Zəngilan Rayon Məhkəməsində qanunazidd hərəkətlər davam etməkdədir. Biz GundemXeber.Az informasiya agentliyi olaraq bu barədə hələ cari ilin fevral ayında həyəcan təbilini çalmışdıq. Lakin bu günədək məsələ ilə bağlı nə Ədliyyə Nazirliyi, nə də digər aidiyyatı orqanlar tərəfindən tədbir görülüb.
Belə ki, ötən qırx gündən artıq müddətdə adıçəkilən məhkəmənin sədr-hakimi Gülsarə İmanova şəhid anasının haqlı şikayətini qəbul etməyərək dirəniş göstərir, açıq-aşkar baxmaqdan imtina edir. İndiki həssas məqamda şəhid anasına qarşı belə laqeyd və nankor münasibət, əlbəttə ki, aidiyyatı qurumları hərəkətə gətirməliydi. Təəssüflər olsun ki, bu müddət ərzində heç nə dəyişməyib. Qanunlar və ölkə başçısının göstərişləri hakim tərəfindən nəzərə alınmamış qalır.
Əldə etdiyimiz məlumata görə, Ədliyyə nazirliyi tərəfindən sadəcə söz xatirinə məsələ ilə bağlı birtərəfli formada maraqlanıblar. Daha doğrusu, hakimlə əlaqə saxlayıb maraqlanıblar. Şəhid anası Natəvan Mircəfərova isə şəxsən Ədliyyə nazirliyinə gələrək rəsmi ərizə ilə müraciət etmişdir. Nazirlikdə pandemiya ilə əlaqədar qəbulun keçirilmədiyini səbəb kimi göstərmiş və şəhid anasını qəbul etməmişlər. Bəs onda sual ortaya çıxır; ərizədə göstərilənlər niyə araşdırılmamış qalmışdır?
Araşdırdığımız digər məqamlara əsasən, məsələdən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov da xəbərdardır. Hakimin özbaşınalığına, vəzifə borclarını düzgün yerinə yetirməməsinə, süni maneələr vasitəsilə vətəndaşları get-gələ salmasına, şikayət ərizələrinin qəbul edilməməsinə, obyektiv baxılmamasına və digər səhlənkarlıq hallarına icra başçısı hansısa səbəbdən hələ ki, susur. Şəhid anasına isə təmkinli olmağı, səbr etməyi tövsiyyə edir.
Görəsən, SƏBR və TƏMKİN nə qədər davam etməlidir?
Qeyd: Yaxın qohumlardan aldığımız məlumata görə, Şəhid anası yaxın vaxtlarda məsələni AÇIQ EFİR VASİTƏSİLƏ İCTİMAİLƏŞDİRMƏK fikrindədir.
Məsələni nəzarətdə saxlayacağıq...