“Xəstələrin yarıdan çoxunun Bakıda olması təbiidir və əsasən paytaxtda əhalinin sıxlığı, iş yerlərinin və sahibkarlıq fəaliyyətinin çoxluğu, xəstəxanaların sayının çox olması və sair amillərlə bağlıdır. Yoluxma hallarının hər test verən 4 nəfərdən birində müşahidə olunması virusun hazırkı dalğasının əhatə dairəsinin geniş və yoluxma potensialının yüksək olduğunu təsdiq edir. Hesab edirəm bu həm də xəbərdarlıq kimi də qəbul olunmalıdır ki, belə davam edərsə hər kəs virusa yoluxa bilər”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.
Q.İbadoğlu bildirib ki, intensiv terapiyada, reanimasiyada olan xəstələrin sayını çox olması xəstələrin son anda xəstəxanaya müraciət etməsi ilə bağlıdır: “Bunun da başlıca səbəbi xəstələrin xəstəxanalara qəbulunun çətinliyi ilə bağlıdır. Bidliyimiz kimi Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarının həkimlərinin vasitəçiliyi ilə qeyri-rəsmi ödənişlər vasitəsilə xəstəxanalara yerləşdirilmə haqqında məlumatlar yayılıb. Odur ki, bu neqativ hal aradan qaldırılmalı və xəstəxanalara yerləşdirilmədə şəffaflıq artırılmalıdır. Bununla əlaqədar olaraq təklif edirəm ki, TƏBİB təfəfində xəstəxanalara koronaviruslu xəstələrin qəbulunun xüsusi qaydaları təsdiq olunsun və bu qaydalarda risk qrupları üzrə fərqli yanaşmalar tətbiq edilsin. Hazırda həlli vacib problemlərdən biri də dərman çatışmazlığının aradan qaldırılmasıdır. “Favipiravir” adlı dərmanı inhisarçı əzcaçılıq şirkətlərinin süni olaraq yaratdığı qıtlığa görə qara bazarda dəllallar tərəfindən dəyərindən dəfələrlə baha qiymətə satılır. Nəhayət, testlərin baha olması bir çox xəstələrin ona əlçatanlığını azaldır, belələri özləri də bilmədən virusun daşıyıcılarına çevrilirlər. Odur ki, hesab edirəm ki, risk qruplarına daxil olanlar üzrə testlərin xərci dövlət hesabına qarşılanmalıdır. Kənardan görsənən odur ki, Səhiyyə Nazirliyi TƏBİB-in işinə pəl vurmaqla məşğuldur. Düşünürəm ki, bu problemin həllinin ən ideal yolu Səhiyyə Nazirliyinin ləğv edilməsidir. Onsuz da naziri ilin günün bu vaxtı da üzdə olmayan nazirlikdən nəysə gözləməyə dəymir”.