Axtarış...

"İcra başçısı “pulunuz yoxdursa, ev yoxdur” deyir” - Şəhid ailəsinin şikayəti



Ölkə Prezidentinə müraciət edən Göygöl rayon Firuzabad qəsəbəsi sakini Cabbarov Mirhəbib Oktay oğlu rayonun icra başçısı Arif Seyidovun şəhid ailəsinə qarşı haqsız və qərəzli münasibətindən şikayətlənir...

Atam Cabbarov Oktay 1994-cü ildə Ağdamın Güllücə kəndində şəhid olub. Lakin təəssüflər olsun ki, Göygöl rayonunun icra başçısı Arif Seyidov bizim ailəmizə dəyər vermir, hörmət qoymur. Biz ailəlikcə - anam, qardaşım və mən dəfələrlə problemlərimizlə bağlı Arif Seyidovun və Göygölün kuratoru olan Arif müəllimin qəbulunda olmuşuq. Bu iki şəxs bizim şikayətlərə baxmırlar. Məktub göndəririk, lakin gəlib Sizə çatmır. Çünki rayonumuzun kuratoru Arif müəllim həmin məktubları cırıb atır”, şikayətçi yazır.

M.Cabbarov qeyd edir ki, Arif Seyidovla bağlı yuxarı instansiyalara şikayət etdikləri üçün icra başçısı ailəyə qarşı daha da pis münasibət göstərməyə, onları təhqir etməyə başlayıb: “Arif Seyidovun müavinləri dəfələrlə qapımıza gələrək, Sizə şikayət göndərdiyimizə görə bizləri təhqir ediblər. Hal-hazırda yaşadığımız ev başımıza uçur. Şəhid ailəsi olaraq bizə düşməli olan evi Arif Seyidov bizə vermir. Bizə “pulunuz yoxdursa ev də yoxdur” deyir. Biz - iki şəhid oğlu bir evdə qalmışıq.

Torpaq istəyirik ki, heç olmasa əkib-becərək, dolanaq, onu da vermir. Yaşadığım qəsəbədə hektarlarla boş torpaq var. Lakin Arif Seyidov onu "görənlərə" yol kənarlarında, yaxşı yerlərdən obyektlər tikməyə torpaq tapa bilir. Torpaq uğrunda şəhid olan atamın ailəsinə isə torpaq yoxdur.

Arif Seyidovun qəbuluna gedəndə bizə deyir ki, şikayət etdiyinizə görə, sizə heç nə verməyəcəm. Gedin. kimə istəyirsiniz şikayət edin.”

Sonda şəhid ailəsinin üzvü 5 ildir Məşğulluq Mərkəzində qeydiyytada olmasına baxmayaraq, işlə təmin olunmadığını da bildirir və ölkə başçısından xahiş edir ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının onlara qarşı qərəzli münasibətinə son qoymasını və ailəyə mənzil verilməsini təmin etsin: “Cənab Prezident, Sizin tapşırığınızla müvəqqəti sosial iş yerləri açılıb. Mən öz kəndimdə olan müvəqqəti işə təyin edilə bilmirəm. Həmin işlərə kənardan olanların formal olaraq adı yazılıb. Halbuki, mən 5 ildir Məşğulluq Mərkəzində qeydiyyatdayam. Cənab Prezident, Sizdən xahişimiz odur ki, bizə aid olan evin pulsuz olaraq ailəmizə verilməsinə dair Arif Seyidova tapşırıq verəsiniz. Şəhid ailəsinə zülm etməsin!”

//“AzPolitika.info”//

Göygöl rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz