayevdir…
İlk olaraq 1-ci Qarabağ müharibəsi iştirakçısı Elçin Şərbətovun evinə üz tutduq. Elçin Şərbətov Ələkbər oğlunun evi torpaq sürüşməsinə məruz qalıb. Rayonun Kornədi kəndində yaşayan vətəndaş qəzalı evlə bağlı qurumlara müraciət etsə də, hələ ki müsbət cavab verilməyib. Elçin Şərbətov “Hürriyyət”ə bildirdi ki, qəzalı evdə 8 ailə üzvü yaşayır: “Evimiz 1981-ci ildə atam tərəfindən tikilib. Ekologiya Nazirliyindən də evə baxış keçirilib. Hələ ki, nəticə yoxdur. Eyni zamanda, rayonumuzun deputatı İqbal Məmmədova da müraciət etmişik. İqbal müəllimin göstəriş verməsinə baxmayaraq, hələ ki, qəzalı evdə yaşamaq məcburiyyətində qalmışıq. Bu yaxınlarda özüylə də görüşmüşəm. Bakıdan Ekologiya Nazirliyinin əməkdaşları gəlib, baxış keçirib, rəy də verib. Lakin Fövqəladə Hallar Komissiyasından cavab yoxdur. Özüm də Qarabağ müharibəsində iştirak etmişəm. Hazırda qəzalı evdə 8 ailə üzvüm yaşayır. 4 övladım var. Kənd nümayəndəmiz də bildirib ki, qəzalı evdə yaşaya bilmərik. Ev çiy kərpicdən tikildiyi üçün torpaq sürüşməsinə məruz qalıb”.
Məsələylə bağlı kənd icra nümayəndəsi Elxan Aslanovla əlaqə saxladıq. İcra nümayəndəsi “Hürriyyət”ə təsdiqlədi ki, Ekologiya Nazirliyinin əməkdaşları tərəfindən qəzalı evə baxış keçirilib: “Vətəndaş müraciət edib, biz də yerində baxış keçirib, aktlaşdırmışıq. Aktlaşdırdıqdan sonra Lerik rayon Fövqəladə Hallar komissiyasına vermişik. Fövqəladə Hallar Komissiyası da birinci növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir. Daha sonra, nazirliyin nümayəndələri gəlib yerindəcə baxış keçirir. Baxış keçirildikdən sonra, əgər qəza fövqəladə vəziyyət zamanı olubsa (torpaq sürüşməsi, külək, zəlzələ) akt Fövqəladə Hallar Nazirliyinə göndərilir. Vətəndaş da bizə müraciət etdikdən sonra, həmin tədbirləri görmüşük. Ekologiya Nazirliyi də qəzalı evə baxış keçirib. Bizə hələki heç nə deyilməyib. Yəqin ki, rəyi Fövqəladə Hallar Komissiyasına veriblər. İcra Hakimiyyəti ailəni evlə təmin etməyib. Sadəcə ailəyə bildirilib ki, yaxın qonşuda və ya qohumlarda qalsınlar. Əslində, kənddə qəzalı evlər çoxdur”.
8 ailə üzvünün yaşadığı evinin hər an uçmaq təhlükəsi olan kənd sakini tezliklə aidiyyəti qurumlar tərəfindən müəyyən tədbirlərin görüləcəyinə ümid edir.
Lerikə ezam olunan “Hürriyyət”in əməkdaşına kənd sakinləri digər problemləri barədə də məlumat verib. Əsas problemlərdən biri də qaz və işıq problemidir. Kənd sakinlər bildirir ki, qaz xətti təxminən kəndin 500-700 metr məsafəsinə qədər çəkilib, lakin onlar hələ də mavi yanacağa həsrətdir. Kənddə işıqla bağlı da tez-tez problemlər olur. Səbəb odur ki, 60-cı illərdən bəri dirəklər dəyişilməyib. Hazırda da işıq dirəkləri yararsız vəziyyətdədir. Sakinləri icra nümayəndəsinin kənddəki problemlərin həllində maraqlı olmadığını bildirdi.
Kənd icra nümayəndəsi Elxan Aslanov isə “Hürriyyət”in əməkdaşına dedi ki, Kornədi kəndinə qazın dəqiq nə zaman çəkiləcəyi bilinmir. Hazırda Lerik rayonunun üç kəndinə qaz çəkilib: “Ümumilikdə, bu il respublikada az sayda əraziyə qaz çəkilib. Lerik rayonunun üç kəndinə qaz çəkilib. Üç kənd də bizim əraziyə daxildir. Kornədi kəndinə dəqiq nə zaman çəkiləcəyini bilmirik. İcra Hakimiyyətində bununla bağlı məsələ qaldırmışıq. Bildirilib ki, bu il plana salınarsa, kəndə qaz çəkiləcək. Kəndin yaxınlığına kimi qaz xətti çəkilib. Təxminən kəndə 500-700 metr məsafə qalıb. Əgər plastik turbayla çəkilərsə, qaz xətti kəndə çatacaq”.
İcra nümayəndəsi kəndin işıq probleminin həlli üçün “Elektrikşəbəkə” ASC qarşısında məsələ qaldıracağını bildirdi: “Bəzi kəndlərdə transformator qoyulub. Lakin Kornədi kəndinə transformator qoyulmayıb. Bizə bununla bağlı heç nə deyilməyib. Amma kəndin işıq probleminin həlli üçün idarə qarşısında məsələ qaldıracağıq. Etiraf edirəm ki, kənddə işıqla bağlı tez-tez problemlər olur. Səbəb odur ki, 60-cı illərdən bəri dirəklər dəyişilməyib. Hazırda da işıq dirəkləri yararsız vəziyyətdədir. Buna işıq idarəsi baxır. Rayon İcra Hakimiyyəti də bununla bağlı idarə qarşısında məsələ qaldırıb. Təəssüf ki, hələ nəticə yoxdur”.
Lerik rayonundan seçilmiş deputat İqbal Məmmədov “Hürriyyət”in əməkdaşına kənddəki problemlərdən xəbərdar olduğunu və bununla bağlı müvafiq orqanlara rəsmi olaraq məlumat verdiyini bildirib: “Dediyiniz problemlərlə yanaşı, digər kəndlərdəki problemlərdən də xəbərim var. Çünki Lerikin bütün kəndlərində olmuşam və əlaqələrim də var. Mövcud problemlər haqqında müvafiq orqanlara rəsmi olaraq da yazmışam. Eyni zamanda telefon danışıqlarım olub. Təəssüf ki, problemlərin bir hissəsi hələ ki, həllin tapmamışdır”.
Məsələylə bağlı “Azərişıq” ASC ilə əlaqə saxlayıb, kənddəki problemləri qurumun rəsmisinin diqqətinə çatdırdıq. Çox keçmədi ki, “Azərişıq” ASC-nin Lerik rayonu üzrə idarəsindən redaksiyayla əlaqə saxlanıldı. Sakinlərdən fərqli olaraq, Lerik rayon İşıq İdarəsinin əməkdaşı olduğunu bildirən Qalib Ağayev kəndin daimi enerjiylə təmin edildiyini iddia etdi: “Kənddə transformatorun olmaması mümkün deyil. Hər bir kənddə transformator var. Transformatorun təzəsi-köhnəsi olmur. Əgər işləyirsə, demək normaldır. Lerik dağ rayonu olduğu üçün çox uzun xətt lazım olur. Bizdə eneji məhdudiyyəti olmur. Bunu tam məsuliyyətimlə deyirəm. Dayanıqlı enerji Lerikdə mümkün deyil. Bakı şəhərindən övladlarım da zəng edir ki, bizdə də işıq yoxdur. Ola bilsin ki, ya təmirlə əlaqədar, ya da güclü küləklə bağlı işıq verilməyə bilər. 1962-ci ildə işıq xətləri çəkilib. Dirəklərin dəyişdirilməsinə ehtiyac var. Amma çox güclü işlər də görülüb. 2021-ci ildə planda var ki, dirəklər dəyişdirilsin. Həmin xətlər qismən də olsa təmir ediləcək. Tam təmir edilməsi çox baha başa gəlir. Bizim də böyük vəsaitimiz yoxdur ki, işıq xətlərinin ümumilikdə hamısını dəyişdirək… Hər il Lerik rayon İşıq İdarəsi baş idarəyə müraciət edib, təmir üçün material tələb edir”.
Lakin kənd sakinləri Qalib Ağayevin dedikləri ilə razılaşmırlar.
Daha sonra “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən redaksiyamızla əlaqə saxlanılaraq, kəndəki işıq probleminin xüsusi nəzarətə götürüldüyü bildirildi. Məlum oldu ki, bununla bağlı Kornədi kəndinə xüsusi nümayəndə göndərilib: “Biz İdarəylə danışdıq. Bildirdilər ki, həmin kəndə nümayəndə göndərilib. İcra nümayəndəsiylə də danışılıb. Bildirdilər ki, kəndə işıqla bağlı elə də problem yoxdur. Hazırda kəndi nəzarətə götürüblər. 8 dayaq verilib. Yeni dayağa ehtiyac olmadığı bildirildi. Hava şəraitiylə bağlı problemlər olan zaman aradan qaldırılır. Biz də bildirdik ki, kənd xüsusi nəzarətdə saxlanılsın. Çünki orda şəhid ailələri var. 2020-ci ildə kəndə 20 dayaq verilib. 8-i də dekabr ayında verilib. Biz də çalışırıq ki, o kənddə problem olmasın”.
Ümid edirik ki, “Azərişıq” ASC-nin rəsmisinin dediyi kimi, kənddəki işıq problemi tezliklə həllini tapacaq. Lakin kəndin qaz problemiylə bağlı SOCAR-la əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. //hurriyyet.org//