Axtarış...

Mərkəzi Bankın sədri bu dəfə kimi aldadır? - İTTİHAM



Ölkənin maliyyə-bank sistemində təlatümlərin, devalvasiyaların və digər neqativ proseslərin yaşanmasının əsas baiskarları sırasında sözsüz ki, Mərkəzi Bank və onun rəhbərliyi də var. Təkcə birbaşa Mərkəzi Bank və onun sədri Elman Rüstəmovun gözü qarşısında Azərbaycan Beynəlxalq Bankından milyardların talanması Elman Rüstəmovun “iş qabiliyyətinin” bariz nümunəsi oldu.

Hələ devalvasiyadan ikicə gün gün əvvəl manatın möhkəmliyi, sabitliyi barədə nağıllar danışan Elman Rüstəmov, əhalinin ən az etibar etdiyi, inandığı iri çaplı məmurlardan birinə çevrildi. Lakin buna baxmayaraq, hörmətli baş bankirin nağılları bitib-tükənmək bilmir. Belə rəvayətlərdən biri də problemli kreditlərin həcmi ilə bağlıdır.

“AzPolitika.info” xatırladır ki, bu il fevralın 28-də ölkə başçısı problemli kreditlər məsələsinin həllilə bağlı fərman imzalayıb. Həmin fərman vətəndaşların banklardakı 10.000 ABŞ dollarınadək problemli kreditlərinin qapanması üçün dövlət büdcəsindən 700 milyon manata yaxın vəsait ayrılmasını nəzərdə tuturdu.

Həmçinin, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə güzəştli kredit verilməsi, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılan kreditin hesabına onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar verilməsi nəzərdə tutulurdu.

Lakin problemli kreditlər məsələsinin həllinə külli miqdarda vəsait ayrılsa da, az müddət sonra bu sahədəki vəziyyət yenidən gərginləşməyə başlayıb. Mərkəzi Bankın statistikasına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 milyard 491 milyon 300 min manat təşkil edib. Bu, avqustun 1-i ilə müqayisədə 0,3 faiz çoxdur.

Xatırladaq ki, problemli kreditlər iyul ayından bəri yenidən artım nümayiş etdirir. Məlumatda o da deyilir ki, sözügedən göstərici ilin əvvəlinə nisbətən 5,9 faiz, son 1 ildə isə 15,9 faiz azalıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,8 faiz olub. Bu nisbət iyulun sonuna 10,9 faiz, ötən ilin sonuna 12,2 faiz, ötən il avqustun sonuna isə 14,4 faiz təşkil edib.

“Banklar problemli kreditlərinin həcmini etiraf etsələr, bağlanmalıdırlar…”

Bəs əsl gerçəklik nədən ibarətdir? Məsələ ondadır ki, reallıqda problemli kreditlərin həcmi Mərkəzi Bankın statistikası ilə müqayisədə xeyli, bəlkə də dəfələrlə çoxdur. Və həmişə də belə olub, yəni ki, Elman Rüstəmovun idarəsi bilərəkdən bu göstəricini az miqdarda təqdim edib. Hansı ki, Mərkəzi Bank hamıdan yaxşı bilir ki, banklar problemli kreditlərlə bağlı real vəziyyəti gizlədirlər.

“AzPolitika.info” nun məlumatına görə, Elman Rüstəmovun “kantorası” isə bilərəkdən buna göz yumur. Elə Mərkəzi Bankın bu “dəvəquşu siyasəti”, yəni başını quma soxmasının nəticəsidir ki, Azərbaycan Beynəlxalq Bankı (ABB), “Bank Standard” kimi banklar talan edildi, milyardlar göyə sovruldu. İndi də eyni üsulla işləyən Mərkəzi Bank deyəsən bank sektorundakı problemli kreditlər məsələsini və bunun yaratdığı təhlükələri görmək istəmir …

Problemli kreditlərin real həcmi barədə mətbuata danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da real vəziyyətin rəsmi göstəricilərdən xeyli fərqli olduğunu deyib. Sitat: “Əgər banklar problemli kreditlərinin həcmini etiraf etsələr, bağlanmalıdırlar. Buna görə də banklar tədricən, kredit işləri üzrə məhkəməyə müraciət etdikcə problemli kreditlərini də etiraf edirlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən bank var ki, maliyyə hesabatlarında guya mənfəətlə işləməsi göstərilir. Guya 100 milyondan çox kredit verib. Halbuki, o bu krediti verməyib, sadəcə, kimlərəsə bu krediti verdiyinə dair sənəd imzaladıb. Artıq bu banklar həmin kreditlərin problemli olduğunu etiraf edirlər. Problemli kreditlərin həcminin artmasının ikinci bir səbəbi isə, son illər verilən kreditlərdir. Əslində problemli kreditlərin həcmi açıqlanan rəqəmlərdən də çoxdur”.

Göründüyü kimi, ekspert də büdcədən ayrılan vəsaitlərə rəğmən bank sektorunda vəziyyətin ürəkaçan olmadığını və getdikcə də mənfiyə doğru dəyişdiyinə eyham vurur.

Bundan öncə isə deputat Vahid Əhmədov parlamentdə bu məsələyə toxunaraq, bank rəhbərlərindən hesab sorulmalı oduğunu deyib: “Prezident əhalinin 10 min dollara qədər kredit borcunun ödənilməsi barədə tapşırıq verib. Amma 620 milyon manatın əhaliyə verilməsindən sonra da bank sektorunda problemlər həllini tapmadı. Niyə bank sistemində vəziyyət ağır olaraq qalır? Bank rəhbərləri Milli Məclisə dəvət oluna və bu məsələlər araşdırıla bilər…”

Ancaq bankların böyük əksəriyyətinin oliqarx-məmurlara aid olduğu da bəllidir və onlar üçün həmin banklara əmanət qoyan vətəndaşların taleyi, yaxud kritik durum yarananda dövlətin işə qarışaraq, problemin həlli üçün külli miqdarda vəsait ayırması , eləcə də ümumiyyətlə bank sektorundakı vəziyyətin ölkənin biznes mühitinə, iqtisadiyyatına vurduğu ziyan qəti maraqlı deyil. Bunu Azərbaycan Beynəlxalq Bankı və “Bank Standart” nümunələrində artıq müşahidə etmişik.

Ona görə də, yaxşı olar ki, parlamentə bank rəhbərlərini yox, Elman Rüstəmovun özünü çağıraraq, hesabat tələb edilsin ki, nə vaxta qədər yalan açıqlamalarla, rəqəmlərlə dövlətin və xalqın başını qarışdırmaqla məşğul olacaq? Və niyə büdcədən ayrılan külli miqdarda vəsaitə rəğmən problemli kreditlərlə bağlı vəziyyət düzəlmək əvəzinə daha da pisləşir?

Ola bilsin ki, E.Rüstəmov bu suallara cavab verə bilər - əgər broyler toyuqlarından tutmuş xarici avtomobillərin distribyutorluğuna, hətta “Bank Respublika”ya qədər uzanan şəxsi biznesindən başı açılsa…/azpolitika.info/
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz