Ermənilər və daha kimlər 10 noyabr razılaşmasını legitim saymaq istəmir?
Ermənistanda üçtərəfli 10 noyabr bəyanatına yenidən baxılması çağırışları getdikcə artır. Bu mövqe həm Paşinyan əleyhdarları, həm də konkret olaraq Rusiyaya qarşı olan azsaylı media və siyasi qüvvələr tərəfindən səsləndirilir. Hazırda ağır siyasi böhran yaşayan, hərbi sistemi tam olmasa da əhəmiyyətli hissəsi çökən ölkədə belə bir inam haradan bəhrələnir? Burada iki istiqamətin olmasını ehtimal etmək olar; Qərbdən və ilk baxışdan nə qədər poradoksal görünsə də Rusiyadan. Paşinyan əleyhdarları elə Rusiyanın mövqeyində dayananlardır. Rusiyanın ən yaxın adamı Robert Koçaryan “tərəflərdən biri narazıdırsa müharibə qaçılmazdır” deyəndə, elə Rusiyanın da mövqeyini ifadə etmiş olur. Bu mövqe məhz Azərbaycanı səksəkədə saxlamağa, Qarabağda hansısa güzəştlərə məcbur etməyə hesablanıb. 10 noyabr bəyanatının müəllifi Rusiya olsa da, Azərbaycan Ordusunun sürətlə Şuşanı və keçmiş vilayətin Hadrut rayonunu azad etməsi Moskvanın bəlkə də gözləmədiyi situasiya idi və son anda atəşkəs bəyanatını imzalatdırmaqla sadəcə öz simasını qorumağa çalışdı və hiss olunur ki, Bəyanatdan deyil, müharibənin nəticələrindən narazıdır. Qarabağ erməniləri Rusiyanın bu“xilas” missiyasına sevinib perspektiv xəyallar, ümidlər qursalar da, Ermənistan cəmiyyətində Rusiyanın onları satması, Türkiyə ilə 100 il əvvəl olduğu kimi indi də razılığa gəlməsi barədə açıq və üstörtülü danışanlar, fikir formalaşdıranlar az deyil. Burada qərbyönümlü mövqedə olanlar, “məxməri inqilab”ın tərəfdarları özünü göstərir. Nüfuzlu erməni saytlarından birinin analitik yazısından sitat:
“Bəlkə də iştirakçılara qəribə görünəcək, amma Bakı, Moskva və Ankara İrəvandan asılıdır və onların bu konvulsiv bəyanatları və hədələri buna əsas verir. İrəvandan ittiham və tələblərin rəsmi səviyyədə səsləndirilməsi kifayətdir ki, Rusiya-Türkiyə sövdələşməsi əsasında hazırlanmış bütün bu plan havaya uçsun. "Ermənistandakı siyasi proseslərin iştirakçıları" buna görə özlərinə hesabat verməli və məsuliyyət daşıdıqlarını bilməlidirlər.”
Bu gün keçmiş muxtar vilayətin nəzarətimizdə olmayan hissəsində baş verənlər Azərbaycanı təbii ki, qane etmir. Ən azı ona görə ki, 10 noyabr bəyanatında razılaşdırılmış bəndlərin bir neçəsinə 4 ay keçməsinə baxmayaraq heç əməl olunmur. Azərbaycanın səbrlə, bəzi siyasilərin təbiri ilə desək, tələsmədən prosesləri izləməsi və hər üç tərəfdən asılı olmayan təbii proseslərin ( Qarabağ ermənilərinin miqrasiyaya meyilli olacağı, Pandemiyadan sonra köçün intensivləşəcəyi və sairə) baş verəcəyini gözləməsi, eyni zamanda Rusiya qarşısında xüsusi tələblə çıxış etməkdən ehtiyatlanması başadüşüləndir. Amma hiss olunur ki, nə İrəvan, nə Kreml, bəzi hallarda isə Qərb də bəyanatdan narazılıqlarını gizlətmirlər. İrəvan məğlub olub, bəyanata təslimçilik kimi baxır, Rusiya ona verilmiş missiyanın zaman məhdudiyyətindən, Türkiyənin monitorinq mərkəzində olsa belə iştirakından və bölgədə təsirindən, Qərb isə Rusiyanın Qarabağ problemini təkbaşına həll etmək siyasətindən və bununla da Cənubi Qafqazda möhkəmlənməsindən narazıdır. Ona görə də razılaşmaya erməni politolqunun münasibəti sanki mövqelərin birləşmiş ifadəsidir:
“Üçtərəfli razılaşma legitim olmayan, amorf və ziddiyyətli bir sənəddir, buna görə də yenidən baxılmasını tələb edir. Rusiyanın Artsaxda hərbi iştirakı da eyni dərəcədə amorfdur və hüquqi platforması yoxdur. Əslində, Rusiya qoşunların olması türklər üçün ermənilərin hər hansı bir təşəbbüsünün qarşısını alan təminatıdır, baxmayaraq ki, ermənilərə "xilaskar" tezisi yeridilir. “ADEKVAD” partiyasının həmtəsisçilərindən olan Artur Danelyan haqlı olaraq deyir ki, döyüş bir neçə gün də davam etsəydi Bakı üçün gözlənilməz nəticələrə səbəb ola bilərdi. Bu çox mətləbdən xəbər verir”.
10 noyabr razılaşmasının legitimliyini şübhə altına alıb, amorf olması fikrini bölüşməsək də, “ziddiyətli” tərəflərini dörd ay ərzində Azərbaycan cəmiyyəti də təsdiqləyə bilər. Laçın dəhlizi istiqamətində dövlət sərhədinə nəzarət edə bilməkdən məhrum olmamız və nəticədə Ermənistan hərbiçilərinin Qarabağa gətirilməsi, İrəvan rəsmilərinin sərbəst səfərləri, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən hələ də çıxarılmaması, sülhməramlıların nəzarət etdikləri ərazilərə azərbaycanlı qaçqınların köçürülməsi barədə heç bir əməli fəaliyyətin görsənməməsi, bu ərazilərdə yolların Azərbaycan üçün hələ də işlək və təhlükəsiz olmaması artıq səbr məsələsi deyil, təhlükədir. Bu təhlükəni də Rusiya Ermənistanla birlikdə həyata keçirir və qarşıda bu situasiyadan yaranan təhlükələrin olması istisna olunmur. Hələlik bu təhlükələrin yaranaması real görsənməsə də, düşmən və onlara istiqamət verən güclər vəziyyəti öz xeyirlərinə həll etmək üçün fikir formalaşdırmaq siyasətindən əl çəkmirlər:
“Kim Ermənistanda vəziyyəti 1994-cü ildəki sərhədlərə qaytarmağa və yenidən Artsaxla birləşməni irəli sürməyə hazırdır? Qeyri-real görünür? Mümkün olmayan bir şey yoxdur, sadəcə siyasi üfüqləri məhdudlaşdıran "yorğana görə ayaqları uzatmaq” psixologiyasından çıxmaq lazımdır". Moskva, Ankara və Bakı bütün bunları çox baha ödəyəcəklər.“
İstisna deyil ki, Moskva, Ankara və Bakını hədələyənlər Qərbdən təlimat almayıblar. Göründüyü kimi, 10 noyabr razılaşmasına Azərbaycanın mövqeyinə, maraqlarına uyğun olmayan dəyişikliklər edilməsi və güzəştlər etmək üçün bizə təzyiqlər olması mümkün variantdır. Əlbəttə, ən çətin 27 ilində belə güzəştə getməyən Azərbaycanı qalib dövlət kimi heç nəyə məcbur edə bilməzlər. Amma, zamanı dəyərləndirib problelərin dərinləşməsinə imkan verilməməli, suverenliyimizi bütün ərazilərimizdə bərpa edib, de-yure statusundan, de-faktoya keçmək üçün tələsməliyik.
İlham İsmayıl //moderator.az//