Axtarış...

Benzinin qiymət dəyişikliyi bahalaşmaya səbəb olmayacaq - TƏHLİL

Benzinin qiymət dəyişikliyi bahalaşmaya səbəb olmayacaq - TƏHLİL

Pandemiya səbəbi ilə 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:

- Rusiyada 1,0 manat;

- Ukraynada 1,72 manat;

- Belarusda 1,14 manat;

- Gürcüstanda 1,12 manat təşkil edir.

1 litr üçün dizel yanacağının qiyməti;


- Türkiyədə 1,44 manat;

- Rusiyada 1,12 manat;

- Ukraynada 1,72 manat;

- Belarusda 1,21 manat;

- Ermənistanda 1,19 manat;

- Gürcüstanda 1,15 manat səviyyəsindədir;

- Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir;

- Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.

"Son illər Azərbaycana avtomobil idxalı benzinə və dizelə tələbatı yüksəldib”

Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib.

Benzin və dizelin qiymətinin artırılmasının səbəbləri:

Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması bu səbəblərdən irəli gəlir:

- Həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması;

- Ekoloji mühitin yaxşılaşdırılması;

- Neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi.

- 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur;

- Tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb.

- Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədi

"Əhalinin gəlirlərinin artması və buna uyğunlaşdırılan qiymətlər...”

Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə isə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib. Göründüyü kimi əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb.

"Tarif dəyişikliyindən sonra avtomobil sahibi əlavə olaraq 5-10 manat ödəməli olacaq”

Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcək. Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi eyni zamamnda ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək. Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər. Tarif artımı çox olmadığı üçün vətəndaşların ailə büdcəsinə ciddi təsir etməyəcək.

"İctimai nəqliyyatda gedişhaqqqının artmaması üçün tədbirlər görülür...”

Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.

Bundan başqa dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq, qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılması da nəzərdə tutulur. Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.
Sfera.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz