“Müharibə başlayanda direktor Gültəkin Muradova müəllimlərdən adambaşına 20 manat topladı. Dedi ki, ön cəbhəyə, həm də şəhid ailələrinə yardım ediləcək. Müharibə qurtarıb, amma direktor pul yığmaqda hələ də davam edir. Məktəbdə 160 nəfər müəllim var. Hazırda pulu verməyənlərdən məcbur alır”.
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 113 saylı tam orta məktəbin bir qrup müəllimi direktordan şikayətçidir. İşini itirmək qorxusu ilə adını açıqlamaq istəməyən müəllimlərdən biri Meydan TV-yə bildirib ki, direktor Gültəkin Muradova onlardan hər ay 10 manat da əlavə pul alır:
“İkinci Qarabağ Müharibəsində bizdən məcbur pul yığdı. Ancaq sonra bizə heç bir qəbz göstərmədi, ümumiyyətlə, pulun hara xərclənməyi ilə bağlı məlumat vermədi. Hər ay müəllimlərdən 10 manat pul yığır. Guya bu pullar məktəbdə istifadə etdiyimiz A4 formatlı kağıza görə yığılır. Halbuki, pandemiya ilə əlaqədar məktəbdə tədris prosesi dayandırılıb. Hər ay yığılan pul min altı yüz manat pul edir. Müəllimlər etirazını bildirəndə ki, sizdən əvvəlki direktor pul yığmırdı, deyir: o, özü bilər, ağlı olaydı. Mən cibimdən pul verib, məktəbə nəsə almalı deyiləm. Kağızları da siz işlədirsiniz, pulunu özünüz verin. Özü də iclaslarda neçə dəfə deyib ki, mən heç kimdən qorxmuram, həyat yoldaşım jurnalistdir. Hara istəyirsiniz, şikayət edin”.
Adının açıqlanmasını istəməyən başqa bir müəllim isə deyir ki, direktor pedaqoji işçilərin dərs yükü bölgüsünü düzgün aparmır. Vəzifəsindən sui-istifadə edərək, iş rejimini, qaydalarını, əmək normalarını pozur:
“Müəllimlərdən pul alır, saat bölgüsünü ona uyğun aparır. İşə yeni başlayanda, elan etmişdi ki, hər bir müəllimə 25-26 saat dərs düşəcək. Ancaq sonradan bəzi müəllimlərə 30-31 saat dərs verdi. Bundan başqa, xoşu gəlməyən müəllimlərin dərs saatını uyğun salmır. Məsələn, dərsin birini səhər saat 8-də, digərini 10-da, üçüncüsünü isə günorta növbəsinə salır. Bunu bilərəkdən edir ki, müəllim səhərdən axşama kimi məktəbdə otursun. Amma pul aldığı müəllimin dərs saatlarını dalbadal salır. Həmin müəllim də dərsini ard-arda keçib, saat 1-də evinə gedir. Bu yaxınlarda müəllimlərə eşitdirib ki, yeni tədris ilində saatları yenə özüm böləcəyəm. Bu da o deməkdir ki, kim hörmət etsə, onun saatını yaxşı böləcəyəm. Pandemiya müddətində dəfələrlə müəllimləri müxtəlif bəhanələrlə məktəbə çağırtdırır. Sanki öz gücünü göstərməyə çalışır, bununla müəllimlərə təzyiq edir. Ağzını açanı, etiraz edəni, töhmət verməklə, işdən çıxarmaqla hədələyir. Müəllimlərə səsini yüksəldir, bazar adamı kimi danışır. Müəllimə müəllim kimi davranmır”.
Direktor Gültəkin Muradova Meydan TV-yə açıqlamasında anonim şikayətlərə cavab vermədiyini deyib:
“Məktəbə yeni təyin olunmuşam, bura dərs bölgüsündən sonra gəlmişəm. Kimin sözü var, məhkəməyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsin. Kim hara istəyir şikayət etsin, mən heç bir qanun pozuntusuna yol verməmişəm. Bundan sonra da qanun pozuntusuna yol vermək fikrim yoxdur”.
Təhsil Nazirliyinin mətbuat xidməti, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi zənglərimizə cavab verməyib.
Təhsil eksperti Kamran Əsədov deyir ki, məktəblərdə pul yığılmasının qarşısının alınması ilə bağlı Təhsil Nazirliyinin hər hansı bir mexanizmi yoxdur. Anonim daxil olan şikayətlərə isə ümumiyyətlə, baxılmır:
“Bu gün Bakıda pandemiyadan sonra tədris prosesi bərpa olunur. Bununla yanaşı, tədris prosesində xoşagəlməz hallar başlayıb. Məktəb direktorları müəllimlərdən dərs bölgüsünə, uşaqların dərslərdə iştirak etməsinə, həmçinin etməməsinə görə pul və ya müəyyən ödənişlər tələb edib. Bunun qarşısının alınmasının yeganə yolu Təhsil Nazirliyinin İnformasiya Şöbəsi və Daxili Nəzarət Şöbəsi daxil olan müraciətləri anonim şəkildə qəbul etməlidir. Təəssüf ki, müraciətlər anonim olduqda, qeydə alınmır. Bundan başqa, nazirliyə daxil olan müraciətlər kargüzarlıq qalır. Bu da təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Bunları aradan qaldırmaq üçün idarəetmədə şəffaflıq, obyektivlik və mobilliyi artırmaq vacibdir. Daxil olan istənilən müraciət operativ olaraq araşdırılmalıdır. Bu kimi faktlar təsdiqini taparsa, həmin şəxs cəzalandırılmalıdır. Çox təəssüflər olsun ki, bu dəqiqə təhsil sistemində ciddi şəkildə özbaşınlalıq var. Öz vəzifəsindən sui-istifadə edənlər buna görə cəzalandırlımır. Bu vəziyyət aradan qaldırılmalıdır ki, təhsilin keyfiyyəti yüksəlsin”.