Gəncə səhiyyəsi adına növbəti biabırçılıq və özbaşınalıq halı qeydə alınıb. Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasının həkimləri stasionar müalicə alan 2 yaşlı Zoduz Aynur Rəsul qızının sümüyünün iliyindən nümunələr götürüblər. Bunu edərkən də uşağın valideyinlərindən icazə almayıblar, niyyətlərini ata-anasından gizlədiblər.
Valideyinlərin "Demokratik.Az"-a bildirdiyinə görə, Gəncənin həkimləri ilk başdan uşağın müalicəsinə laqeyid yanaşır, adi diaqnozun təyin edilməsinə belə nail ola bilmirlər. Eləcə də ailənin maddi durumu yazılan reseptlərin-dərmanların alınmasına imkan vermir. Uşağın müalicəsi üçün isə Gəncə Səhiyyəsinin rəhbərliyi heç bir əməli addım atmır, əksinə, həkimlik andını unudaraq valideyinlərlə qeyri-etik rəftar edirlər.
Ananın söylədiyinə görə, qızcığaz 6 aya yaxındır ki, müalicələrə cəlb edilib. Lakin, gün keçdikcə sağalmaq əvəzinə səhhətində daha ciddi problemlər yaranıb. Valideyinləri hesab edir ki, qızları Aynur həkimlərin savadsızlığı və səhlənkarlıqları ucbatından sağlamlığını tamamilə itirib və bu üzdən həyatı təhlükədədir.
Onu xüsusi olaraq qeyd etmək lazımdır ki, sözügedən xəstəxananın həkimləri 2 yaşlı qıza dəqiq diaqnoz qoymaq məqsədilə onun sümüyünün iliyindən ilik nəql edərkən sənədləri də qəsdən saxtalaşdırıblar. Qızın cinsini kişi, yaşını isə 16 yaş kimi göstəriblər. Bu nöqsan xəstəxananın MRT müayinəsində də yer alıb. Sonradan isə özbaşınalıqlarına bəraət üçün valideyinlərə deyiblər ki, "Hara istəyirsiz şikayət edin, heç kimdən qorxmuruq!.." Belə anlaşılır ki, analiz və müayinələrdə saxtalaşdırma yaşa görə müvafiq qadağadan yayınmaq məqsədilə olub.
"Demokratik.Az" saytı jurnalist Bəxtiyar Bağırovun xəstəxanadan lentə aldığı reportajı, valideyinlərin şikayətini VƏ faktı isbat edən sənəd nümunələrinin fotolarını sizlərə təqdim edir:'