Axtarış...

Müəllimlərin maaşları niyə kəsilib - Düyün çözülmür

Müəllimlərin maaşları niyə kəsilib - Düyün çözülmür
“Müəllim ömrü şama bənzəyir, yanıb əridikcə şagirdlərinin həyatına, gələcəyinə işıq salır”. Bu bənzətməni pafoslu mübaliğələrlə səhv salmaq lazım deyil. Elə iki sözü yan-yana qoyub bu yazını yazarkən də, oxuyub düşünən, analiz edən oxucumuz üçün də müəllimlərimizə borcluyuq.

Onun qələm tutmağı öyrətdiyi insanlar zənginlik içərisində, yüksək həyat şərtləri daxilində yaşayarkən, özünün obrazı isə bir çox hallarda nimdaş bir libasda, məişət qayğıları içində fikirli-fikirli sinif otağına daxil olarkən canlanır. Müəllim olub savadlı, vətənə, millətə faydalı şəxsiyyətlər yetişdirmək arzusu bu gün az qala özünü, ömrünü fəda etmək kimi səslənir. Şərtlər nə olursa olsun: istər ucqar bir kənddə beş şagirdə dərs keçmək üçün piyada, palçıqlı, qarlı yollarla çovğunlu havada məktəbə getmək üçün kilometrlərlə yol qət etməlidir, istərsə də zəif internetlə şagirdlərini başına toplayıb onlayn dərs keçməyə çalışmalı, səhərdən axşama kimi monitor qarşısında gözlərinin nurunu tökməlidir - o, hər bir halda dərsini keçir, elmini öyrədir.

Həmin müəllimlərimizdir ki, ötən ayın məvacibini almaq üçün kartını bankomata salanda əmək haqqının bir qədər də az gəldiyini görüb. Bəzi müəllimlər isə ümimiyyətlə, maaşını yarıbayarı alıb. Bununla bağlı narazılığını səsləndirən müəllimlərin maaşından tutulma səbəbini aydınlaşdırmaq üçün Təhsil Nazirliyinə sorğu ilə müraciət etsək də, sorğumuz cavabsız qalıb.

Hüquqşünas Azər Quliyev işçinin əmək haqqından tutulma halları ilə bağlı AYNA-nın sualını cavablayarkən bildirib ki, əmək haqqından tutulma iki halda ola bilər: “Birinci halda məcburi şəkildə olur. Buraya aiddir gəlir vergisi, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı, işsizlik sığortası və bu ilin yanvar ayından icbari tibbi sığorta haqları, bir də məhkəmə qərarı əsasında icra vərəqi olan tutulmalar. Bu zaman işçilərin razılığı alınmır. İkinci halda tutulma isə işçilərin könüllü razılığı, yəni ərizəsi əsasında mümkündür. Məsələn, həmkarlar ittifaqları üçün, fondlar, xeyriyyə cəmiyyəti, hər hansı bir hüquqi və fiziki şəxs üçün və s. Burada işçinin razılığı olmadan pul tutula bilməz”.

Hüquqşünas deyin ki, icbari tibbi sığorta da məcburi və qanunda nəzərdə tutulmuş ödəniş olduğundan işçinin razılığı alınmır, sadəcə əvvəlcədən işçiləri məlumatlandırmaq da olardı: “Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən, hər ayın əmək haqqı verilməzdən əvvəl işçilərə haqq-hesab sənədləri verilməlidir, burada da həm işçinin əmək haqqı, həm də tutulmalar göstərilir. Bizdə isə bu sənəd bir çox sahələrdə verilmir, ancaq neft və qaz sənayesi sahəsində verirlər”.
Təhsil eksperti Elvin Bədirov da, müəllimlərin hazırkı məvacibi və bununla bağlı səsləndirilən bir sıra narazı fikirlərlə bağlı AYNA-nın suallarına münasibət bidirib. Ekspert hazırda müəllim maaşlarının az olduğunu qeyd edib: “Ümumiyyətlə, ölkədə müəllimlərimizin maaşının az olduğunu, onların həyatlarını, xərclərini təmin etmək üçün kifayət qədər olmadığını düşünürəm. Əlavə gəlir yeri formalaşdırmayan müəllim bu əmək haqqı ilə çox çətinlik çəkir. Son zamanlara qədər müəllimlərimiz müxtəlif vergi və rüsumlar nəzərə alınmaqla, 19% maaş tutulması ilə qarşılaşırdı. Tibbi sığorta da əlavə edildikdən sonra bu göstərici 21% -ə qaldırıldı. Bunun ümumi rifah halına təsirini minimallaşdırmağın ən yaxşı yolu maaşın artırılmasıdır. Çünki az əmək haqqı alanlara xüsusi güzəştlərin ayrılması kimi bir təcrübə yoxdur”.

Ölkəmizdə təhsilin keyfiyyətindən danışarkən müəllimə verilən məvacib əsas arqument kimi önə çıxarılır. Keyfiyyətin aşağı olması müəllim maaşının da az olması ilə əlaqələndirilir. Bədir bu məsələyə belə münasibət bidlirib: “Əlbəttə ki, əmək haqqının az olması təhsilin keyfiyyətinə müəyyən qədər təsir edir, ancaq təhsilin keyfiyyətinin və tədrisin göstəricilərinin az olmasını birbaşa maaşlarla əlaqələndirmək qüsurlu yanaşma sayılmalıdır. Nəzərə almaq lazımdır ki, ən azı məktəblərimizdə diaqnostik qiymətləndirmə göstəriciləri faciəvi sayıla biləcək xeyli "təcrübəli" müəllimimiz var”.

Minimum əməkhaqqı 250 manat olduğu halda, bundan daha az maaş alan müəllimlər var. Onlar saathesabı işlədiklərini deyirlər. Həmin müəllimlərin məvacibi hansısa formada 250 manata çatdırılmalıdırmı? Həmsöhbətimiz sualımızı belə cavablayıb: “250 manat minimum əmək haqqıdır, ancaq qanunvericilik müxtəlif formalarda daha aşağı məbləğdə ödəmə qarşılığında iş fəaliyyətinin təmin edilməsinə imkan tanıyır. Nəzərə alsaq ki, minimum əmək haqqından az maaş alan müəllimin məktəbdə dərs yükü də xeyli azdır, söhbət həftəlik 6-10 saat dərs sayından gedir. Bununla bağlı atılmalı xüsusi bir addım formasının olacağını düşünmürəm: ya dərs sayı artmalı ya da əmək haqqı qaldırılmalıdır”.

Müəllimlərlə bağlı həvəsləndirmə tədbirlərinin tətbiqinə toxunan ekspert bunun ümumilikdə çox yaxşı hal olduğunu deyib: “Gənc müəllimlərin fəaliyyət göstərməsi üçün çox yaxşı stimul hesab edilir. Bu il H1 və H2-lərə görə verilən ödəmədə də müəyyən qədər artım oldu, bu da özlüyündə yaxşı haldır. Bəli, rayonda yaşayan müəllimlər var ki, onlara da bu qayda tətbiq edilir, bu, ümumi qəbul edilmiş qərardır. Nəzərə alsaq ki, rayonlarımızda, ucqar kəndlərimizdə xeyli müəllim problemi var, bəlkə, bu amil həmin rayondan olan gənclərin də müəllim olaraq ən azı öz kəndinin təhsilinə töhfə verməsinə stimul olar”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz