“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sərnişindaşıma qiymətlərinin pandemiya dövründə yüksəlməsi müşahidə edilir.
Əvvəllər də AZAL-la uçuş baha başa gəlirdi. Lakin xaricə uçuş imkanı əldə edən sərnişinlərin verdiyi məlumata görə pandemiya dövründə qiymətlər bir qədər də arıtırılıb. Məsələn, Gürcüstandan İstanbula uçuş 110 manat olduğu halda Azərbaycandan uçuş 800 manatdır. Pandemiya ilə əlaqədar AZAL-ın qiymətləri 50 faizdən çox qaldırdığı bildirilir.
AZAL-ın sərnişindaşıma xidmətlərinin çox baha olması faktına dəfələrlə toxunulub.
Teref.az-ın məlumatına görə, Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Abil Bayramov sfera.az-a açıqlamasında qeyd edib ki, AZAL-ın göstərdiyi xidmətlərin dəyərinin kəskin fərqlənməsinin əsas səbəbi ölkəmizdə aşağı büdcəli aviaşirkətlərin fəaliyyəti üçün lazımı şəraitin yaradılmamasıdır.
Onun fikrincə, əgər aşağı büdcəli aviaşirkətlərin sayı çox olarsa, rəqabət mühiti yaranar və nəticədə qiymətlər enər:
“Loukoster, yəni aşağı qiymətə xidmət göstərən şirkətlərə şərait yaradılarsa, ucuzlaşma aşkar görünər. Dünyada OnurAir, Pegasus, Pobeda, WizzAir kimi hava yollarının timsalında ucuz xidmətləri görmək olar. Hazırda dünyada olan bütün uçuşların 40 faizini, Cənub-Şərqi Asiyada 50 faizdən çoxunu, Şimali Amerika və Avropada 30 faizdən çoxunu loukost hava yolları şirkətləri yerinə yetirir.
Məlumdur ki, ölkəmizdə mütəmadi reysləri AZAL həyata keçirir və özünün monopolist mövqeyini maksimum dərəcədə qorumağa çalışır. Bütün şirkətlər üçün sərnişindaşımanı müntəzəm həyata keçirmək imkanı yaradılarsa, o halda rəqabət mühiti formalaşa bilər”.
A.Bayramov AZAL-ın xidmətlərinin baha olmasını şirkətin xərclərinin çox olması ilə izah edildiyini söylədi. Ekspert hesab edir ki, hava nəqliyyatında liberallıq təmin edilməli və dövlət-özəl əməkdaşlığı gücləndirilməlidir:
“AZAL-ın özünün əsaslandırması belədir ki, onun kifayət qədər böyük xərcləri var. Xərclər ona gətirib çıxarır ki, AZAL təyyarə biletlərinin qiymətini həddindən artıq yüksəldir.
Mənim fikrimcə, hava nəqliyyatında həm dövlət, həm də özəl sektorun iştirakı üçün bərabər imkanlar tanınmalıdır və Heydər Əliyev Beynəlxalq Aeroportu özəl idarəçiliyə verilməlidir. Əgər Heydər Əliyev Hava Limanının özəl idarəçiliyə verilməsi mümkün olmasa, o halda həm Hava Limanında, həm də bölgələrdəki hava limanlarında məhsuldarlıq və xidmət səviyyəsinin artırılması məqsədilə cari effektivlik və hədəf göstəricilərinə münasibətdə boşluqların təhlili və tələb oluna biləcək yardım səviyyəsinin müəyyənləşdirilməsi vacibdir.
Hökmən hava nəqliyyatı sahəsində dövlət-özəl əməkdaşlığının təşviq edilməli, AZAL-ın fəaliyyətində şəffaflıq və hesabatlılıq təmin olunmalıdır. Bu məqsədlə “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətində korporativ idarəetmənin tətbiqi gücləndirilməli və xidmət standartları üzrə siyasət işlənib hazırlanmalıdır”.