Faktdır ki, ölkə əhalisinin sosial əhəmiyyət kəsb edən məsələlərinin həlli, hər zaman dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri olub. Həqiqət naminə qeyd edək ki, indiyə kimi paytaxt Bakı şəhəri ilə bərabər digər şəhər və rayonlarda, ən ucqar dağ kəndlərində yaşayan sakinlərin də mavi qaza, elektrik enerjisinə, içməli suya olan ehtiyacları ödənilib. Hətta, digər çoxsaylı sosial problemləri də həllini tapıb. Bu yöndə lazımi addımlar atılsa da, hələ də Bakı şəhəri ərazisində yaşayan elə ailələr var ki, onların elektrik enerjisinə olan ehtiyacları “Azərişıq” ASC-i tərəfindən ödənilməyib. Belə ailələrdən biri də, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən kəndi, “Təkev” adı ilə tanınan ərazidə 25 ildən çox müddət ərzində yaşayan Həsənova Nazilə Şirməmməd qızıgilin ailə üzvləridir. Bu ailənin üzvü, ağbirçəyi olan Nazilə Həsənovanın redaksiyamıza çatdırdığı məlumatlarda bildirir ki, “Bu gün ailəmizdə 10 nəfər olsaq da, uzun illərdir ki, Bakı şəhəri, Binəqədi Rayon Elektrik Şəbəkəsi bizi işıq üzünə “həsrət qoyub”. Ailə üzvlərimizin çoxu məktəblidirlər və yaşadığımız evdə elektrik enerjisinin olmaması səbəbindən, onlar bu gün normal dərs oxuya bilmirlər. Bundan əlavə hər kəsə bəllidir ki, ötən ilin əvvəlki aylarından başlayaraq ölkəmizin ərazisində yayılan koronovirus (COVİD-19) infeksiyasının varlığı səbəbindən, respublikamızın bütün təhsil ocaqlarında dərslərin birbaşa tədrisi dayandırılıb və onlayn tədris sisteminə keçilib. Yaşadığımız evdə elektrik enerjisinin olmaması səbəbindən, məhz nəvələrim onlayn tədris sistemindən də yararlana bilmirlər.
Bundan əlavə, onu da bildirim ki, iki oğul övladım ötən illərdə SHXÇDX Nizami rayon idarəsindən hərbi xidmətə yola düşdülər və Vətən qarşısında borclarını şərəflə yerinə yetirib geri döndülər. Övladlarımdan biri hərbi xidmətdə kəşfiyyatçı, digəri isə tankist olub. 44 günlük Vətən müharibəsi başlayarkən kiçik oğlum Rauf Həsənov könüllü hərbi xidmətə getmək haqqında Nizami rayon idarəsinə müraciət etsə də, onu hansısa səbəbdən hərbi xidmətə aparmadılar və oğluma gözləməsini məsləhət görürlər.
Mən hazırda Bakı şəhəri, “Gənclik” metrostansiyasının yaxınlığındakı 5 saylı Şəhər Kliniki Xəstəxanasında işləyrəm. İndiyə kimi üz-üzə qaldığımız belə bir problemlə bağlı aidiyyatı dövlət qurumlarına bir neçə dəfə müraciətlər ünvanlasaq da, bir kimsə problemin həlli istiqamətində bizə yardımçı olmayıb. Ona görə də bu gün olmazın çətinliklərlə üz-üzə qalmışıq. Biz heç cür başa düşə bilmirik ki, kimə, hansı vəzifə sahibinə müraciət edək ki, problemimizin həllinə nail ola bilək. Qeyd edim ki, yaşadığımız fərdi yaşayış evinə havadan peyk vasitəsilə çəkilmiş və Xocasən bələdiyyəsinin sədri N.Məmmədovanın imzası ilə təsdiq olunmuş X-40.391778; Y-49.773826 sənəd də verlib. Bütün bunların qarşılığında heç cür yaşadığımız fərdi yaşayış evinə elektrik xətti çəkdirib, elektrik enerjisinə olan ehtiyacımızı ödəyə bilmirik. Heç cür başa düşə bilmirik ki, məgər biz də bu ölkənin vətəndaşı deyilikmi? Səbəb nədir ki, bizə qarşı belə bir “xor münasibət” bəslənilir?”
Onu da qeyd edək ki, Nazilə Həsənovanın redaksiyamıza ünvanladığı müraciəti əsasında ötən ilin dekabr ayında “Uzun illərdir ki, Binəqədidə on nəfərlik ailə elektrik enerjisinə həsrət qalıb- VİDEO/FAKT” başlıqlı tənqidi məqalə yayımladıq və problemin aradan qaldırılması məqsədilə “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədova rəsmi qaydada məktub da ünvanladıq. Təəssüf doğuran hal o oldu ki, adı çəkilən bu qurumun rəsmləri problemin həlli ilə maraqlanmaq, yaxud da ünvanladığımız məktubla bağlı müəyyən araşdırma aparıb redaksiyamıza rəsmi qaydada cavab əvəzinə, hələ də susmağa üstünlük verirlər. Daha biabırçı halın varlığı isə, “Azərişıq” ASC-nə məxsus şəhər nömrələrinə bir kimsənin cavab verməməsidir. Bu da o deməkdir ki, ölkə əhalisinin, o cümlədən Binəqədi rayonu, Xocasən kəndi, “Təkev” adı ilə tanınan ərazidə 25 ildən çox müddət ərzində yaşayan Nazilə Həsənovagilin ailə üzvlərinin elektrik enerjisinə olan tələbatını ödəməyə borclu olan bu qurumun rəhbərliyi, hələ də öz ampulasındadır.
Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra “Azərişıq” ASC-nin əməkdaşları hərəkətə keçib, uzun illərdən bəri elektrik enerjisinə həsrət qalmış on nəfərlik ailənin üz-üzə qaldığı problemin həlli istiqamətində lazımi addımlarını atacaqlar.
Mövzunu diqqətdə saxlayacağıq.
Nyus.Az