Azərbaycan səhiyyəsində yaşanan acınacaqlı durum bu gün əksər mətbu orqanların toxunduğu mövzulardan biridir. Hazırda elə bir vəziyyətə gəlib çıxmışıq ki, səhiyyə sistemində baş verən nöqsanların səbəbini bu sahəyə məsul olan hansı qurumda – Səhiyyə Nazirliyində, yaxud TƏBİB-də axtara bilmirik…
TƏBİB yeni yarandığı vaxtlarda bir çox insan bu quruma böyük ümidlər bəsləyirdi. Amma “sən saydığını say, gör fələk nə sayır”. COVID-19 bəlasından sonra peyda olan bu qurum, özünün yarıtmaz fəaliyyəti ilə Səhiyyə Nazirliyini də keçib. Heç olmasa, Səhiyyə Nazirliyi bəzi hallarda müraciətlərə operativ reaksiya verir. TƏBİB isə yarandığı gündən şablon bəyanatlar xaricində, lal ördək funksiyasını yerinə yetirir.
Məsələn, ötən həftə virusa yoluxmuş şəxsin vəziyyəti ağırlaşdığından, yaxınları redaksiyamıza müraciət etmişdi. Biz də ilk olaraq TƏBİB-lə əlaqə saxlamalı olduq. Lakin bu, heç bir halda mümkün olmadı. Daha sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıyla əlaqə yaratmalı olduq. Müraciətimizlə bağlı 1 gün sonra cavab gəlsə də, heç olmasa Səhiyyə Nazirliyi problemlə maraqlanmışdı. Hansı ki, artıq xəstə tanışlıq vasitəsilə modul tipli xəstəxanalardan birinə yerləşdirilmişdi…
Onu da qeyd edək ki, artıq bir həftəyə yaxındır “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov və ailə üzvləri də COVID-19-a yoluxaraq, ev şəritində müailəcə alırlar. Hansı ki, baş redaktor da səhiyyə qurumlarının diqqətsizliyindən narazıdır: “Bir həftəyə yaxındır ki, ailəlikcə COVID-19-dan müalicə alırıq. Əslində, TƏBİB xəsətəxanadakı proseslərə nəzarət edir. Xəstəxanaya qədər olan prosesin TƏBİB-lə əlaqəsi yoxdur, bu proslərə qədər Səhiyyə Nazirliyi məsuliyyət daşıyır. Burda da çox ciddi problemlər var. Mövcud problemlər Azərbaycanda səhiyyə sisteminin olmamasının tam göstəricisidir. Çox ağır şərtlər qoyulub. Təcili yardım çağırırsan, həkim analiz götürmür. Halbuki, evdə 7 nəfər virusa yoluxub. Ailə üzvlərində virusun əlamətləri də var. Təcili yardımın əməkdaşları bildirir ki, əgər temperatur 37 dərəcə göstərmirsə, bu halda analiz götürə bilmərik. Ailəmizdə isə yüksək temperatur yoxdur. Evə iki dəfə təcili yardımı çağırmağa məcbur olmuşuq. Ailə üzvlərimdən analiz götürülsə də, mənim özümdən götürülməyib. Deyirlər ki, analiz götürdüyümüz halda bizi işdən çıxaracaqlar. Onların məntiqinə görə, əgər səndə temperatur yüksək deyilsə, demək, sən virusa yoluxmamısan. Xəstəxanaya isə, yalnız 39 dərəcə temperaturu olanları götürürlər. Temperaturun yüksək deyilsə, nə xəstəxanaya götürülürsən, nə də müayinə edilirsən.
Amma hökümət virusa yolumuş şəxsin çölə çıxmasına qadağa qoyur, bu azmış kimi cinayət işi də açır. Belə hallara görə höküməti məhkəməyə vermək lazımdır”.
Vüqar Məmmədov bildirib ki, evə tibb bacısının gəlməsi üçün təkcə hər gün üçün 20 AZN taksi pulu ödənilir. O, hökümətin məsuliyyətsizliyi səbəbindən insanların virusun qurbanına çevrildiyini deyir: “Xəstəxanalarda yer olmadığı deyilir. Hazırda ağciyərimdə buzlu şüşə var. 7 faiz parçalanma müşahidə olunur. Ağciyərimin üst hissəsinin hər iki tərəfində partlamalardan hava baloncuqları əmələ gəlib. Birincisi, xəstəxanaya götürmürlər, ikinci isə evdə müalicə olunmağa şərait yoxdur. Bilgəhdə yaşayıram. Yeddi nəfərdən ibarət olan ailə üzvümə səhər və axşam sistem vurulmalıdır. Virusa yoluxan şəxs tibb bacısı axtarıb tapmalıdır. Hətta dərmanı da özün almalısan. Əgər maşının yoxdursa, tibb bacısının taksi pulunu da vermək lazımdır. Bir nəfərə vurulan sistemin qiyməti 10-15 AZN təşkil edir. Gün ərzində səhər və axşam olmaqla, ümumilikdə 14 sistem vurulur. Bu da ən azından 7-8 gün vurulmalıdır. Təkcə günə 20 AZN taksi pulu edir. Hələ aldığım dərmanlar ucuz dərmanlardır. Bu sadaladıqlarım müalicə olunmaq üçün orta səviyyəli ailənin çəkdiyi xərcləridir.
Belə qənaətə gəlmək olar ki, COVID-dən ölüm hallarının baş verməsinin əsas səbəbkarı hökümətdir. Hökümətin məsuliyyətsizliyindən insanlar virusun qurbanına çevrilir. Səhiyyə Nazirliyi müalicə üçün yetərli olmayan dərmanları evimizə göndərib. Artıq yeddinci gündür ki, mənə sistem qoşurlar. Amma heç bir irəliləyiş yoxdur. Belə çıxır ki, hökümət ailəmi ölümə tərk edib. Əgər bu dərmanları almağa pulum olmasaydı, ailəmin vəziyyəti kritik ola bilərdi. Burda günahkar nə TƏBİB, nə də Səhiyyə Nazirliyidir. Əsas günahkar hökümətdir. Burda Səhiyyə Nazirliyini günahlandırmaq da düzgün deyil. Çünki əsas göstərişləri Nazirlər Kabineti verir”.
Baş redaktor deyir ki, yaşadığı Bilgəh kəndində cəmi 2 nəfər tibb bacısı var: “Bilgəh kəndində 20 minə yaxın əhali yaşayır. Kənddə cəmi iki nəfər tibb bacısı var. Halbuki, kənddə çox sayda virusa yoluxmuş şəxslər var. Bu da sürətlə artır. İki nəfər tibb bacısı çox sayda insana sistem qoşmaq məcburiyyətində qalıb. Hökümət nə dərman, nə də maddi yardım edir. Fikirləşmir ki, ailəlikcə virusa yoluxmuş vətəndaşa ərzağı kim alacaq?! Amma küçəyə çıxan vətəndaş cərimə edilir, yaxud da ona cinayət işi açılır. Paketin içində bir necə dərmandan başqa heç nə yoxdur. Bundan sonra Allahın ümidinə buraxılırsan…
Vətəndaşın hüquq və azadlıqları tapdalanır. Təcili yardım evə gəldiyi zaman ilk dediyi söz bu olur: “Xəstəxanalarda yer yoxdur, çalışın evdə müalicə olunun”. Hazırda ailəmdə heç kim çölə çıxa bilmir. Ərzağımı və dərmanlarımı kim almalıdır? Ən azından yoluxmuş şəxslərə ayda müəyyən qədər maddi yardım olunarsa, insanlar vəziyyətdən çıxa bilərlər. Küçəyə çıxsam, dərhal polis tərəfindən saxlanılacam. Amma məndən soruşan yoxdur ki, evdə nə yeyib-içirsən?! Bütün məsuliyyət Nazirlər Kabinetinin üzərindədir. Özüm xəstə olmayana qədər günahı ya TƏBİB-in, nə də Səhiyyə Nazirliyinin üzərinə atırdıq. Çünki təyin edilən dərman yardımlarını nə TƏBİB, nə də Səhiyyə Nazirliyi müəyyənləşdirir. Bunu birbaşa hökümət təyin edir. Elə bir sistem yaradılıb ki, insanlar günahı ya TƏBİB-in, ya da Səhiyyə Nazirliyinin üzərinə atır. Bu cür qərarları verənlər Azərbaycan xalqının düşmənidir. Belə hallarda vətəndaş məcburdur ki, evdən çölə çıxsın. Birmənalı şəkildə hökümət məsuliyyəti üzərinə götürməlidir. Evimizə iki dəfə təcili yardım gəlsə də, lakin analiz götürülmədi. Məcbur olub kompyuter tomoqrafiyasına getdim. Bunun da qiyməti 120 azn-dən 150 azn-ə kimi dəyişir. Əvvəlcə, məndə virusun əlamətləri yox idi. kompyuter tomoqrafiyasından sonra məlum oldu ki, ağciyərlərimdə problem var. Özəl xəstəxanaların maşınları 100 AZN-ə aparıb müayinə edir. Dövlət xəstəxanalarında isə kompyuter tomoqrafiyası 80-100 AZN olsa da, onlarda xəstəni aparmağa maşın yoxdur. Məcbur olub taksi tutub getməlisən. Belə olanda vəziyyətdə isə yolda cərimə oluna və ya cinayət məsuliyyətinə cəlb oluna bilərsən. Elə bir vəziyyət yaradıblar ki, nə edirsən et, sonunda cinayət məsuliyyətinə cəlb oluna bilərsən”. //hurriyyet.az//